PDF Oxu

Əsas

  • 17

Bələdiyyə seçkiləri demokratik institutların formalaşması baxımından böyük önəm daşıyır

Bələdiyyə seçkiləri demokratik institutların formalaşması baxımından böyük önəm daşıyır

Cari ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri davam etməkdədir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilat sədrlərinin "Səs" qəzetinə verdiyi açıqlamasında bu siyasi kampaniyaya ciddi hazırlıq işlərinin aparıldığı və əvvəlki seçkilərdə olduğu kimi, növbəti üçüncü bələdiyyə seçkilərində də partiyanın yüksək qələbə qazanacağına tam əminlik yaradır.
Habil Qurbanov: "Seçki ölkədəki siyasi-iqtisadi, sosial atmosferə təsir edə bilən siyasi prosesdir"

YAP Zaqatala rayon təşkilatı qadınlar şurasının dünən keçirdiyi tədbirdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı geniş fikirlər söylənildi. YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov seçkinin ölkədəki siyasi-iqtisadi və sosial atmosferə təsir edə bilən siyasi proses olduğunu bildirdi: "Seçki prosesi məsuliyyətli, həm də çətin bir işdir. İlk illərdə, əlbəttə, seçkilərin keçirilməsində, hazırlıq işlərinin aparılmasında müəyyən çətinliklər olub. Amma Yeni Azərbaycan Partiyası dörd prezident, üç parlament, iki bələdiyyə və iki referendumda iştirak etmiş böyük siyasi qüvvə kimi dərin təcrübəyə, mükəmməl seçki texnologiyasına malikdir."
H.Qurbanovun sözlərinə görə, əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasını işə məsuliyyətlə yanaşmasından azad etmir: "Əksinə, partiyamız hər bir seçkidə ortaya yeni texnologiya qoymağa çalışır ki, seçkilər daha şəffaf, ədalətli və demokratik keçirilsin. Hərçənd ki, opponentlərimiz hər zamankı kimi, diqqəti cəlb etmək məqsədilə böhtan kampaniyası aparır. Amma bunun heç bir təsiri yoxdur. Çünki xarici dövlətlər artıq Azərbaycanın seçki təcrübəsindən istifadə edirlər, bəhrələnirlər. Bələdiyyə seçkilərinə gəlincə isə, ilk olaraq söyləməliyəm ki, bu özünüidarəetmə orqanı Azərbaycanda cavan strukturdur. Əvvəlki illərdə bələdiyyələrə seçilən şəxslər bu orqanların, konkret olaraq, hansı fəaliyyətlə məşğul olduğunu, əsas funksiyasının nədən ibarət olduğunu və s. bilmirdilər. Amma artıq bu sahə üzrə parlamentdə də bir sıra qanunlar qəbul edilib, keçirilib. Bələdiyyələrə sosial baxış tamamilə dəyişib. İndi bu sahədə artıq təkmilləşmələr aparılmalı, mükəmməl proqramlar ortaya qoyulmalıdır. Bu baxımdan, YAP artıq bələdiyyələrlə bağlı yeni konsepsiyasını formalaşdırıb."
Seçkilərə hazırlıq işlərinin sistemli şəkildə aparıldığını deyən YAP Zaqatala rayon təşkilatının sədri H.Qurbanov seçki qərargahının yaradıldığını bildirdi. Onun sözlərinə görə, rayon seçiciləri 110 Zaqatala və 111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyasının 70 məntəqəsində bələdiyyə seçkilərində fəal iştirak edəcəklər.
Vəfa Süleymanova: "Bələdiyyə seçkiləri demokratik institutların formalaşması baxımından böyük önəm daşıyır"

YAP Zaqatala rayon təşkilatı qadındar şurasının sədri Vəfa Süleymanova bələdiyyə siyasətində qadınların rolunun artırılmasının vacib olduğunu bildirdi. O, rayon təşkilatının 6302 nəfərdən çox partiya üzvünün 3 minə yaxını qadınlar, yəni 50 faizini, 35 faizini isə gənclər təşkil etdiyini bildirdi. Onun sözlərinə görə, rayonun iki seçki dairəsində 29 bələdiyyə üzrə partiya tərəfindən 273 namizəd irəli sürülmüşdür. Artıq bu günə qədər bütün problemlər həll edilib və imzatoplama prosesi uğurla başa çatıb.
V.Süleymanova müxalifətin seçkiərəfəsi boğazdan yuxarı fikirlər söyləməsini mənasız adlandıraraq, bildirdi ki, artıq cəmiyyət əsil həqiqətləri yaxşı görür. Ona görə də, əminliklə deyə bilərik ki, sosial bazası, dəstəyi olmayan müxalifət budəfəki seçkilərdə də məğlub olacaq. Xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində də parlaq qələbə qazanacaq: "Qeyd etməliyəm ki, xalq sevgisi YAP-ın uğurlarını və qələbələrinin təməl daşını təşkil edir. Ölkə Prezidenti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü qlobal miqyaslı işlər xalqın partiyaya olan inamını daha da artırır. Bütün bunlar isə qarşıdakı bələdiyyə seçkilərində də xalqın güvənc və ümid etdiyi partiyanın irəli sürdüyü namizədlərə səs verəcəyinə tam əminik."

