"Həm ATƏT-in Minsk Qrupu həmsədrləri, həm digər beynəlxalq güclər tərəfindən Azərbaycana edilən bütün təzyiqlərə, basqılara, ədalətsizliklərə baxmayaraq, Azərbaycan dövləti və xüsusilə, ölkə başçısı bu günə qədər bu hücumlara, bu təhdidlərə çox böyük qətiyyətlə sinə gərib, müqavimət göstərməyi bacarıb. Mən, eyni zamanda, çox sevinirəm və qürur hissi keçirirəm ki, bu məsələdə Azərbaycan xalqı ilə ölkə rəhbəri yekdildir, həmrəydir". Bu fikirləri Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib. Bununla yanaşı, millət vəkilinin bildirdiyinə görə, Qarabağ, ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Azərbaycan dövlətinin, dövlət rəhbərinin güzəştsiz mövqeyi, çox təəssüflər olsun, Azərbaycan cəmiyyətində, xalqında bir arxayınçılıq hissinin də yaranmasına gətirib çıxarıb: "Mən çox böyük təəssüf hissi ilə bildirmək istəyirəm ki, cəmiyyətimizin, xüsusilə, atəşkəsdən ötən 15 il ərzində Qarabağ məsələsində passiv mövqe tutması, bu məsələyə münasibətdə təşəbbüskarlıq göstərməməsi və münaqişənin tənzimlənməsinin bütün yükünü dövlətin, dövlət rəhbərinin çiyinləri üzərinə atması, birmənalı olaraq, heç cür xoşagələn hal deyil. Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ona bitişik ərazilərini işğal etmiş Ermənistanda bu gün 100-dən artıq Qarabağla bağlı təşkilat mövcuddur".
Bu baxımdan, millət vəkili hesab edir ki, əraziləri işğal edilmiş, bir milyondan artıq insanı qaçqın, köçkün, didərgin salınmış Azərbaycanda ən azı bu qaçqın-köçkünlərin sayı qədər Qarabağ fəalı olmalıdır: "Bu gün cəmiyyətimizin bu məsələdə müəyyən qədər süstlüyü, fəaliyyətsizliyi bəzi beynəlxalq güclərə də əsas verir ki, onlar Azərbaycana, Azərbaycan tərəfinə təzyiqləri, basqıları artırsın. Onlar belə fikirləşir, düşünürlər ki, Azərbaycan cəmiyyəti bu məsələdə süstlük göstərdiyinə görə, fürsət düşmüşkən, Azərbaycan dövlətini, dövlət rəhbərliyini müəyyən güzəştlərə məcbur etsinlər və yaxud məcbur etmək olar. Ancaq onlar Ermənistana, Ermənistan cəmiyyətinə münasibətdə tamamilə fərqli bir yanaşma sərgiləyirlər. Onlar Ermənistanı konstruktiv mövqeyə gəlməyə məcbur etməkdənsə, bəzi hallarda, əksinə, onları öz mövqelərində daha çox sərtləşməyə, stimullaşmağa cəhd göstərirlər. Bu yerdə başqa bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Ermənistan prezidenti Serj Sarkisyan bu günlərdə bizim qədim şəhərimiz olan Şuşa ilə bağlı növbəti dəfə öz sərsəm və cəfəng fikirlərini səsləndirib. Mənim düşüncəmə görə, əliqanlı Ermənsitan prezidentinin Şuşamızla bağlı fikirləri, əslində, bütün Azərbaycan xalqını ayağa qaldırmalı idi və qaldırmalıdır. Şuşa nəinki Qarabağımızın, Şimallı-Cənublu Azərbaycanımızın ürəyidir. Şuşa, ümumilikdə, Azərbaycanın milli mənəviyyatının baş şəhəridir. Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, Bülbülün doğulub boya-başa çatdığı, yaşayıb-yaratdığı Şuşada Azərbaycan, türk izinin, ruhunun itirilməsi, silinməsi, yox edilməsi üçün gəlmə ermənilərin kütləvi şəkildə buraya köçürülməsi, əslində, Dağlıq Qarabağda azərbaycanlıların kompakt məskunlaşdığı yeganə böyük şəhərimiz olan bir bölgəyə azərbaycanlıların qayıdışının qarşısında bir çəpər, sipər yaratmaqla ermənilər Dağlıq Qarabağda azərbaycanlıların yaşamayacaqlarını bir mesaj kimi cəmiyyətimizə ünvanlamış olurlar. Bu mesajın qarşılığında isə, çox təəssüflər olsun, Azərbaycan cəmiyyətində, doğrudan da, bir susqunluq, süstlük var. Mən Hegelin məşhur bir fəlsəfi kəlamında dediyi həqiqətin gerçəkliyinə həmişə inanmışam: "Nəyə layiqiqsə, ona malikik". Bilirsiniz, cəmiyyətdə hərənin öz tutduğu vəzifəyə görə çəkəcəyi, daşıyacağı bir vətəndaşlıq yükü var. Əgər bu gün biz çiyinlərimizin üzərində olan bu yükü məmurlarımızın, dövlət rəhbərimizin üstünə atacağıqsa və bir vətəndaş olaraq bu yükü çəkmək istəməyəcəyiksə, Qarabağ heç vaxt Azərbaycanın olmayacaq. Olsa da bizim istədiyimiz, bizim arzuladığımız Qarabağ olmayacaq. Biz ermənilərin məkrli, xəstə bir millət olmasından həmişə danışmışıq və bu, doğrudan da, belədir. Əgər körpə uşaq beşikdən xalq, nağıl qəhrəmanları ilə yox, "vəhşi türk" obrazı ilə böyüyürsə, böyüdülürsə, sözsüz ki, həmin körpənin daşıyıcısı olduğu millətin sağlamlığından, onun sağlam fomalaşmasından danışmaq olmaz. Ancaq digər tərəfdən, bu millətin özünəməxsus müsbət keyfiyyətlərini də qiymətləndirmək, onlardan öyrənmək lazımdır".
