PDF Oxu

Əsas

  • 14

Ərzaq təminatının daxili imkanlar hesabına ödənilməsi aqrar siyasətin başlıca vəzifəsidir

Ərzaq təminatının daxili imkanlar hesabına ödənilməsi aqrar siyasətin başlıca vəzifəsidir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ənənəvi keçirilən mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abasov qeyd etdi ki, ulu öndər Heydər Əliyev tərəfindən aparılan islahatları bu gün dövlət başçısı İlham Əliyev uğurla davam etdirir: "Bunun nəticəsində ölkəmizin dünya iqtisadiyyatında özünəməxsus yeri var, iqtisadi inkişaf baxımından dünyada birinciliyi ələ alıb.
Belə ki, iqtisadiyyatın inkişafında kənd təsərrüfatı sahəsini də böyük rolu var. Aqrar sahə bu günə qədər dinamik inkişafını davam etdirmiş və Kənd Təsərrüfatı Nazirliyi və digər müvafiq qurumlar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində bundan sonra da ciddi səylər göstərəcəkdir. Əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Baxmayaraq ki, bu il hava şəraiti qeyri-sabit keçmişdir, kənd təsərrüfatında artım 3 faizdir. Düşünürük ki, ilin sonuna qədər bu rəqəm bir qədər artıq olacaq. Gələcəkdə məhsul istehsalının artırılması üçün bu günə qədər həll olunmamış problemlər öz müsbət həllini tapacaq və ölkəmiz ərzaq təhlükəsizliyini tam təmin edəcək."
Nazir qeyd edərək bildirdi ki, son beş ildə dövlət başçısı İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına xüsusi diqqət göstərilmiş, fərman və sərəncamlar imzalanmış, bu qayğı əldə olunan nəticələrdə öz əksini tapıb: "Aqrar sahənin inkişafında hər bir sərəncamın rolu böyükdür. Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə 2004-cü ilin oktyabrında "Aqrar bölmədə lizinqin genişləndirilməsi tədbirləri haqqında" dövlət başçısının sərəncamı ilə "Aqrolizinq" Səhmdar Cəmiyyəti yaradılmışdır. "Bu günə qədər istər dövlət büdcəsindən, istər Prezidentin Ehtiyat Fondundan, eləcə də investisiya xərclərindən "Aqrolizinq" SC-yə texnikaların, gübrələrin, toxumların, damazlıq heyvanların alınması, maddi-texniki bazanın gücləndirilməsi və s tədbirlərin həyata keçirilməsi məqsədilə təxminən 210 milyon 500 min manat vəsait ayrılmışdır. Bunun nəticəsində, bütün rayonlarda Aqroservis xidmətləri yaranmışdır. Bu xidmətlər vasitəsilə fermer və kəndli təsərrüfatlarına lazımi xidmətlər göstərilir və bunun da nəticəsində, son illər ölkədə texnika çatışmazlığı problemi ilə rastlaşmamışıq."
İ.Abasov dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynadığını dedi: "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Prezidentin 23 yanvar 2007-ci il tarixili sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı məhsulları istehsalına güclü təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektara sərf olunan yanacaq və motor yağlarına görə 40 manat verilir. "Aqrolizinq" SC vasitəsilə gətirilmiş texnikaların icarə müddəti 5 ildən 10 ilə artırılmışdır. Bunun da nəticəsində ölkədə məhsul istehsalı artır."
Nazir bitkiçilik sahəsində görülən işlərdən də geniş bəhs etdi. Bildirdi ki, keyfiyyətli toxumlardan istifadə olunmasa, bol məhsul əldə etmək olmaz, məhsuldarlıq aşağı olar. Buna görə də, toxumçuluq sahəsində çox böyük işlər görülmüşdür: "Üç növ toxuma dövlət tərəfindən yüz faiz ödəniş ödənilir. Dövlət superelit, elit və orijinal tipli toxumlara subsiyada ödəyir, L1, L2 rekladuksiyalı toxumlara müvafiq olaraq 30-40 faiz dəstək olur. Bunun da nəticəsində bitkiçilik inkişaf edir."
Heyvandarlıq sahəsinin də inkişaf etdiyini deyən nazir bildirdi ki, son doqquz ayın nəticələrində heyvandarlıq məhsullarının istehsalı 2,2 faiz artıb. Bu artımın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar dövlət başçısı tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işlərdir. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin və müvafiq qurumların qarşısında bir sıra həllivacib məsələlər dayanır ki, onlar da yaxın zamanlarda öz həllini tapacaq: "Əgər bir zamanlar məhsul istehsalı barədə düşünürdüksə, bu gün biz artıq o artıma nail olmuşuq. Bu gün isə başqa problemin həlli barədə düşünürük. Bəzi yerlərdə istehsal olunmuş məhsullar satılmır, yaxud da çox ucuz qiymətə tələb olunur. Belə olan halda fermerlər məhsullarını sata bilmir."
İ.Abasov vurğuladı ki, ölkə Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq 2006-cı ildən bu günə qədər bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətini sabit saxlamaq, süni qiymət artımının qarşısını almaq məqsədilə hər həftənin şənbə-bazar, eyni zamanda, bayram günlərində paytaxtın müxtəlif rayonlarında kənd təsərrüfatı yarmarkaları keçirilir: "Bu günə qədər 343 dəfə yarmarka keçirilmişdir. Təxminən 77 min ton müxtəlif kənd təsərrüfatı və emal sənaye məhsulu satılmışdır. Bu iş davam etdiriləcək ki, əhalinin aztəminatlı insanları həmin yarmarkalardan istifadə edə bilsinlər."
Ölkədə sahibkarlığın inkişafının daim dövlətin diqqətində olduğunu deyən nazir vurğuladı ki, bu məqsədlə həm Sahibkarlığa Yardım Fondu tərəfindən, həm Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Kreditləri Angentliyi vasitəsilə fermer və sahibkarlara güzəştli, yaxud aşağı faizlərlə kreditlər verilir.
Nazir bildirdi ki, son beş ildə kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində çox mühüm işlər görülüb, uğurlu nəticələr əldə edilib. "Aqrar sahədə çalışan insanlar qazanılan nailiyyətlərlə arxayınlaşmamalı, qarşımızda həlli vacib məsələlərin dayandığını düşünməliyik. Onların da həlli üçün birgə səylər göstərilməlidir."
Sonda kənd təsərrüfatı naziri İ.Abasov media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Digər xəbərlər