PDF Oxu

Əsas

  • 11

“Erməni əsirliyindən dönənlər”

“Erməni əsirliyindən dönənlər”
Şahruz Əliyev qeyd edir ki, daşnaklar əsirləri güllələməyiblər, vəhşicəsinə böyük qəddarlıqla başlarını kəsiblər.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Vahid Məhərrəmovun "Hərbi Nəşriyyat" tərəfindən çap edilmiş "Erməni əsirliyindən dönənlər" kitabı yaşadığımız tarixi dövr ərzində əsir düşən insanların keçirdiyi psixoloji vəziyyətdən, eləcə də, erməni vəhşilərinin törətdikləri ağrı-acıdan bəhs edir. Oxuculara təqdim olunan kitabda Qarabağ müharibəsi illərində müxtəlif zaman kəsiyində ayrı-ayrı bölgələrdə törədilmiş qanlı döyüşlər zamanı erməni işğalçıları tərəfindən əsir götürülmüş mülki və hərbi Azərbaycan vətəndaşlarının xatirələri və başlarına gətirilən qəziyyəli faktlar əsasında əks etdirilmişdir. "Əzabkeş insan yaşantılarının toplusu" başlıqlı ön sözdə əsrlər boyu sürən erməni terrorçuluq siyasətinin mahiyyətinə diqqət yetirilərək, müəllifin erməni xarakterini kifayət qədər açmağa müvəffəq olduğu göstərilir. Bir daha aydın olur ki, ötən yüzillikdə, eləcə də, yaxın keçmişimizdə baş verən hadisələr zamanı erməni cəza metodları təkrar olaraq tətbiq edilməkdədir. Bunun xarakteri, məzmunu dəyişməz olaraq bir xətt üzrə dinamik inkişafdadır. 1915-1923-cü illərdə Osmanlı ərazisində "erməni soyqırımı" törədilməsi məsələsini ortaya atan ermənilər yalan və ifşaedici bir şəkildə dünyaya məzlum və yazıq olduqlarını göstərmələri tarixin müxtəlif dönəmlərində bir daha təsdiq etmişdilər. XIX əsrin sonunda Şərqi Anadoluda, İrəvan mahalında, daha sonralar isə Bakıda, Gəncədə, Qubada, Şamaxıda və digər yerlərdə ermənilərin törətdikləri vəhşiliklər, cinayətlər barədə şahidlərin söylədiklərini Qarabağ münaqişəsi ilə müqayisə etsək, həmin ssenarinin yaxın onilliklərdə də baş verdiyinin şahidi olarıq.
Düşmənlər təkcə hərbi əsirlərə deyil, təsadüfən yol azmış və ələ keçmiş mülki adamlara qarşı da çox amansız olublar". Bu və ya digər faktları, eləcə də, Azərbaycan həqiqətlərini ictimaiyyəti təqdim etmək məqsədilə müəllif əsirlikdən qayıtmış şəxslərlə görüşərək, onların başına gələn hadisələri birbaşa kağız üzərinə köçürmüşdür.
Qeyd edim ki, Vahid Məhərrəmov uzun illərdir ki, bu sahədə çalışır və hadisələrin canlı şahidi kimi döyüş bölgələrində vəzifə borcunu yerinə yetirmişdir. Jurnalist kimi fəaliyyətə "Qarabağ" qəzetində başlayan müəllif sonralar ordu sıralarına çağrılır və Daxili Qoşunların orqanı olan "Əsgər" qəzetində hərbi müxbir işləyir. Onun publisist yazıları "Əsgər", "Azərbaycan ordusu", "Sərhəd", "Bakı" qəzetlərində, eləcə də, "Azərbaycan" və "Ulduz" jurnallarında mütəmadi olaraq çap olunmuşdur. "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Qələbə naminə", "Ölməzlik zirvəsi" və "Pulemyotçu Nurəddin" kimi kitabları məhz döyüş bölgəsində keçirdiyi illərin nəticəsi kimi meydana çıxmışdır. Yeni nəşr olunmuş kitab da məhz həmin əsərlərin davamı kimi Qarabağ hadisələrinə, ermənilərin işğalçılıq siyasətinə həsr olunmuşdur. Əsirlikdən geri dönən insanların dilindən qələmə alınmış sətirlərdə əsir düşən azərbaycanlıların döyüş bölgələrindəki mübarizə əzmi və son nəfəsə qədər vuruşması göstərilməklə yanaşı, ermənilərin məkrli siyasətləri nəticəsində əsir düşməsi canlı müəllif qələmilə müəllif qələmində işıqlandırılmışdır. Bu əsirlər içərisində müxtəlif yaş dövründə olan insanlarla tanış oluruq. Yeniyetməsinə, gəncinə, ahılına belə aman verməyən düşmən onları min bir işgəncə ilə əsir götürmüş, bu əməlləri ilə bir daha xəyanətkar simalarının məxsusi cizgilərini etiraf etmişdilər. 1967-ci il təvəllüdlü Xocavənd sakini Əliyev Şahruzun dediklərindən məlum olur ki, 1988-ci ildə döyüş bölgəsinə gələn gənc döyüşçü 1992-ci ildən ermənilərin xəyanətkarlığının əsirinə çevrilir. Bütün kənd camaatının son damla qanına qədər vuruşduğu bir zamanda müasir silahlarla təchiz olunmuş ermənilərin qəfil hücumları və o illərdə Azərbaycanda olan özbaşınalıq və hərb sahəsindəki hərc-mərclik bu insanların aqibətinin acı sonluqla nəticələnməsinə gətirib çıxarır. Şahruz müsahibəsində qeyd etdi ki, onunla birgə əsir düşənlər sırasında məktəb yaşlı uşaqlar, həm də on nəfər ağbirçək qadın var imiş. O illərdə məktəb yaşlı uşaqlar belə kəndin müdafiəsi üçün silaha sarılmış, onlara bir arxa olmuşdular: "Doğma Qarabağlı kəndi gözlərimiz baxa-baxa düşmən əlində qaldı. Acı göz yaşları içərisində doğma ocaqlarda qoynunda dünyaya göz açdığımız və böyüdüyümüz yerlərdən ayrıldıq. Düşmənlər isə evlərimizi qarət edib yandırırdılar. Çox dəhşətli və ürəkağrıdıci bir mənzərə idi. Biz kənddən çıxarılan son sakinlər idik". Əsirlik həyatının ilk gününü xatırlayan Şahruz Əliyev qeyd edir ki, daşnaklar əsirləri güllələməyiblər, vəhşicəsinə böyük qəddarlıqla başlarını kəsiblər. "Bu dəhşətli qətl hadisəsi başa çatdıqdan sonra həmkəndlilərimiz başları kəsilmiş meyitləri qəbristanlıqda dəfn ediblər"-deyən Şahruz 26 və 27 fevral tarixində ermənilərin Xocalıda tutduqları əsirlərdən bəzilərini onların qaldığı zirzəmiyə salırlar.

Digər xəbərlər