Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşdırılması, sərhədlərin açılması ilə bağlı protokolların imzalanmasından sonra Türkiyə Böyük Millət Məclisində (TBMM) ratfikasiya olunması ilə bağlı müzakirələr uzun müddət davam edəcək. Bu müzakirələrin nəticəsində protokolun ratfikasiya olunmasının nə dərəcədə mümkünlüyünə ölkə siyasiləri belə münasibət bildirirlər.
Çingiz Bayramov,
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri:
- Nə vaxtsa qardaş, dost ölkə olan Türkiyənin Böyük Millət Məclisində (TBMM) Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolları ratfikasiya etməsinə inanmıram, bunu əsla gözləmirəm. TBMM-in üzvləri Millət Məclisində ilk öncə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı imzalanmış protokolların maddələrini nəzərdən keçirərək, dərindən öyrənəcəklər ki, orada hansı maddələr öz əksini tapıb. İnanıram ki, protokoldakı maddələr TBMM üzvləri tərəfindən öz təsdiqini tapmayacaq. Onlar yaxşı bilirlər ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin hazırkı dövrdə yaxşılaşması Azərbaycanın Türkiyədən küsməsi ilə nəticələnə bilər. Ona görə də, bu ziddiyyətli məqam TBMM üzvlərini xeyli düşünməyə vadar edəcək və bu məsələ uzun müddət müzakirə olunsa da, ratfikasiya olunmayacaq. Bildirim ki, bu protokolların imzalanması təkcə azərbaycanın mövqeyinə deyil, eləcə də, Türkiyənin mənafeinə ziddir. AKP-nin atdığı bu addım türk dünyasının maraqlarına cavab vermir. Türkiyə-Ermənistan arasında imzalanmış protokol, təbii ki, Türkiyə ilə Azərbaycan arasında soyuq münasibət yaradıb. Lakin güman edirəm ki, TBMM üzvləri bu protkolu ratfikasiya etməməklə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında yaranmış soyuq münasibətlərin normallaşdırılması yolunda hansısa addım ata bilər.
Unutmaq olmaz ki, türklərlə azərbaycanlılar eyni millətdir. Bu millətlərin arasına düşmənçilik toxumu səpmək mümkün deyil. Türkiyədə iqtidar partiyasının yanlış, tamamilə doğru olmayan addım atması türk dövlətlərinin, xüsusilə də, Azərbaycanın mənafeyinə qəti şəkildə zidd olsa da, bu, o demək deyil ki, AKP-nin səhvi üzündən xalqlarımız düşmən olmamalıdır. Lakin Türkiyə hökuməti başa düşməlidir ki, Azərbaycan dövlətinin maraqlarına zidd addım atmaq olmaz.
Onu da qeyd edim ki, Bursa şəhərində Azərbaycan bayrağının təhqir olunması məsələsinə gəldik də isə, bildirməliyəm ki, bu hərəkəti edənlərin qanında türk qanı, millət sevgisi yoxdur. Belə insanlar hər yolla iki qardaş xalq arasına düşmənçilik toxumları səpməklə məşğuldurlar. Amma onların bu çirkin niyyəti reallaşmayacaq.
Musa Quliyev,
millət vəkili:
- Qeyd edim ki, Türkiyə-Azərbaycan münasibətlərin çox səmimi, mehriban, dostluq, qardaşlıq şəraitində olan münasibətlərdir. Bu münasibətlərə kölgə salmaq istəyənlər var. Heç şübhəsiz ki, həm Azərbaycanı, həm də Türkiyəni sevməyən çox sayda qüvvələr var. Həmin qüvvələr müəyyən intriqalar yaratmaqla məşğuldurlar. Amma hər iki ölkə çalışmalıdır ki, münasibətlərə zərbə dəyməsin.
Əgər Türkiyənin hökumət başçısı, baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanda verdiyi sözün üzərində dayanmasa, bu, onun nüfuzuna böyük xələl gətirəcək. İmzalanmış protokolların imzalanması ratfikasiya olunmaz deyə düşünürəm.
Türkiyədə rəhbər vəzifədə olan insanlar həm çox gözəl anlayırlar və həm də özləri də qeyd edirlər ki, Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmayınca, Türkiyə ilə Ermənistan arasında münasibətlər öz müsbət həllini tapa bilməz. İlk öncə, Ermənistan öz işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxartmalıdır. Daha sonra Türkiyə ilə Ermənistan aralarındakı münasibətləri yaxşılaşmasından söhbət gedə bilər. Türkiyədə iqtidarda olan AKP rəhbərliyi bilməlidir ki, Azərbaycana qarşı atılan yanlış addımı bütün Türk milləti mənfi qarşılayacaq.
Düşünürəm ki, Türkiyənin Bursa şəhərində Azərbaycan bayrağının təhqir edilməsi məsələsi provakasiyadır.