PDF Oxu

Əsas

  • 17

Pensiya sistemində tətbiq olunan yeniliklər əhalinin sosial müdafiəsinin təminatına yönəldilib

Pensiya sistemində tətbiq olunan yeniliklər əhalinin sosial müdafiəsinin təminatına yönəldilib
Məlum olduğu kimi, Milli Məclis "Əmək pensiyaları haqqında" qanuna təklif olunan əlavə və dəyişiklikləri təsdiq etdi. Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında növbədənkənar mətbuat konfransı keçirən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu əlavə və dəyişikliklər barədə ətraflı məlumat verdi. S.Müslümov qeyd etdi ki, qanunun ümumilikdə fəlsəfəsi, ortaya qoyulan məsələlər, bu əlavə və dəyişikliklərin mahiyyəti cəmiyyətə müəyyən qədər düzgün çatdırılmayıb. Bu da müəyyən ajiotajın yaranmasına səbəb olub. Mətbuatın ictimaiyyətlə bütün qurumlar arasında körpü olduğunu nəzərə alıb mətbuat konfransının keçirilməsinə ehtiyac duyuldu.
Dövlət Sosial Müdafiə Fondunun sədri bildirdi ki, bu əlavə və dəyişikliklər ölkədə həyata keçirilən sığorta və pensiya islahatlarının növbəti mərhələsi idi: "Növbəti mərhələdə atılan addımlar sığorta və pensiya sisteminin 2009-2015-ci illərdə Azərbaycan Respublikasında inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin bilavasitə reallaşdırılmasıdır. Başqa sözlə, bu gün atılan addımlar öncədən proqnozlaşdırılmış, Dövlət Proqramında öz əksini tapmış, 2015-ci ilə qədər həyata keçirilməsi lazım olan məsələdir. Bildiyiniz kimi, 2006-cı ildən başlayaraq, ölkədə iki sistem paralel olaraq inkişaf edir. Biri sığorta-pensiya sistemidir, ikincisi dövlətin ünvanlı sosial yardım və sosial müavinətlər sistemidir. Yəni sığorta-pensiya sisteminin formalaşması, inkişafı meyarları tamamilə başqa bir məsələdir. Dövlətin ünvanlı sosial yardım və sosial müavinətlər sistemi isə başqa meyarlar əsasında formalaşıb. Ona görə də, bu sistemlərin bir-birindən ayrılması istiqamətində gedən prosesləri dəqiq, düşünülmüş şəkildə dərk etmək çox vacib məsələdir. Atılan adımlar da məhz bu məqsəd xidmət edir."
"Bu addımları bir neçə qrupa ayırmaq olar" söyləyən S.Müslümov onu da vurğuladı ki, Milli Məclisdə qəbul olunan qanunun ən mühüm vacib dəyişikliyi keçmiş dövrdə qazanılmış əmək pensiyası hüququnun məbləğinin müəyyənləşdirilməsində nəzərdə tutulan dəyişiklik idi: "Çox təəssüflər olsun ki, cəmiyyətə düzgün olmayan fikirlər çatdırılır ki, guya bunun nəticəsində pensiyalar 30 faiz azalacaq. 2006-cı ilin yanvarın birindən, yəni yeni sistem fəaliyyətə başlayandan 2009-cu il oktyabrın birinə qədər Dövlət Sosial Müdafiə Fondunun orqanları tərəfindən 167 min 891 nəfərə yaşa görə pensiya təyin olunub. Təbii ki, onların arasında həm çoxuşaqlı ana kimi pensiya alanlar, həm də 57 yaşına çatmış qadınlar və 62 yaşına çatmış kişiliər, eləcə də, qanunun 9-cu maddəsinə uyğun olaraq güzəştli şərtlərlə daha tez pensiyaya çıxan insanlar var. 167891 nəfər insandan 60,4 faizi, yaxud 101370 nəfəri minimum pensiya ilə, yəni 75 manatla təmin olunub. Bu, baza hissəsidir, sığorta hissəsi olmayıb. 