Fərrux Haqverdiyev: "Bu seçkilər yerlərdə bələdiyyələrin formalaşması üçün mühüm amildir"

"2008-2009-cu illər hər Azərbaycan vətəndaşı, o cümlədən, YAP üzvləri üçün uğurlu olub. Bu uğurlar hələ də davam etməkdədir." YAP Xızı rayon təşkilatının sədri bu fikirləri söyləməklə, həmçinin, onu da bildirdi ki, 2008-ci ilin 15 oktyabrında Azərbaycan xalqı yenidən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs verməklə uğurlu gələcəyə, inkişafa və tərəqqiyyə səs verdi: "Eyni zamanda, bu il martın 18-də keçirilən ümumxalq səsverməsində də YAP Xızı rayon təşkilatının çoxsaylı üzvləri fəallıqları ilə seçildilər."
F.Haqverdiyev onu da bildirdi ki, YAP Xızı rayon təşkilatı bələdiyyə seçkilərində hazırlıq işlərinin uğurla aparıldığını bildirdi: "Artıq bələdiyyə seçkilərinə bütün hazırlıq işləri aparılıb. Yerli rayon təşkilatının qəragah üzvlərinin hər biri tapşırılan vəzifənin nədən ibarət olduğunu bilirlər. Qeyd edim ki, rayonun 7 mindən çox seçicisi 50 saylı Qobustan-Xızı-Quba Darə Seçki Komissiyasının 14 məntəqəsində 12 bələdiyyəyə 88 üzvün seçilməsində iştirak edəcək."
YAP Xızı rayon təşkilatının sədri 12 bələdiyyəyə 88 namizədin irəli sürüldüyünü bildirdi. Onun sözlərinə görə, rayon təşkilatının 1596 nəfər üzvünün 704-ü qadınlar, 624 nəfəri gənclər təşkil edir. F.Haqverdiyev bildirdi ki, bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan ona görə fərqlənir ki, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bu baxımdan, bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı və problemlərin aradan qaldırılmasında daha fəal olmalıdırlar.
F.Haqverdiyev bələdiyyə orqanlarının demokratik prinsiplərdən çıxış edərək, məsuliyyətli fəaliyyət göstərməsinin vacibliyini də vurğuladı. Onun sözlərinə görə, hər siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Xızı rayonu yüksək nəticələr əldə edəcək.


Pərviz Zeynalov: "Bu seçkilərdə daha fəal və aktiv namizədlər qələbə qazanacaq"

YAP Xızı rayon təşkilatı gənclər birliyinin sədri Pərviz Zeynalov bildirdi ki, Azərbaycanda bələdiyyələrin yaradılması 1995-ci ildən qəbul olunmuş Konstitusiyada öz əksini tapıb. Onun sözlərinə görə, bu təsisatın mahiyyəti, vəzifəsi və hüquqlarına münasibətin əyani təzahürüdür: "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında" referendum aktında əsas qanunun 146-cı maddəsində bələdiyyələrlə bağlı dörd bəndin əlavə edilməsi yerli özünüidarəetmə orqanlarının cəmiyyətdə rolunu və vəzifəsini bir daha müəyyən etdi. Bələdiyyələrə aid qanunvericilik də xeyli təkmilləşdirildi."
P.Zeynalov onu da əlavə etdi ki, bu gün yerli özünüidarəetmə orqanları bir sıra dövlət proqramlarının icrasında da yaxından kömək ediblər. Bu da onların fəaliyyətini stimullaşdırır: "Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Bu isə cəmiyyətin aparıcı təbəqəsi olan gəncləri də qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə sövq edir. Çünki gənclər bu gün cəmiyyətin aparıcı fəal təbəqəsidir. Gənclərimiz intellektual potensialını idarəçilik sahəsində də ideallaşdırmalıdır."
P.Zeynalov onu da bildirdi ki, YAP Xızı rayon gənclər təşkilatı ölkədə keçirilən üçüncü bələdiyyə seçkilərini də qələbə ilə başa vuracaq.

