Aida İmanquliyevanın 70 illik yubileyi
Dünən Azərbaycan Universitetində şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan konfrans keçirilib. SİA-nın məlumatına görə, "Aida İmanquliyeva: yaradıcılıq yolu" adlı konfransda universitet müəllimləri və tələbələr iştirak edib.
Şərqşünas haqqında geniş məlumat verən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev bildirib ki, görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Onun sözlərinə görə, biz də Azərbaycan Universiteti olaraq belə bir tədbirin keçirilməsini zəruri hesab edirik.
O söyləyib ki, universitet yaranan gündən şərqşünas alimin xatirəsi hər il yad edilir. " Təsadüfi deyil ki, Azərbaycan Universitetində Aidə xanımın adına təqaüd təsis edilib. Artıq neçə ildir ki, filologiya və digər fakültələrdə fərqlənən tələbələrə bu təqüd verilir. 50 manat civarında olan bu təqaüd hal-hazırda iki tələbəyə şamil olunub. Təqaüdün həcmi Elmi Şuranın qərarı ilə ildən-ilə artır. Bundan əlavə universitetdə şərqşünas alimə həsr olunan konfranslar, dəyirmi masalar və digər tədbirlər daimi olaraq keçirilir. Universitetin "İpək Yolu" jurnalında alimə həsr olunun xüsusi buraxılış işıq üzü görüb",- deyə rektor qeyd edib.
Azərbaycan Universitetində tələbələrə ulu öndər Heydər Əliyev adına da təqüdün verildiyini deyən A.Musayev bildirib ki, özəl universitetlərdə təqaüd verilməsədə bizim universitet tələbələrin ruhlanması və həvəsləndirilməsi məqsədi ilə öz hesabına təqaüdlər ayırır.
Daha sonra tədbirdə universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova Aida İmanquliyevanın ilk şərqşünas qadın olaraq elmə verdiyi töhfələrindən söhbət açıb. O bildirib ki, A.İmanquliyeva Şərq və Qərb fəlsəfəsini birləşdirərək, bu elmə yeniliklər gətirib. Onun sözlərinə görə, alim elmi irsi, elmi zənginlikləri ilə digərlərindən fərqlənib.
"Aida İmanquliyeva klassik Şərq mədəniyyətinin araşdırıcısı kimi" mövzusunda çıxış edən professor Məhərrəm Qasımlı alimin tədqiqatları haqqında geniş danışıb. Tədqiqatlarında ərəb mədəniyyətinə xüsusi yer ayırdığını deyən professorun fikrincə, alimin tədqiqatları spesifik keyfiyyətlərinə görə seçilir.
O, vurğulayıb ki, şərqşünaslıqda ilk addım A. İmanquliyeva tərəfindən atılıb, ondan sonra gələnlər məhz onun tədqiqatlarına istinad edir.
Daha sonra professor alimin müxtəlif mövzulu məqalələrinə toxunaraq, qeyd edib ki, hər birimiz alimin irsinə önəm verməli və gələcək nəsillərə ötürməliyik.
Qeyd edək ki, Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan konfransda professor və dosentlər tərəfindən "Aida İmanquliyeva haqqında xatirələr", "Aida İmanquliyeva şəxsiyyəti və üslubu haqqında bəzi qeydlər", "Aida İmanquliyeva və ədəbiyyatşünaslıq" və digər mövzularda məruzələr səsləndirilib.