PDF Oxu

Əsas

  • 15

Ərdoğanla Gül Türkiyəni rəzil etdilər

Ərdoğanla Gül Türkiyəni rəzil etdilər

2009-cu il oktyabrın 15-də Bursa Atatürk stadionunda Türkiyə-Ermənistan matçı və bu oyundan öncə baş vermiş hadisələr AKP hakimiyyətinin Türkiyəni rəzil etdiyini, Azərbaycanın maraqlarını ayaq altına atdığını açıq şəkildə göstərdi və türkçülüyə, türk birliyinə təhqir oldu. İki ölkə arasında imzalanan protokollar isə, sonucda Azərbaycanın maraqlarına zidd olmaqla, Ermənistanın manevr imkanlarını çoxaldır.

Türkiyədəki mənbələrdən verilən məlumata görə, Azərbaycan bayraqlarının Türkiyə-Ermənistan futbol matçının keçirildiyi Bursa Atatürk stadionuna buraxılmaması haqda göstəriş AKP hakimiyyətinin yüksək vəzifəli şəxsi tərəfindən verilib. Bursa valisi Şahabettin Harput yaxın ətrafına bildirib ki, rəsmi Ankara stadionda Azərbaycan bayrağının durumu gərginləşdirəcəyi qənaətindədir və buna görə də, Azərbaycan bayrağının keçirilməsinin qarşısı alınmalıdır.
Lakin məlum qərar ictimaiyyətin narazılığına səbəb olduğuna görə, məsələnin daha incə yolla, FİFA vasitəsilə həll edilməsi qərara alınıb. Maraqlıdır ki, FİFA-nın məlum qərarı mətbuata şəxsən A.Gülə və R.T.Ərdoğana yaxınlığı ilə seçilən "Milliyyət" qəzetinin yazarı Taha Akyol tərəfindən çıxarılıb. Etibarlı mənbə bildirir ki, Türkiyə mətbuatında göstərildiyi kimi, FİFA-nın baş katibi Jerom Valkenin Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənərə zəng etməsi və Azərbaycan bayraqlarının keçirilməsinə qadağa qoyulduğu barədə xəbərdarlığı həqiqəti əks etdirmir.
Bayraqların stadiona keçirilməsinə yol verilməməsi barədə guya Ermənistanın FİFA-ya müraciət etməsi AKP-ni ictimai qınaqdan yayındırmaq məqsədi daşıyan dezinformasiyadır. Ekspertlər FİFA-nın belə bir qərar verməyə hüququnun olmadığını bildirirlər.
Bütün bunların təsdiqi olaraq "Milliyet" yazır ki, prosesi izləyən baş nazir Rəcəb Tayyib Ərdoğan özü müdaxilə etməyə qərar verib. Rəcəb Tayyib Ərdoğan Bursa valisinə telefon açaraq, Azərbaycan bayrağının stadiona daxil olmasına yol verilməməsini, bunun üçün lazımi addımların atılmasını tapşırıb.
Futbol matçı ərəfəsində Bursada ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Məlumata görə, Atatürk stadionu ətrafında 2500 nəfər polis daxil olmaqla 3500 nəfərlik mühafizə kordonu yaradılıb. Azarkeşlər stadiona 3 mərhələli yoxlamadan sonra buraxılıblar.
Türkiyə mətbuatının məlumatına görə, mühafizə xidmətinə qanunla qadağan olunmuş vasitələrlə yanaşı, Azərbaycan bayrağının keçirilməsinə imkan verməmək göstərişi verilib. Bir sıra hallarda azarkeşlərin əlindən Azərbaycan bayrağı alınan zaman onun cırılması, ayaqlar altına düşməsi faktları da müşahidə olunub.
"CNNTürk"ün internet saytında yerləşdirilən videomaterialda stadionda zibil qabına atılmış Azərbaycan bayrağını götürüb seyrçiyə göstərən reportyor bayrağı sanki adi parça imiş kimi, yenidən həmin yerə atır. Bir türkün türk bayrağına belə hörmətsiz davranışı heyrət doğurur.
Qanunla qadağan olunmuş vasitələr kimi, Azərbaycan bayrağının qadağan edilməsi, milli rəmzimizin təhqir olunması AKP hakimiyyətinin Azərbaycana əsil münasibətinin göstəricisidir.