Asif İmaməliyev: "Hər dəfə cəmiyyətin tələblərinə cavab verən, regional və qlobal çağırışlarla uzlaşdırılan yeni konsepsiya ortaya qoyan YAP bütün siyasi kampaniyalarda parlaq qələbə qazanır"

"Ölkəmizdə Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək və ya seçkilərdə hər hansısa problem yarada biləcək siyasi qüvvə, partiya yoxdur. YAP-ın bölgələrdə nüfuzu və sosial bazası çox güclüdür. Bu baxımdan da, partiyamızın rayon və şəhər təşkilatlarının yerlərdə dəstəklənməsi labüddür". Bunu Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev "Səs" qəzetinə verdiyi açıqlamasında söylədi.
Onun sözlərinə görə, hər dəfə cəmiyyətin tələblərinə cavab verən, regional və qlobal çağırışlarla uzlaşdırılan yeni konsepsiya ortaya qoyan YAP bütün siyasi kampaniyalarda parlaq qələbə qazanır: "Əlbəttə ki, bunun əsasında xalq sevgisi və inamı durur".
YAP Sumqayıt şəhər təşkilatının qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri haqqında danışan A.İmaməliyev bildirdi ki, ümumilikdə, 3 bələdiyyə üzrə 47 namizəd irəli sürülüb: "H.Zeynalabdin bələdiyyəsi üzrə 15, Sumqayıt bələdiyyəsi üzrə 19 və Corat bələdiyyəsi üzrə 13 nəfərin namizədliyini irəli sürmüşük. Artıq namizədlər imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim edirlər. Düşünürəm ki, xalqın YAP-a olan etimadı, inamı və sevgisi partiyamıza budəfəki seçkilərdə də möhtəşəm qələbə gətirəcək".
"Əvvəlki illərdə bəzi bələdiyyələr işlərinə etinasız yanaşdıqlarından bir sıra problemlər yaşanmışdı. Amma bu dəfə "bələdiyyələr Azərbaycan xalqına yerlərdə yüksək səviyyəli xidmət göstərməlidir" fəlsəfəsilə özünüidarə sahələrinə yeniliklər gətiriləcək" deyə YAP Sumqayıt şəhər təşkilatının sədri A.İmaməliyev əlavə edib.
Şəhər təşkilatının sədri onu da dedi ki, bələdiyyə seçkilərində namizəd irəli sürmək üçün insan tapa bilməyən müxalifət siyasi səhnədən silinməkdədir: "Bu fikirlər dəfələrlə səslənib. Amma bir daha xatırlatmaq istəyirəm ki, dekabrın 23-də 1700-dən artıq bələdiyyəyə seçkilər keçiriləcək. Hər bir bələdiyyəyə ən azı 5-6 nəfərin namizədliyini irəli sürmək üçünsə, ən azı 9000-10 000 insan lazımdır. Bu qədər insan isə müxalifətdə yoxdur. Yəni, sosial bazası olmayan müxalifət seçkilərdə necə iştirak edəcəyi hələ də məlum deyil".

Ceyhun Məmmədov: "Sumqayıtlı gənclər bələdiyyə seçkilərində də aktiv olacaq və yüksək nəticələrin əldə edilməsi üçün öz töhfələrini verəcəklər"

YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədri Ceyhun Məmmədov vurğuladı ki, sumqayıtlı gənclər bələdiyyə seçkilərində də aktiv olacaq və yüksək nəticələrin əldə edilməsi üçün öz töhfələrini verəcəklər: "Gənclər birliyi olaraq bütün siyasi kampaniyalarda gənclərin mütəşəkkil şəkildə iştirakına nail olmuşuq. Ötən siyasi kampaniyalarda əldə olunmuş nəticələr bunu bir daha sübut etdi. Əminəm ki, bələdiyyə seçkilərində də, gənclərimiz aktiv olacaq və yüksək nəticələrin əldə olunmasına öz töhfələrini verəcəklər".

Nazilə Cəlilova: "Sumqayıt qadınları budəfəki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər"

YAP Sumqayıt şəhər təşkilatının qadınlar şurasının sədri Nazilə Cəlilova isə bildirdi ki, qadınlar cəmiyyətimizdə xüsusi çəkiyə və fəallığa malikdir: "Qadınların budəfəki bələdiyyə seçkilərində namizəd kimi iştirak payı yüksək olacaq. Ümumiyyətlə, Azərbaycan qadını hər zaman ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirib. Bu, özünü əvvəlki siyasi proseslərdə də göstərib. Heç şübhə etmirəm ki, Sumqayıt qadınları budəfəki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər".

Digər xəbərlər