Dünən Prezident İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirak etmək üçün Bakıya gələn Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. SİA-nın türk mənbələrinə istinadən verdiyi məlumata görə, görüşün "iki qardaş ölkə səlahiyyətliləri arasında necə lazımdırsa, elə keçdiyi" bildirilib. Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşüb.
"Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirən qüvvələr var"
Görüşdə Türkiyə-Azərbaycan münasibətləri və regional məsələlər müzakirə olunub. Əhməd Davudoğlu görüşdən sonra jurnalistlərə geniş açıqlama verib.
"Türkiyə ilə Azərbaycan arasında bayraq problemi yoxdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
"Türkiyə bayrağı türklər üçün necə əzizdirsə, Azərbaycan bayrağı da Türkiyə və bütün türk xalqı üçün əzizdir"-deyə qeyd edən Ə.Davudoğlu vurğulayıb ki, Azərbaycan bayrağı Türkiyədə bundan öncə necə dalğalanıbsa, bundan sonra da elə dalğalanacaq.
"Türkiyənin bayraq qanunu var, ancaq Türkiyə üçün Azərbaycan bayrağı yabançı bayraq sayılmadığından, bir çox yerlərdə dalğalanır"- deyə Ə.Davudoğlu qeyd edib. Bursada da Azərbaycan bayrağının təhqir olunması məsələsinə toxunan Əhmədoğlu deyib ki, Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirən qüvvələr var.
"Bu, onların təxribatıdır. Bəzi media qurumları bunu bilərəkdən şişirdirlər. Türkiyədə heç bir zibil qutusunun üstünə WC sözü yazılmır. Türkiyə bu məsələni ətraflı və diqqətlə araşdırır. Araşdırma bitən kimi Türkiyə Azərbaycan hökumətini məlumatlandıracaq"-deyə Ə.Davudoğlu əlavə edib.
"Heç nə Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil"
Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan sərhədi açıla bilərmi?- sualına Davudoğlu "Prezidentimiz, baş nazirimiz, xarici işlər naziri olaraq mən dəfələrlə bu məsələyə dair prinsipial mövqeyimizi bildirmişik. Dünən parlamentdəki çıxışımda da açıq şəkildə dedim, Azərbaycanın ərazi bütövlüyü Türkiyənin ərzi bütövlüyü qədər əzizdir və bizim üçün strateji prioritetə sahibdir. Heç nə Azərbaycanın ərazi bütövlüyündən, rifahından, sabitliyindən və Türkiyə-Azərbaycan dostluğundan önəmli deyil. Xarici siyasətimizin təməl prinsipi bu olduğuna görə sualınızın cavabı da verilmiş olur"-deyə cavab verib.
Türkiyəli nazir deyib: "Soruşmaq lazımdır- bölgədəki hazırkı status-kvo Azərbaycanın, Türkiyənin, Ermənistanın xeyrinədirmi? 17 ildir Azərbaycan torpaqları- həm də bizim torpaqlarımız, biz belə hesab edirik- işğal altındadır. Bu işğalın bitməsi üçün Türkiyə hər zaman cəhd göstərib.
Məndən öncəki nazirlər, hökumətlər Azərbaycanın müstəqilliyi tanındıqdan bəri Azərbaycanın yanında olublar. Əbədiyyətə qədər də belə olacaq. Göy qübbəsi yerə ensə də, heç bir şey Türkiyənin Azərbaycanın yanında olduğu gerçəyini dəyişdirə bilməz! Ancaq biz mövcud status-kvonu necə dəyişdirməyi də düşünməliyik. 17 ildir davam edən işğala sülh yolu ilə necə son qoyula biləcəyinin yollarını axtarmaq lazımdır.
Protokolları imzaladığımız gün də, ondan öncə də, sonra da bütün dünyaya bunu söylədik: Türkiyə və Ermənistan arasında normallaşma yalnız və yalnız bölgədə geniş miqyaslı normallaşma olarsa münbit zəmində inkişaf edə bilər. Bu, o deməkdir ki, Azərbaycan-Ermənistan ixtilafı da həll olunmalıdır. Bu həll necə oluna bilər? Təbii ki, işğala son qoyularaq. Bu, o qədər açıq bir mövqedir ki, Azərbaycanda kimsənin şəkk-şübhəsi olmamalıdır. Biz işğal altındakı Azərbaycan torpaqlarını öz torpağımız sayırıq və onların azad olunması üçün mübarizəmizi davam etdirəcəyik. Biz bu protokolların bu prosesə təkan verəcəyini düşünürük.