Bakıdakı matçda (Azərbaycan-Rusiya) stadionu Türkiyə bayraqları ilə bəzəyən azarkeşlərimiz AKP hökumətinin xəyanətinə rəğmən türklüyə hörmətlərini göstərsələr də, Bursada Atatürkün adını daşıyan stadionda Ermənistan və Qarabağ separatçılarının bayraqları dalğalanırdı. "Qrant Dinkin ölkəsinə xoş gəldiniz" yazımış plakat isə oyunun əsil mahiyyətini göstərirdi.
Türkiyə millisinin, futbol klublarının müxtəlif çempionatlarda qələbələri zamanı Bakının, Azərbaycanın hər yerində Türkiyə bayraqları dalğalanıb, insanlar gecə yarıya kimi qələbələri qeyd ediblər, Bakının əksər küçələrində Türkiyə bayrağı Azərbaycan bayrağı ilə yanaşı dalğalanır. AKP hakimiyyəti isə ermənilərə xoş gəlmək üçün müxtəlif bəhanələrdən istifadə edərək nəinki bayrağımıza qadağa tətbiq etdi, hətta onun təhqir olunmasına şərait yaratdı.
Türkiyə prezidenti A.Gül Ermənistan prezidenti S.Sarkisyanla görüşündən sonra mətbuata açıqlamasında bildirmişdi: "Tarih yazmıyoruz, tarihi yapıyoruz". Türkiyə hakimiyyəti necə "tarih yapdı"?
Məlum sənədlərin imzalanmasından başlayan və futbol diplomatiyasının davamı ilə hələ də bitməyən bu tarix Türkiyənin Ermənistan qarşısında rəzilliyinin, alçalmasının tarixi olacaq. Bu protokolların imzalanma anından sonrakı məqamda daha aydın göründü. Prosesin təşkilatçıları həmin an erməni naziri qucaqlayıb təbrik etdilər, türk nazir isə kənarda boynunu büküb dişlərini saraltmaqla kifayətləndi. Təkcə bu psixoloji məqam və faktlara diqqət yetirək:
-sənədlərin imzalanması zamanı məğrur E.Nalbandyanın yanında iki qatlanmış Ə.Davudoğlunun pozası (CHP-li Öztürkdən Bakan Davutoğluna Soru: Protokolü imzalarkən suratınız nədən asıktı? (Mənbə- haberler.com internet saytı 14 oktyabr 2009-cu il);
-Davudoğludan sonra baş nazir Ərdoğan "milliliyini" nümayiş etdirərək "Sarı gəlin" mahnısının hansı xalqa məxsus olmasının əhəmiyyət daşımadığını bilə gətirdi: "Azərilərə, türklərə, ermənilərə aid olub-olmadığının heç bir əhəmiyyəti yoxdur. "Sarı gəlin"i dinlədikdə hamımız kövrəlirik. Sözləri fərqli olsa da, musiqisi ilə eyni mənanı anlayırıq. Ortaq gələcəyimizi də sülhpərvər siyasətlə birlikdə qurmalıyıq. Biz Ermənistanla bərabər gələcəyə birlikdə baxaraq, dostluq quracağımıza inanırıq".
-Ermənistan prezidentinə göstərilən hörmət, onun təmtaraqlı qəbulu hələ uzun illər müzakirə mövzusu olacaq. Türkiyə və Ermənistan prezidentləri futbol matçını xüsusi hazırlanmış, Svarovski daşları ilə bəzədilmiş və hər birinin dəyəri 10 min dollar olan kürsülərdə əyləşərək izləyiblər. (Mənbə- Cnnturk, 14.10.2009);
-Edvard Nalbandyan bildirib ki, Türkiyənin birinci xanımı, A.Gülün həyat yoldaşı S.Srkisyanın səfəri şərəfinə özü şəxsən təamlar hazırlayıb: "Türkiyə prezidentinin həyat yoldaşının hazırladığı və Ankaradan gətirilmiş xüsusi yeməklər oldu. Bu jestlə Gül Ermənistan prezidentinin qəbuluna xüsusi istilik gətirmək istədi". (Novosti-Armeniya, 15.10.09);
-Türkiyə və Ermənistan prezidentləri qabağında hər iki dövlətin bayrağı olan bir maşında futbol matçını izləməyə gediblər. (Cnnturk, 15.10.09);
-Ermənistan prezidentinin şərəfinə verilən qonaqlıqda təqdim olunan təamlar: dügün çorbası, zeytunyağı tabağı, tandır börgəsi, İnegöl köfte, Akdeniz yeşillikləri salatası, İskender kebab, tatlı olarak kestaneli pasta və baklava, içecek olaraq kırmızı və beyaz şarap, çay, kahve və s. (Cnnturk, 14.10.09);
