“Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif olunan yeni model”
Təhsil Nazirliyində "Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif olunan yeni model" adlı geniş kollegiya iclası keçirildi. Respublikanın ümumtəhsil məktəblərində çalışan pedaqoqların ixtisaslarının artırılması üçün görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələr, dünya təcrübəsinin tətbiqi, aparılan monitorinqlər, çətinlikləri yaradan obyektiv və subyektiv səbəblər ətraflı təhlil olundu.
Təhsilin inkişaf etdirilməsi üçün qəbul olunan dövlət proqramlarının tətbiqində əsas prioritet kimi diqqət yetirilən pedaqoji kadrların peşəkarlığının artırlmasında xüsusi əhəmiyyəti olan ixtisasartırma sahəsindəki mövcud vəziyyət barədə geniş məruzə ilə çıxış edən nazir Misir Mərdanov, eyni zamanda, problemlər, onların həlli istiqamətində görülən işlər barədə də məlumat verdi. Bildirildi ki, müəllimlərin tədris etdikləri fənlər üzrə təkmilləşdirilməsi ilə məşğul olan 18 təşkilat fəaliyyət göstərir. Azərbaycan Müəllimlər, Təhsil Problemləri İnstitutlarında, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzində, yerlərdəki filiallarla yanaşı, bir neçə müəssisədə bu sahənin inkişafına diqqət yetirilir.
Qeyd olundu ki, təhsil sisteminin ən ciddi sahəsi kimi böyük önəm daşıyan pedaqoji kadrların ixtisasartırma kurslarına cəlb olunmasının təşkili üçün təkmil, işlək mexanizmə hər zaman ehtiyac duyulur. Bu problem bütün dünya dövlətlərində müxtəlif səviyyələrdə təhsilin inkişafına təsir göstərir. Hər il respublikanın ümumtəhsil məktəblərinə 4500-ə qədər müəllim göndərilir. Lakin daim inkişaf edən məktəbin gündəlik tələbatına uyğun fəaliyyət göstərəcək və ixtisasartırmaya ehtiyacı olanların sayı 200 min nəfərdən artıqdır. Müəllilərin ixtisasaslarının artırılması ilə məşğul olan həmin müəssisələrdə 58 elmlər doktoru, 171 elmlər namizədi, 145 baş müəllim çalışır. Azərbaycan Müəllimlər İnstitutunda son işlər aparılan yenidənqurma işlərinin yüksək səviyyədə təşkilini müsbət hal kimi qiymətləndirən M.Mərdanov vurğuladı ki, hələ fialliallar barədə müsbət mənada danışmaq olmaz.
Vəziyyəti ayrı-ayrı filiallardakı şəraiti əks etdirən rəqəmlərə istinadən təhlil edən məruzəçi vurğuladı ki, Şamaxı, Zaqatala, Salyan, Cəliliabad rayonlarında kadr potensialı daha acınacaqlı vəziyyətdədir. Aparılan islahatlara uyğun tətbiq edilən milli kurrikulum və inklusiv təhsilə müvafiq olaraq ibtidai sinif müəllimlərinin bu cür kurslara cəlbi daha vacib və əhəmiyyətlidir. Bir çox filiallarda infrastruktur layihələrinin tətbiqinə diqqət yetirilmir. Maddi-texniki baza, mövcud laboratoriyalar, kitabxana xidməti pis vəziyyətdədir: "Dözülməz haldır ki, AMİ-nin Ağcabədi rayon filialında bakalavr təhsili olmayan kadra müəllimlərin ixtisaslarının artırılmasında iştirak edən metodist kimi mühüm vəzifə həvalə olunub. Qazax, Salyan, Sumqayıt filiallarında dərs yükü ədalətlə bölünmür, qeyri-ixtisas sahibləri kurslara rəhbərlik edir. Kürdəmir, Zərdab, Qəbələ, Beyləqan və Ağsu rayonlarında iki il ərzində bir nəfər də olsun müəllim ixtisasartırma