Gördüyünüz kimi, son 5 ayda bu istiqamətdə dinamizm də müşahidə olunur. Laçına texniki analiz aparmaq üçün heyət gedib. Bu, Türkiyənin Qafqaz siyasəti ilə bağlıdır. Biz keçirdiyimiz hər görüşdə, getdiyimiz hər beynəlxalq tədbirdə ilk olaraq Qarabağ məsələsini gündəmə gətiririk. Sürixdə protokollar imzalanarkən Hillari Klintonla görüşümdə də yenə Qarabağ məsələsini müzakirə etdik.
Elə hazırda mən burada olarkən bizim nazirliyin nümayəndəsi Ünal Çeviköz Vyanada Minsk Qrupunun toplantısında iştirak edir. Bundan sonra da hər yerdə hətta Azərbaycan gündəmə gətirməsə də Türkiyə Qarabağ məsələsini gündəmə gətirəcək. Bu, bizim milli məsələlərimizdən biridir. Azərbaycan torpağı ilə Türkiyə torpağı, Azərbaycan bayrağı ilə Türkiyə bayrağı arasında fərq qoymuruq".
"72 milyon Türkiyə vətəndaşı Azərbaycanda ölməyə hazırdır"
Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi görüşə toxunan Ə.Davudoğlu deyib ki, görüş iki qardaş arasında görüş necə keçməsi lazımdırsa, o cür keçdi: "Sürixdə protokolların imzalanmasında bir həftə öncə də mən prezident Abdulla Gül ilə birlikdə Naxçıvanda idim. Prezidentimiz Əliyevlə və Elmar bəylə orda da görüşmüşdük. İki qardaş arasında bəzən kiçik narazılıq da ola bilər, amma açıq, səmimi, qardaşyana söhbət etdik. Türkiyə və Azərbaycan xarici işlər nazirləri masaya oturduqda heç vaxt iki tərəf kimi oturmaz, proseslərə eyni perspektivdən baxan eyni tərəf kimi oturur".
Türkiyə diplomatı deyib ki, "biz heç vaxt ikitərəfli görüşlərdə Azərbaycanı fərqli tərəf kimi görməmişik. Mən bu vəzifəyə gəldikdən sonra dünyadakı bütün diplomatik nümayəndəliklərimizə- 120-dən çox səfərlik və 180 baş konsulluğumuza yazılı təlimat göndərdim. Hər yerdə Azərbaycan təmsilçiliyi olmaya bilər.
Təlimatda diplomatlarımıza göstəriş verdim ki, çalışdığınız ölkədə Azərbaycan vətəndaşlarına bizim vətəndaşlarımız kimi yanaşmalısınız, Azərbaycan vətəndaşları Türkiyə səfirliklərinə, nümayəndəliklərinə gəldikdə bizim vətəndaşlarla necə münasibət bəslənilirsə, onlara da o cür münasibət göstərməlisiniz, bir problemləri varsa qapınızı açmalı, o problemi həll etməlisiniz. İstəsəniz, bu yazılı təlimatı Azərbaycan mediasına göndərə bilərəm".
Görüşdə bayraqlarla bağlı yaranmış narazılığa toxundunuzmu?- sualına cavab olaraq nazir bildirib ki, bu məsələ də müzakirə olunub. "Anlaşılmazlıqları dostyana, qardaşyana aradan qaldırmalıyıq. Bizim üçün Türkiyə bayrağı nədirsə, Azərbaycan bayrağı da odur. Bizim də bayraq haqqında qanunumuz var, amma Azərbaycan bayrağı istisnadır. Biz Azərbaycan bayrağını xarici ölkə bayrağı saymırıq. Mənim həmkəndlim var- burada şəhid olub. Bu gün də lazım olarsa, 72 milyon Türkiyə vətəndaşı Azərbaycanda ölməyə hazırdır. Bunu bilin".
"Bursada bayraq məsələsinin provokasiya olduğunu təsbit etdik"
Bursadakı hadisələrə gəlincə, Davudoğlu qeyd edib ki, media yalnız problemli anları göstərir: "Həmin gün Bursada evlərdə, dükanlarda, küçələrdə minlərlə Azərbaycan bayrağı asılmışdı. Mən də stadionda idim. Stadionun müxtəlif yerlərində, hətta prezidentlərin oturduğu şərəf tribunasının önündə 50-dən çox Azərbaycan bayrağı vardı. Lakin FİFA matç günü bayraqla bağlı məlum qərarı verdi. Bizim əsla belə bir tələbimiz olmayıb. Hətta müəyyən sayda Azərbaycan bayrağının içəri keçirilməsinə icazə verilib.