-Güllə Ərdoğanın Sarkisyanla davranışları, ona göstərilən hörmət, təmtaraq, sadəcə, qonağa hörmət təəssüratından daha çox, Türkiyənin Ermənistan qarşısında diz çökdüyünü, rəzil duruma düşdüyünü göstərdi.
Bunların müqabilində Ermənistan mətbuatı Ermənistan himninin fitə basıldığını, Ermənistan jurnalistlərinə daş atıldığını yazmaqla açıq şəkildə etiraf edir ki, Gülün və Ərdoğanın reveranslarına baxmayaraq, Türkiyə ictimaiyyəti Ermənistanı qəbul etmək fikrindən uzaqdır.
Göründüyü kimi, "Ermənistan açılımı" çərçivəsində baş verən hadisələr, proseslərin gedişi AKP hakimiyyətinin Türkiyəni Ermənistan qarşısında və bütün dünyanın gözündə alçaltdığını, Azərbaycana və türk birliyinə həqarət etdiyini sübut edir. Bundan sonra Ərdoğanın pafoslu bəyanatlarına, AKP nümayəndələrinin açıqlamalarına inanmaq olarmı?
Beləliklə, sosial-iqtisadi böhran içində boğulan, tam çökmə ərəfəsində olan Ermənistanı AKP son anda xilas etdi. Yüz minlərlə türkü (bunların çox hissəsi Osmanlı türkü olub) amansızlıqla qətlə yetirən, Türkiyəyə ərazi iddiaları olan, türklüyə patoloji nifrət bəsləyən tarix boyu saysız xainliklər edən ermənilərlə türklərin dostluğu hara qədər davam edəcək? Bu sualın cavabını bilməyə az qalıb.
AKP Türkiyədə, demək olar ki, bütün media qurumlarını satın alıb, QHT-ləri öz təsiri altına alıb, türkçüləri təzyiqlərə və həbslərə məruz qoyub, bir sözlə, ictimai rəyə təsir imkanlarını ələ keçirib. Bu səbəbdən də, Türkiyə cəmiyyətinin təpkisi elə də güclü olmadı. Olsaydı, bu sivil mollalar bir az çəkinərdi. Daha "kürd açılımı", "erməni açılımı", "laz açılımı" adı ilə ölkədə vətəndaş qırğını salmağa şərait yaratmazdı.
Bu rüsvayçılıqdan sonra "Azərbaycan Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır" deyənlər haqlı kimi görünür. Lakin burada kiçik bir düzəliş etməyə ehtiyac var. "Türkiyə ilə" yox, "AKP ilə" demək daha doğru olardı. Zatən AKP türk xalqına heç bir aidiyyatı olmadığını dəfələrlə göstərib.
Bu gün türk saytlarını diqqətlə izlədim. Yazılara göndərilən şərhlərdə ötən seçkilərdə AKP-yə səs verənlər qınanır, növbəti seçkidə bu partiyanın heç 20 fazi belə səs toplaya bilməyəcəyi qeyd olunurdu. Qəribədir, türklər bu gün öz ölkələrində azlıq kimi statusdadır, hökumət türk xalqının iradəsi ziddinə siyasət yeridir, sanki hakimiyyətdə başqa xalqın nümayəndələri oturub. Bir qədər əvvəl türk mediasında cümhurbaşqanın anasının erməni olması haqda yazıların dərci də nədənsə xəbər verir.
Türkiyənin imicini zədələyən, türk qardaşlığına ağır zərbə vuran AKP xarici güclərdən aldığı dəstəklə öz planlarını həyata keçirir. Bu dəstəyə o qədər əmindirlər ki, hətta İsrail ilə açıq qarşıdurmaya getməyi belə gözə alıblar. Türk xalqının son seçkilərdə aldığı yanlış qərarın sonucları təkcə Türkiyəyə yox, bütün türklüyə zərər vurur.
Qalstuklu mollalardan başqa nə gözləmək olardı ki? Öz dövlətini Moskvanın və Vaşintqonun əlində oyuncağa çevirən, tarixi düşmənin qarşısında alçaldan, ölkədə milli problemləri qabartmaqla Türkiyəni parçalamağa çalışan bu partiyanın projesi mərhələlərlə həyata keçirilməkdədir.

Digər xəbərlər