PDF Oxu

Əsas

  • 11

Yaxın vaxtlarda Türk Dövlətləri Konfederasiyası yaranacaq

Yaxın vaxtlarda Türk Dövlətləri Konfederasiyası yaranacaq

"Ermənistan-Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində son günlər yenidən müşahidə olunan fəallaşma, ilk növbədə, qardaş və dost Türkiyənin bölgədə aktivləşməsi ilə bağlıdır. Türkiyə, əslində, belə demək mümkünsə, yaxşı mənada sərhədləri, stereotipləri aşaraq, çox qısa zaman kəsiyində böyük sürətlə kürəsəlləşən, qloballaşan bir ölkəyə çevrilmək niyyətini, əzmini ortaya qoyub və bu işdə uğur qazanacağında israrlıdır. Eyni zamanda, Türkiyə qısa bir vaxtda qonşuları ilə uzun illərdən bəri yığılıb qalan problemlərin həlli istiqamətində böyük cəsarət nümayiş etdirir". Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Gültəkin Hacıbəyli məsələ ilə bağlı fikirlərini bildirdi. Millət vəkilinin sözlərinə görə, Suriya ilə Türkiyə arasında son vaxtlar yaşanan qarşılıqlı əlaqələr, isti münasibətlər yuxarıda dediklərinə əyani sübut sayıla bilər:
- Bu gün özü də nəinki Suriya-Türkiyə münasibətlərində ciddi bir fəallaşma, istiləşmə müşahidə olunur, eyni zamanda, bu ölkələr arasında viza rejiminin tətbiqi belə aradan qaldırılır. Bununla yanaşı, Türkiyənin Rusiya ilə münasibətlərinin istiləşməsi və müəyyən iqtisadi məsələlərdə ortaq məxrəcdən çıxış etmək cəhdləri, qardaş ölkənin enerji məsələsində Rusiya ilə vahid platformaya söykənərək, Avropanın enerji təhlükəsizliyinin, enerji priobleminin həllinə  qatqısını reallaşdırmaq istəkləri, sözsüz ki, çox yüksək qiymətləndiriləsi addımlardır. Düşünürəm ki, Türkiyə-Rusiya yaxınlaşması, əslində, bölgəmizdə baş verən proseslərə də öz müsbət təsirini göstərməlidir. Digər tərəfdən, Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın elə bu günlərdə qonşu İrana rəsmi səfəri və bu ölkə ilə olan münasibətlərdə görünən və görünməyən problemlərin həlli istiqamətində çox açıq, aydın bir addım atması, təşəbbüsdə bulunması çox təqdirəlayiq haldır. Ən azından İran 35 milyon türkün, türk nüfuzunun yaşadığı və bir sıra rəsmi məlumatlara görə, hətta əhalisinin yarıdan çoxunun türklər olduğu bir ölkədir. Bu baxımdan, Türkiyənin İranla münasibətlərinin yaxşılaşması, normallaşması, nəticə etibarilə, bu, türk nüfuzunun da haqlarının qorunmasına, onların da İran vətəndaşları - milli azlığın fərqli identifikasiyasına malik bir toplum olaraq, hüquqlarının tanınmasına, heç şübhəsiz ki, müəyyən dərəcədə müsbət təsir göstərəcək. Şəxsən mən özüm buna ümid edirəm. Türkiyənin kürəsəlləşməsinin, Türkiyədə həyata keçirilən məlum son "açılım" proyektlərinin ən böyük nəticəsi bu qardaş ölkənin özünün bölgədə mövqelərinin güclənməsinə, məhkəmlənməsinə gətirib çıxaracaq. Türkiyənin mövqelərinin güclənməsi isə, ilk növbədə, bizim üçün əhəmiyyətli, önəmlidir. Çünki Türkiyənin mövqelərinin möhkəmlənməsi, birincisi, türk faktorunun bölgədə önə çıxması deməkdir, sözsüz, Türkiyə nə qədər güclü olursa, Azərbaycan da, bir o qədər güclü olur, yəni qardaş dövlətin mövqelərinin güclənməsi bu anlamı verir. İkincisi, Türkiyənin bölgədə nüfuzunun artmasının başqa bir önəmi də var ki, regionda ölkənin nüfuzu artdıqca, mövqeləri gücləndikcə, hazırda bu regiona təsir, nüfuz edən digər qüvvələrin bölgəyə təsirini, xüsusilə, Rusiyanın təsirini balanslaşdıracaq. Əslində, bunlar bölgəyə sülhün, barışın, istiqrarın, işbirliyinin gəlməsi, bu proseslərin bərqərar olması ilə şərtlənəcək. Başqa bir məsələ də var ki, Türkiyənin bölgədə güclənməsi, nüfuzlanması, heç şübhəsiz, demokratik, inkişaf etmiş, sivil bir toplumun, bazar münasibətlərinə əsaslanan bir ekonominin regionda bərqərar olması, oturuşması deməkdir. Bu baxımdan, heç şübhəsiz, bunlar təqdirəlayiq hallardır. Məlum prizmadan yanaşanda son vaxtlar müşahidə olunan Türkiyə-Ermənistan yaxınlaşması da nəticə etibarilə məhz yuxarıda qeyd olunan məqamlara, amillərə, hallara xidmət etməlidir. Onu da qeyd edim ki, Türkiyə-Ermənistan yaxınlaşmasının, elə ilk nəticəsi bildiyiniz kimi, Qarabağ konflikti ətrafında müzakirələrin, diskussiyaların fəallaşmasında özünü büruzə verdi və verməkdədir. Çox ümid etmək istərdim və inanıram ki, Türkiyənin prosesdə aktivləşməsi nəticə etibarilə Qarabağ probleminin də həllində öz müsbət rolunu oynayacaq. Həmçinin, inanıram və bu inamımda qəti əminəm ki, qardaş Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Qarabağ məsələsində, uzun illərdən bəri həllini tapmayan bu ağrılı konfliktin ölkəmizin xeyrinə ədalətli çözümü prosesində Azərbaycanın yanında olacaq, Azərbaycanı bu savaşda tək qoymayacaq, tək buraxmayacaq. Buna heç kimin şübhəsi olmasın.

