“Seçkilərə müdaxilənin yolverilməzliyi”
Dünən "Həyatt Reccens" otelinin "Quba" zalında "Seçkilərə müdaxilənin yolverilməzliyi" mövzusunda Prezidenti Administrasiyası, MSK və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi. 2009-cu il bələdiyyə seçkilərinin təşkilinə dair rayon icra hakimiyyəti başçıları və dairə seçki komissiyası sədrləri üçün informasiya sessiyasını açan ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel Azərbaycanda son illər keçirilən seçkilərin, o cümlədən, 2008-ci il prezident seçkilərinin ədalətli və demokratik keçirildiyini bildirdi. Qeyd etdi ki, ATƏT və insan hüquqları institutlarının verdiyi protokollarda da ölkədə seçkilərin demokratik keçirildiyi vurğulanır: "Seçki zamanı MSK tərəfindən yerli müşahidəçilərə və mətbuata yüksək şərait yaradılmış, məntəqələrdə veb-kameralar qoyulmuşdur. Bütün bunlar onu sübut edir ki, Azərbaycanda seçkilər tam demokratik və şəffaf keçirilir."
Ölkədə keçirilən əvvəlki seçkilərlə son seçkilər arasında fərqli cəhətlərə də münasibət bildirən ATƏT-in Bakı ofisinin rəhbəri qeyd etdi ki, Azərbaycanda seçki praktikası getdikcə təkmilləşir. Bu isə, onu göstərir ki, ölkədə seçkilərin keçirilməsində yaranmış cüzi problemlər də artıq öz həllinin tapır.
"ATƏT 2009-ci ilin 23 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcək, yalnız ATƏT-in Bakı ofisi özü seçkiləri müşahidə edəcək" fikrini söyləyən ATƏT-in Bakı ofisinin rəhbəri bildirdi. Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi, öz növbəsində, keçirdiyi müşahidələrlə bağlı ATƏT-ə hesabat göndərəcək. Daha sonra səfir Azərbaycanda keçirilmiş seçkilərdə mübət hallarla yanaşı, mənfi halların da olduğunu qeyd etdi. O, mənfi hal kimi qanuvericiliyin bəzi müddəalarına əməl olunmadığını söylədi. Onun sözlərinə görə, əsasən, hərbi hissələrdə seçkinin keçirilməsinə xeyli müdaxilələr nəzərə çarpır. Daha sonra seçkidə iştirak etməkdən imtina edən siyasi partiyalara münasibət bildirən Əli Bilge Cankorel bunun onların öz şəxsi işi olduğunu diqqətə çatdırdı.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək, Azərbaycanın ictimai-siyasi həyatında seçki prosesinin böyük hadisə olduğunu bildirdi: "Azərbaycanda seçki prosesinin 1993-cü ildən başlayaraq bu günə qədər 16 il müddətlik təcrübəsində təkmilləşmişdir. Hər bir cəmiyyətin seçki hüdudlarının dünya praktikasına uyğun fəaliyyət göstərməsidir. Hər bir dövlətin vətəndaşı da öz hüquqlarını sərbəst və şəffaf şəkildə heç bir təzyiq olmadan tam reallaşdırmaq imkanına malikdir. Bu isə demokratik seçkinin və demokratik dövlətin əsas prinsiplərindəndir."
Ə.Həsənov seçki institutlarının üzərilərinə düşdüyü vəzifələri yerinə yetirdiklərini bildirərək, onu da vurğuladı ki, hər bir kəs seçkidə mənsub olduğu vəzifəni həyata keçirməlidir: "Ona görə də, biz Prezidentin İcra Aparatı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin seçki institutları qarşısına qoyduğu vəzifələri və Azərbaycan qanunvericiliyində təsbit olunmuş bütün hüquq və normaları təmin etməyə hazırıq. Buna bizim həm imkanlarımız, həm də, bütövlükdə, cəmiyyətimizin tələblərindən çıxış etməyə hazırıq. Çünki Azərbaycanı demokratiyasız təsəvvür etmirik. Eyni zamanda, demokratiyanı da seçkisiz təsəvvür etmək olmaz."
Ə.Həsənov sonda tədbirin təşkilatçısı ATƏT-in Bakı ofisinə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, ATƏT Avropada dövlətlərarası, hökumətlərarası təşkilat statusu ilə bütün ölkələrin həyatında gedən həm daxili, həm də təhlükəsizlik, sülh, əməkdaşlıq məsələləri ilə məşğul olan bir qurumdur: "Bu qurumun Azərbaycanda, eyni zamanda, potsovet məkanındakı ölkələrdə neçə illərdir seçki praktikasının təkmilləşdirilməsi, seçki institutlarının peşəkarlaşdırılması, rayonlarda, bölgələrdə, bütöv respublikada seçki prosesinin beynəlxalq hüquqa cavab verən prosesə çevrilməsi istiqamətindəki bütün addımlarını, əlbəttə ki, yüksək dəyərləndiririk. Çünki bu demokratiyanın insanlar arasında etibarlı bir ünsiyyətin qurulmasına imkan yaradır.
Görüşdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilərə müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyanın maarifləndirmə xarakter daşıdığın söylədi. M.Pənahov belə bir tədbirlərin keçirilməsi həm də seçkilərlə bağlı bu prosesdə iştirak edənlərin vəzifəsinin nədən ibarət olduğu da aydınlaşdığını söylədi: "Hesab edirəm ki, bu tədbir keçirdiyimiz əvvəlki tədbirdən daha samballısıdır. Çünki burada Azərbaycan Respublikası Prezidentinin Administrasiysını və ATƏT-in Bakı ofisi iştirak edir. Eyni zamanda, tədbirdə onu da qeyd edim ki, regionların yerli icra nümayəndələri və Dairə Seçki Komissiya sədrlərinin iştirakı da mühüm əhəmiyyət kəsb edir. Belə bir görüşün keçirilməsində əsas məqsəd seçki ilə bağlı fikir mübadiləsi aparmaq və beynəlxalq dəyərləri ortaya qoymaqdır."
M.Pənahov onu da vurğuladı ki, bu tədbirin, davamı noyabrın 17-də Şirvan şəhərində, noyabrın 18-i isə Gəncədə keçiriləcək: "Keçiriləcək tədbirlərdə həmin şəhər və rayonların rəhbərləri, Dairə Seçki Komissiyası sədrləri iştirak edəcəklər. Beləliklə də, bu əhəmiyyətli tədbirləri qarşıdakı bələdiyyə seçkilərinin demokratik və şəffaflığını təmin edən amil kimi qiymətləndirmək olar?!
MSK sədri 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə getdiyini də bildirdi. Onun sözlərinə görə, hazırda 30 min namizəd qeydə alınıb. M.Pənahov, həmçinin, Azərbaycanda hazırlanan seçici siyahılarının düzgünlük baxımından heç bir Avropa ölkəsi ilə müqayisə olunmadığını da dedi: "Amma buna baxmayaraq, hesabatlarda yenə də bu məsələ qaldırılır. Əslində, biz beynəlxalq təşkilatların iradlarını ağrılı qəbul etmirik".
M.Pənahovun sözlərinə görə, kənar müdaxilələrlə seçkilərin nəticələrini dəyişmək mümkün deyil: "Biz bu insanların baxışlarının demokratik dünyaya uyğunlaşmasına çalışmalıyıq".