Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar aparılır
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində artıq bir sıra mühüm addımlar atılmış və fəaliyyət genişləndirilmişdir. İmzalanmış protokolların ratifikasiya edilməsi üçün artıq Türkiyə Böyük Millət Məclisində müzakirələrə çıxarılıb. Azərbaycanla Türkiyə arasında münasibətlərə isə bunun gətirəcəyi xələl barədə danışarkən, onu demək olar ki, Türkiyə rəsmiləri Azərbaycanın ziyanına heç bir addımın atılmayacağına və sərhədlərin açılmayacağına bizi əmin etsə də, əməldə bunu görmək mümkün deyil. Əksinə, hökumətin göstərdiyi fəaliyyət bu deyilənləri tamamilə inkar edir.
Bir müddət bundan öncə, Milli Məclisin deputatları da məsələ ilə əlaqədar Türkiyəyə səfər ediblər. Türkiyə baş nazirinin və Türkiyə parlamentinin deputatları da azərbaycanlı deputatları əmin etməyə çalışıblar ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ işğaldan azad olunmadan mümkün deyil. Əlbəttə, bu cür dövlət və siyasi xadimlərinin belə vədlər verməsi Azərbaycan tərəfində müəyyən qədər əminlik yarada bilər. Bunu Türkiyədə səfərdə olan millət vəkilləri də təsdiq ediblər. Lakin şifahi vədlərin verilməsinə baxmayaraq, proses davam edir və yeni hadisələr dinamik şəkildə cərəyan etməkdədir.
Bu gündən etibarən isə, türkiyəli millət vəkillərinin Azərbaycana səfəri başlayır ki, bu səfərin də məqsədini anlamaq çətin deyil. Belə ki, keçiriləcək görüşlərdə və aparılacaq danışıqlarda müzakirə mövzusunun Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının Azərbaycanla münasibətlərə təsiri olacağı gözlənilir. Bu müzakirələrdə də türkiyəli nümayəndələrin Azərbaycan ictimaiyyətini eyni vədlərlə əmin edəcəyi gözlənilir. Halbuki həmin vədlər boş bir söz yığınından başqa bir şey deyil.
Türkiyə tərəfinin verdiyi vədlərdə və açıqlamalarında yalançı olduğunu sübut edən digər bir fakt isə baş nazir R.T.Ərdoğanın söylədiyi fikirlərlə bağlıdır. Bir müddət bundan öncə, Ərdoğan çıxışı zamanı Türkiyə ilə Ermənistan arasında heç bir gizli danışıqların aparılmadığını söyləmişdi. Onun belə bir çıxışının yeni olmamasını da qeyd etmək lazımdır. Ərdoğanın belə fikirlər səsləndirməsinə baxmayaraq, Türkiyə ilə Ermənistan arasında danışıqların və hətta qarşılıqlı əməkdaşlığını necə qurulması barədə müzakirələrin aparılması da müşahidə olunmaqdadır. Son məlumatlara görə, artıq iki ölkə arasında qarşılıqlı tarixi araşdırmaların aparılması gözlənilir. Türk və erməni arxeoloqlarının birgə aparacağı tədqiqatlarda Ani şəhərinin tarixi və yenidən bərpa edilməsinin gələcək perspektivləri araşdırılacaq. Hətta vəziyyət o səviyyəyə çatıb ki, iki ölkə arasında mədəni əlaqələrin yaradılması və incəsənət xadimlərinin, müğənnilərin birgə çıxışının təşkil olunması da nəzərdə tutulmuşdur. Belə olan təqdirdə, artıq protokolların ratifikasiyası, münasibətlərin normallaşdırılması, sərhədlərin açılması kimi formal mərasimlərə ehtiyac da yoxdur. Artıq iki ölkə arasında gəliş-gedişin olması faktı da vardır. Yəni Türkiyə Ermənistanla geniş miqyasda əməkdaşlıq münasibətlərinin qurulması mərhələsinə qədəm qoyub və bu yolda sürətlə addımlayır. Bunlar isə Ermənistana xüsusi bir stimul verir ki, öz işğalçı siyasətini davam etdirsin.
Türkiyə rəsmiləri isə başda dövlət və hökumət başçıları olmaqla verdikləri boş vədlərlə öz nüfuzlarını aşağı salmış olurlar. İstər ayrı-ayrı siyasi xadimlərin siyasi fəaliyyətləri, istərsə də, ümumilikdə, Türkiyə dövlətinin illərdir yeritdiyi vahid siyasi xətt özünün tənəzzülü ilə müşahidə olunmaqdadır.