PDF Oxu

Əsas

  • 12

Pensiya islahatı əhalinin sosial müdafiəsini gücləndirəcək

Pensiya islahatı əhalinin sosial müdafiəsini gücləndirəcək

Xəbər verdiyimiz kimi, Milli Məclis pensiya qanunvericiliyinə dəyişiklik edib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun sözlərinə görə, bu dəyişikliklər ölkədə həyata keçirilən sığorta-pensiya islahatlarının növbəti mərhələsidir və bu mərhələdə atılan addımlar "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda da əksini tapıb.

DSMF gələn il 10 milyon manatdan artıq əlavə vəsait xərcləyəcək

2010-cu ilin yanvarından sonra təyin ediləcək pensiyaların məbləği 90 manatdan aşağı olmayacaq. Bunun üçün DSMF-nin növbəti ildə ən azı 10 milyon manatdan artıq əlavə vəsait xərcləməsi lazımdır. Əgər 6 ay yaş həddi olmasaydı, bu məbləğ 20 milyon manat tələb edərdi. Düzdür, artıq əvvəlki kimi pensiyaçıların 4 faizi min manat məbləğində pensiya almayacaq, amma 75 manat alan da olmayacaq. Yəni, pensiyaların orta aylıq məbləği kifayət qədər yuxarı qalxmağa başlayacaq və aradakı böyük şaxələnmə də ortadan qalxacaq. Pensiya təyinatı üçün 12 il tələb olunur ki, bu illərin də 4 ili artıq yeni sistemin payına düşür.
Səlim Müslümovun sözlərinə görə, keçmiş dövrdə normal sığorta prinsipləri olmayıb: "Fərdi uçot yoxdursa, hansısa sığorta prinsiplərindən danışmaq da doğru deyil. Bizim fikrimizə görə, ən ədalətli sistem kimi müəyyən pensiya kapitalının müəyyənləşdirilib ortaya qoyulmasıdır. Bunun üçün də biz ən böyük əmək haqqının formalaşdığı 2004-2005-ci illərin orta aylıq əmək haqqını götürdük. Bu, 111,5 manat edir. Bu məbləğdən hər ay 12,5 faiz fərdi uçota gedir. Bunu da 12 aya vurduqda təxminən 168 manata çatır. Biz də bunu 170 manatla götürdük. Qanuna dəyişikliyin ən böyük hissəsi də məhz budur".

Orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqına nisbəti 40 faizə çatdırılacaq

Fond rəhbəri bildirib ki, yaşın artırılması, qadınlarla bağlı güzəştlərin azalması da sistemin gələcək inkişafından doğan məsələlərdir: "Əgər bu gün normal sığorta-pensiya sistemi qururuqsa, bu sistemə vəsait ödəyən hər bir şəxsin ödədiyi vəsaitin müddəti ilə onun sistemdən pensiya ala biləcəyi müddət bir-birinə uyğunlaşdırılmalıdır. Əks halda bu, sığorta sistemi olmaz. Ona görə də tələb olunan sığorta stayının 5 ildən 12 ilə qaldırılması tam təbii haldır".
Qeyd edək ki, sığorta-pensiya sisteminin inkişafı üçün bir sıra parametrlər var. Bu parametrlərdən biri orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə olan nisbəti ilə bağlıdır. Xatırladaq ki, bu gün Azərbaycanda 1 nəfər pensiyaçıya 1 nəfər muzdla işləyən sosial sığorta ödəyicisi düşür. Hazırda ölkədə 1 milyon 391 min nəfər muzdla işləyən sosial sığorta olunan var.

Pensiya məsələləri yenidən araşdırılır

"Əmək pensiyası haqqında" qanunun 29-cu maddəsinə də toxunan S.Müslümovun sözlərinə görə, baza hissəsinin artırılmasında istehlak qiymətləri indeksinə istinad olunması nəzərdə tutulur: "Çox müzakirə olundu ki, devalvasiya olarsa, bu, necə artırılacaq. Məlumdur ki, mövcud imkanlardan istifadə olunaraq hökumət artırmaya gedir. Ona görə də bu artırma baş verən zaman daimi olaraq çalışılacaq ki, istehlak qiymətlərinin üzərində olan artım təmin edilsin".
Qurum rəhbəri DSMF-də keçirilən kollegiyanın qərarı ilə bütün pensiya işlərinin inventarizasiyasına başlanıldığını da vurğulayıb: "Bu da yeni sistemə keçidlə bağlıdır. Bu gün böyük məbləğdə pensiya alan təxminən 13 min nəfərin hamısının əmək haqqı arayışlarını yenidən yoxlatdırıram. Daxili audit artıq 2 aydan çoxdur ki, bunların yoxlanılmasına yönəlib".
DSMF sədri arayışları təqdim edən müəssisələrin tapılmasının çox çətin olduğunu da bildirib: "Hətta hər bir əmək haqqı arayışı ilə bağlı tapşırmışam ki, pensiya alan şəxsin həmin müəssisədə ödəniş hesablama cədvəlinə qol çəkməsi yoxlanılsın və onun surəti çıxarılsın. Əgər bu yoxdursa, həmin pensiya işi ləğv ediləcək və tutulmaları da geri ödətdirəcəyik".
S.Müslümov müəssisələrdə arxivlərin tam qorunduğuna əminliyini də söyləyib: "Hesab edirəm ki, bütün arxivlər yerindədir, heç bir normal idarə arxivini ləğv etdirmir. Yalnız saxtakarlığa gedən müəssisə arxivini ləğv edə bilər".

