“Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi”
Milli Məclisdə parlamentin təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı daimi nümayəndəliyinin iştirakı ilə "Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi" mövzusunda iki günlük beynəlxalq konfransda çıxış edən MM sədrinin müavini Bahar Muradova bildirdi ki, demokratik inkişaf yolunu seçən ölkələrdə prioritet məsələlərdən ən birincisi insan hüquq və azadlıqlarının, bu azadlıqlar içərisində də uşaq və qadın hüquqlarının təmin edilməsi, sağlam, bilikli gənclərin yetişməsi, onların sivil dünyaya inteqrasiyası təşkil edir.
Onun sözlərinə görə, Azərbaycan da belə inkişaf yolu tutduğu üçün ölkədə insan hüquq və azadlıqlarının, xüsusilə, uşaq və qadın hüquqlarının təminatı sahəsində bir sıra vacib, əhəmiyyətli addımlar atılmaqdadır: "Baxmayaraq ki, Azərbaycanın müstəqillik tarixi çox da böyük deyil, amma bununla belə ölkəmizin dövlətçilik ənənələri, təcrübəsi ötən əsrin əvvəllərinə gedib çıxır. Azərbaycan Şərqdə yaranan ilk demokratik respublikadır. Eyni zamanda, Azərbaycan uzun illər Sovetlər Birliyi tərkibində yaşamasına baxmayaraq, öz dövlətçilik ənənələrini qoruyub saxlaya bilib və bu gün müstəqil Azərbaycan dövləti məhz bu fundament üzərində yaşayır, fəaliyyət göstərir. Ölkəmiz, ikinci dəfə müstəqillik əldə edildikdən sonra, insan hüquq və azadlıqlarının tərkib hissəsi olan uşaq və qadın hüquqlarının təminatı sahəsində də bir sıra önəmli addımlar atıb və atmaqdadır. Ötən müddət ərzində Azərbaycan parlamenti BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını ratifikasiya edib və bu yerdə, qeyd edim ki, bu Konvensiyanın yaranmasının 20 illiyi ilə bağlı Milli Məclisin ayrıca geniş plenar iclasının keçirilməsi nəzərdə tutulur. Hazırda bu iclasa çox ciddi hazırlıq işləri gedir. Həmçinin, parlament tərəfindən "Yuvenal ədliyyə haqqında" qanun layihəsi üzərində işlər davam etdirilir. Onu da xatırlatmaq istəyirəm ki, bu sənədin ilkin variantı, bir müddət öncə, parlamentin, sonra isə ictimaiyyətin müzakirəsinə təqdim olunub".
Vitse-spiker çıxışı zamanı, həmçinin, qeyd etdi ki, müəyyən səbəblərdən cinayət əməlinə yol vermiş, məhkumluğa düçar olmuş azyaşlı uşaqlar və yeniyetmələr üçün istintaq və məhkəmə prosesində fərqli yanaşma sərgilənməlidir.
Tədbirdə çıxış edən YUNİSEF-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mark Herevard, ilk öncə bildirdi ki, müzakirəyə çıxarılan mövzunun BMT-nin uşaq hüquqları ilə bağlı Konvensiyasının yaranmasının 20 illiyi ilə üst-üstə düşməsi təqdirəlayiq haldır. M.Herevard onu da vurğuladı ki, dünyada uşaq və qadın hüquqlarının təmin olunması, bu yöndə hüquqi bazanın yaradılması və praktik addımların atılması çox vacib və zəruridir. Onun qeyd etdiyinə görə, bu və ya digər səbəblər üzündən cinayət əməlinə yol vermiş azyaşlı uşaqlar, yeniyetmələr üçün azadlıqdan məhrumetmə axırıncı addım olmalı, eyni zamanda, burada ağırlaşdırıcı hallara yol verilməməlidir: "Bu, sonradan həmin azyaşlıların, yeniyetmələrin öz təhsillərini davam etdirməsinə, cəmiyyətə inteqrasiya olunmasına çətinlik yaradır. Onu da nəzərə almaq lazımdır ki, bir sıra hallarda həmin uşaqlara vurulan cinayətkar damğasının onlar azadlığa çıxdıqdan sonra üzərlərində qalması ehtimalı böyükdür. Bu baxımdan, onların məktəblərə, valideynlərinə çıxışının təmin olunmasında, onların şəxsiyyətinin qorunmasında bir sıra vacib addımlar atılmalıdır. Eyni zamanda, bildirmək istəyirəm ki, bəzən cinayət əməlinə yol vermiş azyaşlı uşaqları, yeniyetmələri məhkəmə salonuna gətirmək də çətin olur. Yəni, bu, onlarda əlavə bir stressin yaranmasına da gətirib çıxarır. Xüsusilə də, zərərçəkmiş və şahidlərlə üzləşdirildikləri məqamlarda. Ona görə, hesab edirəm ki, məhkəmə salonuna təqsirləndirilən azyaşlı uşaqlar və yaxud yeniyetmələr gətirilərkən, polis, sosial işçi və psixiatrlar da onların yanında olmalıdır".
M.Herevardın bildirdiyinə görə, cinayət törətmiş azyaşlı uşaqların və yeniyetmələrin reabilitasiyası və reinteqrasiyası üçün xüsusi mərkəzlər təşkil olunmalıdır. Bununla yanaşı, azyaşlı və yeniyetmələrlə bağlı məhkəmələr ixtisaslaşdırılmış məhkəmələr, istintaq və məhkəmə prosesini aparan şəxslər isə xüsusi təlim görmüş, peşəkar hüquqşünaslar olmalıdır.
Ədliyyə nazirinin müavini Toğrul Musayev isə dedi ki, son illər Azərbaycanda azyaşlı uşaqlar və yeniyetmələr arasında cinayət əməlləri, azadlıqdan məhrumetmə halları xeyli azalıb: "2009-cu ilin 6 ayı ərzində cəmi 22 azyaşlı və yeniyetmə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Eyni zamanda, hazırda 49 nəfər azyaşlı uşaq və yeniyetmə qarışıq cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Ümumiyyətlə, Azərbaycanda ümumi məhkum olunmuşların cəmi 2 faizini azyaşlı uşaqlar və yeniyetmələr təşkil edir. Ancaq hesab edirəm ki, bu rəqəm özü də balaca deyil. Bir nəfər azyaşlı və yeniyetmənin də azadlıqdan məhrum edilməsi bizim cəmiyyət üçün itki sayılmalıdır. Ona görə azyaşlı uşaqların və yeniyetmələrin cinayət əməllərinə yol verməməsi, azadlıqdan məhrumetməyə məhkum olunmaması üçün ciddi addımlar atılmalıdır və bu yerdə, qeyd etmək istərdim ki, bu istiqamətdə də lazım olan tədbirlər görülməkdədir".