G.Hacıbəylinin dediyinə görə, xaricdə yaşayan hər bir erməni bu günə qədər Ermənistanın çiçəklənməsi, iqtisadiyyatının güclənməsi, onun dünyada tanınması üçün bu ölkəyə öz gəlirlərinin müəyyən hissəsini ayırır. Bu gün hər bir erməni öz xalqının milli ideologiyasının daşıyıcısıdır və harada yaşamasından asılı olmayaraq, hər bir erməni bu ideologiyanın ruporu, ideoloqudur: "Belə olan halda, bəs hər bir azərbaycanlı da Qarabağ ideologiyasının daşıyıcısı və ideoloqu ola bilibmi, bilirmi? Çox təəssüflər olsun ki, buna birmənalı və müsbət cavab vermək çətindir. Biz həmişə məmurları, millət vəkillərini danlamağı öyrəşmişik. Burada da müəyyən həqiqət var, çünki millət vəkili olaraq mənim məsuliyyətim, üzərimə düşən borc sıravi vətəndaşlıq borcumdan qat-qat çoxdur və görəcəyim işlər daha artıqdır. Ancaq bununla belə, bizim hər birimiz bir vətəndaş olaraq vətən, torpaq qarşısında öz ümumi vətəndaşlıq borcumuzu da unutmamalıyıq, yaddan çıxarmamalıyıq. Məsuliyyətimizi, daşıyacağımız yükü bir-birimizin üzərinə atmamalıyıq, bəhanə tapmamalıyıq. Hər birimiz vətən naminə nə lazımdırsa, nə tələb olunursa, onun öhdəsindən gəlməyə çalışmalıyıq. Əgər biz əvvəllər üzləşdiyimiz problemlərin, haqsızlıqların, ədalətsizliklərin məsuliyyətini haqlı olaraq sovetlər rejiminin üzərinə atırdıqsa, yıxırdıqsa, ancaq 1991-ci ilin avqustundan bu yana ikinci müsətqilliyimiz dövründə bütün problemlərimizin açarı artıq öz əlimizdədir. Eyni zamanda, indi əgər bu açar bu problemləri, bu "qıfılı" aça bilmirsə, bu zaman bir millət, bir fərd, bir vətəndaş olaraq başqalarını suçlamağımız, öz vicdan, məsuliyyət yükümüzü başqalarının üstünə atmağımız da düzgün olmaz. Deməli, sıravi vətəndaş, sıravi azərbaycanlı olaraq, eləcə də, mən millət vəkili kimi, başqa birisi nazir kimi, məmur kimi öz vəzifəmizin öhdəsindən layiqincə gələ bilmirik ki, bu gün torpaqlarımız işğal altında inləyir və azad olunacağı günü gözləyir. Hər birimiz keçmişimiz, babalarımızın ruhu, gələcək nəsillərimizin qarşısında övladlıq, vətəndaşlıq məsuliyyətimizi dərk etməyənədək, bu, belə olacaq, Qarabağ bizim olmayacaq. Həmçinin, mənim qəti əmin olduğum belə bir həqiqət var ki, hər bir azərbaycanlı Qarabağ hissi ilə yaşamayacağı, Qarabağ ideologiyası ilə nəfəs almayacağı bir halda, Qarabağ bizimki olmayacaq. Qarabağ yalnız o vaxt bizim olacaq və ola bilər ki, Qarabağ hər bir azərbaycanlının, Azərbaycan ailəsinin ən ülvi, ən müqəddəs arzusu, niyyəti olsun və bu istiqamətdə hər birimiz bacardığımız qədər iş görmüş olaq. Həmişə özümə də, xalqıma da belə bir güc, iradə, cəsarət arzulayıram ki, bu güc, bu iradə ilə, bu cəsarətlə işğal altındakı torpaqlarımızı, Qarabağımızı geriyə qaytara bilək. Qarabağı heç bir beynəlxalq güc, heç bir əcnəbi əsgər, əcnəbi sülhməramlı bizə geri qaytarmayacaq. O torpaqlar müharibə, qan yolu ilə ədalətsizcəsinə, insafsızcasına Azərbaycandan alınıb, qoparılıb və indi o torpaqları geriyə qaytarmaq Minsk Qrupunun, BMT-nin, ATƏT-in, Avropa Şurasının deyil, ilk növbədə, Azərbaycan vətəndaşının borcudur".