kurslarına cəlb olunmayıb. Yəni köhnə proqramları tədris etməklə təhsildə aparılan islahatların tətbiqinə diqqət yetirilmir. Elə rayonlar vardır ki, burada müəllimlərin ixtisasartırma kurslarına cəlbi tamamilə unudulub. Dünya təcrübəsinə uyğun yaradılan "Dayaq məntəqələri"nin fəaliyyəti hiss olunmur. Ciddi narahatlıq doğuran bu vəziyyət üçün isə rayon təhsil şöbələri və məktəb direktorları məsuliyyət daşıyırlar. Keyfiyyəti təmin edən rəqabət mühiti yaradılmır, müəllimlərin hansı fənn üzrə ixtisaslarını artırmaq ehtiyacları öyrənilmir, ixtisasartırmanın nəticəsinin stimullaşdırılması üçün əsas amil olan öyrədənlərin peşəkarlığına diqqət yetirilmir, "sifariş-təklif" prinsipləri unudulur. Proqramların sertifikatlaşdırılması və akkreditasiyasının qiymətləndirmə mexanizmi yoxdur. Maliyyələşmə səmərəli təşkil edilmir. Kursu bitirdikləri barədə arayış alanların sayı vəsiqə alanlardan daha çoxdur. Bu faktın özü ixtisasartırmadakı mənfi halların göstəricisidir".
Müəllimlərin informasiya texnologiyaları sahəsində hazırlığını daha önəmli hesab edən nazir qeyd etdi ki, məktəb rəhbərlərinin və İKT fənnini tədris edən müəllimlərin belə profilli ixtisasartırma kurslarına cəlbi daha önəmlidir. Bu istiqamətdə təşkil olunan kursların istənilən səmərəni verdiyini diqqətə çatdıraraq qeyd etdi ki, "Mədəd" Azərbaycan Təşkilatı tərəfindən təşkil olunmuş kurslarda 30 minədək müəllim İKT proqramlarına yiyələnərək tədris etdikləri fənnin müasir tələblər baxımından tədrisinə səy göstərirlər. Beynəlxalq təşkilatlarla əlaqələr barədə danışılarkən YUNİSEF, Britiş Counsul, İNSETT, SİSCO, İNTEL şirkətləri ilə birgə əməkdaşlığın daha da genişləndirildiyi diqqətə çatdırıldı.
Mövcud nöqsanların aradan qaldırılması üçün dünya təcrübəsindən bəhrələnməyin yolları barədə açıqlama verən M.Mərdanov Belçika, Danimarka, Finlandiya, Niderland, İtaliya, Rumıniya, İsveç, Almaniya və İsveçrə kimi Avropa dövlətlərində rəqabət mühitinin yaradılması ilə müşahidə olunan müsbət təcrübə və modellərinin özünü doğrultmuş cəhətlərindən istifadəni məğbul hesab etdi. Deyildi ki, Avropa Birliyinə daxil olan 15 ölkədə bu cür kurslarda iştirak icbari və məcburi xarakter daşıyır. Bəzi ölkələrdə könüllülük prinsipinə üstünlük verilir.
Kollegiyada irəli sürülən Azərbaycan modeli barədəki təkliflər də səsləndirildi. Məlumat verildi ki, fasiləsiz müəllim hazırlığı və rəqabət mühitinin yaradılması üçün hüquqi baza hesab olunan konsepsiya artıq hazırdır. Yeni kurrikuluma uyğun olaraq təhsilin icbarilik statusuna malik olması, proqramların akkreditasiyası, səmərəli modul üzrə qurulması, təhsilin ümumi əsasları, pedaqoji və psixoloji məsələlər, təhsilin idarə olunması, maliyyələşdirilməsi, ixtisas sahələrinin müəyyənləşdirilməsi, müasir metodikanı əks etdirən yeniliklərin öyrənilməsi, qiymətləndirmə, innovasiyaların, İKT, xarici dil və gender məsələlərinin tədrisi kimi aktual problemlərə ixtisasartırma kurslarında aparılan məşğələlərdə əsas parametrlər kimi diqqət yetirilməlidir.
Kollegiyada irəli sürülən təkliflərin tətbiqi üçün qərar qəbul olundu.