- Gültəkin xanım, yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, o cümlədən, sonlarında Azərbaycanın qardaş Türkiyə ilə bir konfederasiya daxilində birləşməsi yönündə ideyalar gündəmə gətirilmişdi. İndi, görəsən, son dövrlər baş verən, yaşanan proseslərin fonunda necə, bu ideya yenidən gündəmə gətirilə bilərmi və gətirilərsə, necə qarşılanar? Ümumiyyətlə, bu ideyanın nə vaxtsa gerçəkləşməsi, reallaşması mümkündürmü, gözləniləndirmi?

- Bilirsiniz, Türkiyə-Azərbaycan Konfederasiyası ideyası, birmənalı olaraq, dəstəklənir və bu məsələnin indiki məqamda gündəmə gətirilməsi vacibdir. Çünki Türkiyə-Azərbaycan Konfederasiyası çox gözəl bir ideyadır. Bəlkə də bu gün bu məsələ hələ yetişməyib. Yəni, cəmiyyət buna hazır olmalıdır. Ancaq mən əminəm ki, yaxın gələcəkdə, nəinki Türkiyə-Azərbaycan, eyni zamanda, digər türkdilli dövlətlərin - Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın da iştirakı ilə Türk Dövlətləri Konfederasiyası yaranacaq və dövlətlər burada bir-birilə işgüzar formatda sıx əməkdaşlıq edəcəklər. İlkin mərhələ olaraq, türk dövlətlərinin ən azı Müstəqil Dövlətlər Birliyi kimi bir yaxınlaşma modelindən istifadə etmək olar. Daha sonra isə əməkdaşlığı dərinləşdirmək, onu daha da ciddi dayaqlar üzərinə transfer etmək olar. Həyat və gerçəklik, zaman və şərait bunu bizdən tələb edir, o cümlədən, yaxın gələcəkdə belə bir ideyanın reallaşması üçün çox ciddi əsaslar var. Konkret olaraq, Türkiyə-Azərbaycan Konfederasiyasının Dağlıq Qarabağ probleminin həllində xüsusi bir rolunun olub-olmayacağına gəlincə, ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyənin tarixi rolu müstəsna olub. Bu gün də Türkiyə Azərbaycanın müstəqilliyinin ən böyük qarantlarından, təminatçılarından biridir. Bu baxımdan, yuxarıda qeyd etdiklərimin davamı olaraq, bir daha bildirmək istəyirəm ki, heç şübhəsiz, Türkiyə ilə münasibətlərin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə ancaq öz müsbət təsirini verə bilər və verəcək.

Digər xəbərlər