Lakin məni də narahat edən bəzi görüntülər var. Mən Azərbaycan bayrağına hörmətsizliyə dözüm göstərə bilmərəm. Zibil qutusunun içinə atılmış Azərbaycan bayraqlarının görüntüsü məni də çox narahat edib. Biz bu hadisənin araşdırılması təlimatını vermişik. Türkiyədə heç bir zibil qutusunun üstündə WC sözləri yazılmayıb. Naməlum şəxs o qutunun üzərinə sözü yazıb, ora bayraq qoyub və görüntüsünü çəkib. Bu, provokasiyadır. Araşdırma nəticəsində bunun provokasiya olduğunu təsbit etdik.
Bununla yanaşı, o qələbəlik arasında istəməyərək də olsa dövlət nümayəndələrinin də yanlış hərəkətlərə də yol verməsi mümkündür. Biz bunu da araşdırırıq. Bursa valisinin açıqlaması oldu bu barədə. Mən bu araşdırmaların nəticəsini hörmətli Əliyevə gətirmişəm. Bursada bizimlə qardaş Azərbaycan arasında narazılıq yaratmaq məqsədi güdən provokasiya törədilib".
Türkiyəli nazir bildirib ki, bu gün Türkiyədə yüzlərlə Heydər Əliyev, Azərbaycan küçəsi var. "Onlarla yerdə öz liderimizi kimi gördüyümüz Heydər Əliyevin büstləri qoyulub. O büstlərin olduğu hər yerdə Azərbaycan bayrağı dalğalanır. Əbədiyyətə qədər də dalğalanacaq. Ancaq Elmar bəyə də dedim- biz də Azərbaycan kimi dost, qardaş ölkənin türk bayrağını xarici bayraq kimi görməsini istəmərik.
"Azərbaycan bayrağı Türkiyədə əbədiyyən dalğalanacaq"
Şəhidliklərimiz bizim üçün müqəddəs məkandır. Bakıdakı şəhidlikdə yazılmış adlara baxdıqda Anadolunun hər yerindən buraya gəlib şəhid olanları görürsünüz. Halbuki o zaman Anadolu özü işğal altında idi. Amma biz Anadolu və Azərbaycan torpağı arasında fərq qoymadığımız üçün o əsgərlərimiz "ora da bizim torpağımızdır deyə" Azərbaycana gəliblər. Bu şəhidlər bizim yox, sizin- Azərbaycan xalqının şəhidləridir.
Bunu azərbaycanlı qardaşlarımız çox yaxşı anlamalıdır. Bu şəhidlərin kölgəsində uyuduğu bayrağı, o şəhidlərə fatihə oxumaq üçün inşa olunmuş Şəhidlər Camesi Azərbaycana əmanət edilib. Oradakı problemlər bizim yox, sizin probleminizdir. Bizim olsaydı, əsgərlər Sakaryada, Əskişəhərdə ölərdilər. Nə olursa olsun, Azərbaycan bayrağı Türkiyədə əbədiyyən dalğalanacaq. Çünki o bayraq bizim bayrağımızdır. Bəziləri Azərbaycan bayrağına hörmətsizlik edibsə, axıra qədər gedəcəyik və onları tapıb cəzalandıracağıq".
Mətbuat konfransında ayrı-seçkilik
Onu da qeyd edək ki, Əhməd Davutoğlunun mətbuat konfransında media orqanları arasında ayrı-seçkiliyə yol verilib. Belə ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Bülənt Uğurun özünəməxsus səyləri nəticəsində 2-3 media nümayəndəsindən savayı, heç kəs içəri buraxılmayıb.
"Səs" İnformasiya Agentliyinin (SİA) toplantıda iştirak etmək məqsədilə akkreditə olunan əməkdaşı Vasif Həsənlinin də adı öncədən mətbuat konfransına buraxılacaq jurnalistlərin siyahısında olsa da, onu oraya buraxmayıblar.
Hətta, Ə.Davutoğlunun mətbuat konfransında telekanallar və qəzetlərlə yanaşı, digər tanınmış aparıcı informasiya agentliklərinin əməkdaşları iştirak edə bilməyib. Elə mətbuat konfransından öncə də müşahidə olunurdu ki, Bülənt Uğur media orqanları arasında seçim etməyə başlayıb.
"Səs" İnformasiya Agentliyi bundan sonra Türkiyə dövlət qurumları tərəfindən hüquqlarının pozulmayacağına ümid edir. Ümumiyyətlə, biz ümid edirik ki, Davudoğlu və onun təmsil etdiyi AKP dediyi sözlərin arxasında duracaq və erməniyə dəstək verməklə öz qardaşlarına xəyanət etməyəcək.