Erməni terroru: sənədlər və faktlar
Erməni vandalizmi, erməni vəhşiliyi barədə zaman-zaman kitablar yazılıb, qəzetlərdə məqalələr dərc edilib. Bu millətin azərbaycanlılara və türklərə qarşı soyqırım siyasəti həyata keçirməsi demokratik düşüncəli dünya xalqları tərəfindən daim pislənilir. Tanınmış tarixçilər, təhqiqatçılar yazdıqları əsərlərində ermənilərin törətdikləri vəhşilikləri dünya birliyinə faktlarla və sənədlərlə çatdırmağa çalışıblar. "Səs" qəzeti də erməni vandalizmini bir daha cəmiyyətə çatdırmaq üçün "Erməni terroru: sənədlər və faktlar" adlı layihə ilə Azərbaycan Respublikası Prezidenti Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihə əsasına fəaliyyətə başlayıb. Layihənin icrası istiqamətində bir neçə tədbirlər keçirilib. Layihəyə uyğun olaraq "Erməni terroru: sənədlər və faktlar" adlı xüsusi buraxılış dərc edilib. Redaksiyanın qərarı ilə xüsusi buraxılış 10 000 nüsxə ilə çap edilərək, pulsuz olaraq ölkəmizdə akkreditasiya olunan xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə, ayrı-ayrı şirkətlərə, QHT-lərə, qəzet redaksiyalarına təqdim olunacaq.
Xüsusi buraxılışda ötən əsrin əvvəllərində ermənilərin Azərbaycanın bölgələrində törətdikləri vəhşiliklər, kənd və şəhərləri dağıtmalarından, on minlərlə insanı qətlə yetirmələrindən bəhs edən məqalə dərc edilib. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya olunmalarından, XX əsrin 80-90-cı illərində ermənilərin Azərbaycanda törətdikləri terror aktlarından, "Erməni terroru tarixi mənbələrdə", "Azərbaycanlıların soyqırımı mənbələrdə" və digər erməni vəhşiliklərindən bəhs edən məqalələr xüsusi buraxılışda yer alıb.