PDF Oxu

Əsas

  • 12

Ölkə iqtisadiyyatı bütün sahələrdə dinamik şəkildə inkişaf edir

Ölkə iqtisadiyyatı bütün sahələrdə dinamik şəkildə inkişaf edir
Dünən Bakıda, "Gülüstan" sarayında Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə forum keçirilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Dünya Bankının sərəncamçı direktoru xanım Nqozi Okonco-İvealanın sədrlik etdikləri tədbirdə hökumətin, Prezident Administrasiyasının və Milli Məclisin yüksək səviyyəli nümayəndələri, həmçinin Avropa ölkələrinin və ABŞ-ın tanınmış iqtisadçıları iştirak ediblər.
Forumu giriş sözü ilə açan Baş nazirin müavini Abid Şərifov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, müxtəlif sahələrdə həyata keçirilən irimiqyaslı layihələr, sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, son beş ildə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı 2,8 dəfə artıb. Dünyadakı qlobal maliyyə böhranına və bir sıra xarici ölkələrdə iqtisadi artım tempinin enməsinə baxmayaraq, Azərbaycanda bu ilin doqquz ayında ÜDM 6,1 faiz, sənayedə məhsul istehsalı 5 faiz, kənd təsərrüfatında isə 3 faiz artıb. Əhalinin gəlirləri təxminən 10 faiz çoxalmış, orta aylıq əmək haqqı 15 faiz artıb, inflyasiya isə cəmi 2,1 faiz olub. Aparılan düzgün siyasət nəticəsində manatın məzənnəsi sabit saxlanılmış, bu siyasət nəticəsində əhalinin banklarda qoyduğu əmanətin məbləği 11 faiz artıb.
A.Şərifov diqqətə çatdırıb ki, Dünya Bankının ötən il dərc etdiyi hesabata görə, Azərbaycan 181 ölkə arasında 97-ci yerdən 33-cü yerə yüksəlmiş, biznes mühitinin yaxşılaşdırılması üzrə dünyada lider ölkə adını qazanmışdı. Belə mühüm nailiyyətlər isə respublikanın iqtisadi və sosial həyatında son illərdə islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq aləmdə əldə edilən uğurlar və s. nəticəsində mümkün olub. Tədbirin iştirakçıları son illərdə Azərbaycanın orta gəlirli ölkəyə çevrilməsini və yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi əhəmiyyətli tərəqqini vurğulayıblar. Onlar, həmçinin Azərbaycanın infrastrukturun təkmilləşdirilməsi sahəsində əldə etdiyi uğurları qeyd edib və bildirib ki, bu uğurlar ölkənin gələcək inkişafında böyük əhəmiyyətə malik olacaq. Azərbaycanın qlobal miqyasda rəqabətə davamlı iqtisadiyyata malik olan yuxarı orta gəlirli ölkəyə çevrilməsi üçün görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyatın şaxələndirilməsi, iqtisadi artım və iş yerlərinin yaradılmasında qeyri-neft özəl sektorun rolunun artırılması məsələləri, Azərbaycanın insan kapitalının şaxələndirmə strategiyasında mühüm rolu nəzərə alınaraq onun genişləndirilməsi, yerli və xarici investisiya təşəbbüslərinin təşviqində və tarazlaşdırılmış regional sosial-iqtisadi inkişafın təmin olunmasında hökumətin rolunun gücləndirilməsi, qeyri-neft büdcə kəsirinin tədricən azaldılması və dayanıqlı səviyyəyə çatdırılmasına şərait yaratmaq üçün fiskal siyasətin davamlılığı və səmərəliliyə diqqət yetirilməsi məsələləri də müzakirə edilib. Xanım Nqozi Okonco-İveala bildirib ki, forum Azərbaycanın sosial-iqtisadi inkişafını davam etdirmək üçün zəruri olan iqtisadi siyasət və institusional islahatların prioritetlərini açıq şəkildə müzakirə etmək üçün əla imkan yaradıb. Əsas prioritetlər isə infrastrukturun yaxşılaşdırılmasının davam etdirilməsi və regional inkişaf, insan kapitalına sərmayələr və qeyri-neft sektoruna xarici birbaşa investisiyaların cəlb olunmasıdır. Bu addımlar iqtisadiyyatın şaxələndirilməsinə və qlobal iqtisadiyyatda Azərbaycanın mövqeyini qorumaq üçün zəruri olan bünövrəni formalaşdırmağa gətirib çıxaracaq. Forum, həmçinin Dünya Bankının Azərbaycanla 2011-2014-cü illər üzrə Tərəfdaşlıq Strategiyasının elementlərini müəyyənləşdirməyə də kömək edib.

Digər xəbərlər