2006-cı ilə qədər 12 il iş stajı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək

Yeni qaydaya əsasən, sığortaolunanların (pensiya təyin edilməmiş şəxslərin) 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi iş stayının hər ili üçün 170 manat pensiya kapitalının hesablanması nəzərdə tutulur. Göstərilən yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verəcək.
Bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir Avropa standartlarına uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaq. Bundan əlavə, tətbiq olunacaq qaydanın digər üstünlükləri də var. Belə ki, 01.01.2006-cı ilədək olan dövrdəki (2004-2005-ci illər) ən yüksək orta aylıq əməkhaqqı götürülüb və bütün fəaliyyət dövrünə şamil edilib.
Nəzərə almaq lazımdır ki, bu qayda 2010-cu ilin 1 yanvarından sonra pensiyaya çıxanlara şamil ediləcək. Bu da yeni təyin olunan pensiya məbləğlərinin artımı deməkdir. Təklif olunan qaydanın tətbiqi nəticəsində minimum məbləğlə pensiya təyinatı aradan qaldırılacaq.
Yeni qaydaya görə, pensiyaya çıxan hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər əmək stayının hər ilinə 170 manat pensiya kapitalı veriləcək. Alınan məbləğin üzərinə son 4 ilin inflyasiya faizləri gəlinərək 144-ə bölünəcək. Bundan sonra şəxsin son 4 ildə fərdi hesabına yığılan sığorta kapitalı da 144-ə bölünərək, alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq.
Pensiyanın sığorta hissəsinin üzərinə baza pensiyası əlavə olunacaq və cəmi pensiya məbləği müəyyənləşəcək. Burada 170 manat "Əmək pensiyaları haqqında" qanunun qəbul edildiyi 01.01.2006-cı ilə qədərki ən yüksək orta aylıq əməkhaqqına görə fərdi hesaba toplanmalı olan illik sosial sığorta məbləği, yəni pensiya kapitalıdır. 144 isə gözlənilən pensiya ödənişi müddəti, yəni 12 ilin aylar üzrə göstəricisidir. Bu hesabla 2006-cı ilə qədər 12 il iş stayı olan şəxs azı 90 manatdan yuxarı pensiya ala biləcək.
Məsələn, 2010-cu ildə pensiyaya çıxacaq 40 il stayı olan şəxsin pensiyasını hesablayaq. Bunun 36 ili 2006-cı ilə qədər olan köhnə, 4 ili yeni sistemə düşür. Bu zaman 36 il 170-ə vurulur, üzərinə 2006, 2007, 2008-ci illərin inflyasiya faizləri, yəni 8,3 faiz, 16,7 faiz, 20,8 faiz gəlinir. Alınan 9434 manat 144-ə bölünərək 65 manat təşkil edir. Şəxsin son 4 ildə 300 manat maaşına tətbiq olunan sosial sığorta haqları əsas götürməklə fərdi hesabında yığılan sığorta kapitalına görə sığorta hissəsini də hesablasaq, bu, 20 manat edir.
Beləliklə, cəmi sığorta hissəsi 65+20=85 manat edir. Bu məbləğin üzərinə pensiyanın baza hissəsi, yəni 75 manat gəlinir. Cəmi 160 manat edir". Halbuki statistik göstəricilərin təhlili göstərir ki, yüksək əmək staylarının olmasına baxmayaraq, son illər təyin olunmuş pensiyaların 60,8 faizi minimum məbləğdə, yəni 75 manat təyin edilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq, əminliklə deyə bilərik ki, pensiya islahatı əhalinin aztəminatlı hissəsinin gəlirlərinin daha da çoxalmasına gətirib çıxaracaq.

Digər xəbərlər