4 faizi, təqribən 6700 nəfər 300 manatdan yüksək pensiya alıb. Hətta 680 nəfərə 1000 manatdan yuxarı pensiya təyin olunub. Nəticədə 300 manat pensiya alanların aldığı bir aylıq pensiyanın məbləği 167891 nəfərin toplam pensiyasının 20 faizini təşkil edir. Yəni 4 faiz bütün məbləğin 20 faizini alır. Amma 75 manat pensiya alanlar toplam pensiyası məbləğinin cəmi 39 faizini təşkil edir. Bu yanlış hesablanma qaydası aradan qaldırılmalı idi. Qanunun 27-ci maddəsinə əlavə və dəyişikliklər etməklə buna nail olundu. Bununla, həm də pensiya təminatında şəffaflıq təmin olundu. Hər bir kəsə bəllidir ki, bütün neqativ hallar pensiya təyinatı zamanı həmin əməkhaqqı arayışlarında və əmək haqqı məbləğində idi. Artıq bu gündən sonra 2006-cı ilə qədər olan dövr üçün pensiya hesablanan zaman belə bir arayış, yaxud məbləğ lazım olmayacaq. Bundan sonra hər bir kəsin əmək kitabçası üzrə nə qədər əmək fəaliyyəti illəri varsa, hər bir il üçün 170 manat pensiya kapitalı veriləcək, həmin illərin sayı 170-ə vurulacaq, ondan sonra 2006-2009-cu illərin inflayasiya faizləri vurulub artırılacaq, toplanmış məbləğ onun fərdi hesabında dörd il müdətində toplanmış məbləğin üzərinə əlavə olunacaq. Ümumi məbləğ 144-ə bölünəcək. Bununla da sığorta hissəsi müəyyən olunacaq və onun üzərinə baza pensiyası əlavə olunacaq. Ən az halda 90 manatdan aşağı pensiya təyin olunmayacaq. Ən vacib məsələ də budur."
O da bildirildi ki, Dövlət Sosial Müdafi Fondunun növbəti ildə ən azı 10 milyon manatdan artıq əlavə vəsait xərcləməsi lazımdır: "Əgər 6 ay yaş həddi olmasaydı, bu məbləğ 20 milyon manat olacaqdı. Yəni bu sistemə keçid əlavə vəsaitin ortaya qoyulması ilə nəticələnsə də, 75 manat pensiya alan olmayacaq."
"Bunun iqtisadi baxımdan da, mənası çox doğrudur" fikrini deyən S.Müslümov qeyd etdi ki, bildiyiniz kimi, keçmiş dövrdə normal sığorta prinsipləri yox idi: "Fərdi uçot yoxdursa, hansısa sığorta prinsiplərindən danışmaq doğru deyil. Ona görə də, ən ədalətli sistem staja görə hansısa pensiya kapitalını müəyyənləşdirməkdir. Bu məbləği də müəyyənləşdirmək üçün 2004-2005-ci illərin orta aylıq əmək haqqı götürüldü. Bu, 111,5 manatdır. Bu məbləğdən hər ay 12,5 faiz hərbi uçota ayrılır. Onu da 12 aya vursaq, 168 manatdan bir qədər artıq olur. Bu da təqribən 170 manat götürüldü."
Qeyd edildi ki, qanuna edilən dəyişikliyin ən mühüm hissəsi budur. Digər dəyişikliklər - yaşın artırılması və qadınlar üzrə güzəştlərin azaldılması və s. sistemin gələcək inkişafına xidmət edən məsələlərdir: "62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), onlara yaşa görə əmək pensiyası hüququ verilir. Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılaraq, müvafiq olaraq 63 və 60 yaş müəyyən edilir. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə pensiya təminatı, yaşa görə pensiyanın məbləğinin hesablanması, habelə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri də dəyişdirilir. Eləcə də, sağlamlıq imkanları məhdud olan uşağını 8 yaşadək tərbiyə etmiş və azı 10 il sığorta stajına malik olan anaların pensiya yaşı həddinin 5 il azaldılması nəzərdə tutulur. Bu dəyişikliklərin bir sıra dövlətlərin, o cümlədən, Avropa ölkələrinin qanunvericiliyinə uyğun olduğu diqqətə çatdırdı".
S.Müslümov qeyd etdi ki, əgər bu gün normal sığorta-pensiya sistemi qururuqsa, hər bir sığorta sisteminə vəsait ödəyən şəxsin ödədiyi vəsaitin müddəti ilə onun sistemdən pensiya ala biləcəyi müddət bir-birinə uyğunlaşdırılmalıdır: "Əks halda, bu, sığorta sistemi olmaz. Ona görə də, tələb olunan sığorta stajının 5 ildən 12 ilə artırılması tam təbiidir."
DSMF-nin sədri digər dəyişikliklər barədə də ətraflı məlumat verdi.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.

Digər xəbərlər