Dünən Milli Məclisin beş daimi komitəsinin 2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr olunmuş iclası keçirildi. Birləşdirilmiş iclasında bir çox məsələlər müzakirə edildi. Əslən Naxçıvandan olan millət vəkili, parlamentin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Naxçıvana reys edən təyyarələrdə biletlərin qiymətlərinin artırılmasından narahatdır. Narazılığını dilə gətirən millət vəkili biletlərin qiymətlərinin ödənilməsi üçün nəzərdə tutulmuş güzəştlərin Nazirlər Kabineti tərəfindən dəyişdirilməsinin heç cür məqsədəuyğun olmadığını bildirdi: "Gələn ilin büdcəsində Naxçıvana ayrılması nəzərdə tutulan dotasiyanın təminən 13,9 milyon manat azaldılması planlaşdırılır. Ancaq bunun müqabilində Naxçıvana uçan təyyarələrin biletlərinin qiymətləri xeyli artırılır. Heç əvvəllər Naxçıvana getmək üçün 40 manat tapa bilməyən, ya da bu pulu güc-bəla ilə düzəldən insanlar indi yolpulu üçün 75 manat ödəməli olacaqlar. Bilirsiniz, Bakı kimi, Gəncə kimi şəhərlərə və digər bölgələrə avtobusla, qatarla gedib-gəlmək mümkün olduğu kimi, Naxçıvana da bu nəqliyyat vasitələri ilə gedib-gəlmək mümkün olsaydı, o zaman muxtar respublikaya təyyarə reyslərinə ehtiyac qalmazdı. Ancaq özünüz də bilirsiniz ki, bu gün Naxçıvana yeganə nəqliyyat vasitəsi kimi təyyarədən istifadə olunur. Heç onu demirəm ki, hər dəfə Naxçıvana Ermənistanın üstündən uçub gedəndə, o dünyanı görüb-gəlirsən. Bu baxımdan, hesab edirəm ki, aidiyyəti orqanlar bir daha bu məsələyə qayıtmalı, bu yöndə ədalətli qərar çıxarmalıdırlar".
"Büdcəyə nəzarətlə bağlı qanun qəbul edilsin"
Bitərəf millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov büdcə xərclərinə nəzarətin artırılmasının və gücləndirilməsinin tərəfdarı olduğunu bildirdi. Millət vəkili belə hesab edir ki, büdcəyə, xüsusilə, büdcə xərclərinə nəzarətlə bağlı parlament tərəfindən müvafiq qanunvericilik aktı hazırlanaraq qəbul olunmalıdır: "Mən dəfələrlə bu yöndə təkliflər irəli sürmüşəm, ancaq təkliflərimə baxmayaraq, çox təəssüflər olsun ki, bugünədək bu yöndə hər hansı bir müvafiq qanun qəbul edilməyib. Sadəcə, hər dəfə deyilir ki, guya bu məsələ beynəlxalq maliyyə qurumları ilə razılaşdırılır və bu baxımdan, lazım gələndə, o sənəd Milli Məclisə müzakirə üçün təqdim olunacaq. Ancaq bir daha nəzərə çatdırmaq istəyirəm ki, dünyada yaşanan indiki iqtisadi və maliyyə böhranı şəraitində büdcənin xərc hissəsinə nəzarətin çox böyük əhəmiyyəti var. Mən adi bir misal gətirmək istəyirəm: məsələn, 2009-cu ilin dövlət büdcəsində ünvanlı sosial yardıma büdcə xərcinin hardasa 2,5 faizinin, yəni 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. İndi gəlin görək bu gün həmin 200 milyon manat vəsait - ünvanlı sosial yardım öz ünvanına çatdırılıb, yoxsa yox? Bu yöndə yüzlərlə şikayət məktubları almışam. İnsanlar bildirirlər ki, onlar ötən müddət ərzində, faktiki olaraq, həmin şəxslərə çatmalı olan ünvanlı sosial yardımı ala bilməyiblər. Alanlar da aldıqlarının müəyyən hissəsini aidiyyəti idarələrdə mütləq saxlamalıdırlar ki, onlara ünvanlı sosial yardım verilsin. Bunu isə hamı, aidiyyəti orqanlar, müvafiq nazirliklər, nazirlər yaxşı bilirlər. Hesab edirəm ki, Maliyyə Nazirliyinin də, Hesablama Palatasının da bu barədə məlumatı olmamış deyil. Əgər indi biz bunun adını ünvanlı sosial yardım qoymuşuqsa, o zaman buna uyğun olaraq həmin sosial yardımı da ünvanlarına çatdırmalıyıq. Eyni zamanda, bunu vaxtlı-vaxtlı yoxlamaq lazımdır ki, niyə rayonlarda bu cür hadisələr baş verir? İnsanlar ünvanlı sosial yardımı birbaşa almaq üçün niyə onun 3 ayını, yaxud 6 ayını mütləq saxlamalıdırlar? Ona görə də, büdcəyə nəzarət mexanizmi çox ciddi arqumentlərlə əsaslandırılmalı, bu yöndə müvafiq qanun qəbul edilməlidir. Bir daha qeyd edirəm ki, bu gün heç kim deyə bilməz ki, dünyada gedən maliyyə və iqtisadi böhran 2010-cu ildə başa çatacaq. Gedən proseslər, onu göstərir ki, bu böhran hələ uzun müddət davam edə bilər və davam edəcək. Bu böhranın Azərbaycana da təsiri olacaq. Düzdür, gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiymətinin 45 dollar müəyyənləşdirlməsini alqışlayıram, ancaq bir məsələ var ki, maliyyə-iqtisadi böhran hələ uzun zaman davam edəcək və buna hazır olmaq lazımdır. Bu baxımdan, yenə təklifimin üzərinə qayıdaraq bildirmək istəyirəm ki, büdcə xərclərinə ciddi nəzarət üçün müvafiq qanun lahiyəsi hazırlanıb qəbul edilməlidir".
Millət vəkilinin ünvanlı sosial yardımla bağlı fikirlərinə münasibətini bildirən parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə qeyd etdi ki, müəyyən problemlərə və çatışmazlıqlara baxmayaraq, ötən dövr ərzində əhaliyə bu yardımların çatdırılması mümkün olub. "Bu məsələ çox çətin və ağır bir məsələdir, onu mütləq nəzərə almaq lazımdır. Hesab edirəm və inanıram ki, bundan sonra bu yöndə hər hansı ciddi problem yaşanmayacaq", - deyə komitə sədri sözlərinə əlavə edib.