PDF Oxu

Əsas

  • 19

TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının toplantısı işə başladı

TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının toplantısı işə başladı
Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransı və TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı keçirildi. 2007-ci ilin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransında Bakı şəhərinin 2009-cu il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan olunması və nazirlərin VI Konfransının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınmışdır.
Bununla əlaqədar olaraq "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilmişdir. Tədbirlər sırasında Mədəniyyət ilinin açılış və bağlanış mərasimləri, İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı, İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digərləri mühüm yer tutur. "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı öz işinə başladı.
Konfransda İKT-yə üzv dövlətlər, bir sıra Avropa dövlətlərinin rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri və yüksək səviyyəli nümayəndələri, tanınmış şəxslər iştirak edir. Konfransın ilk günü İslam Konfransı Təşkilatına üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masa ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülmüş və həmin konfransda əsası qoyulan "Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi" çərçivəsində həyata keçirilir. Konfransdan öncə cari ilin 9-10 oktyabr tarixində Bakıda, həmçinin, İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası olmuşdur. İclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılıb. Bununla yanaşı, 2009-cu ilin 16-17 oktyabr tarixində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq. İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri və bir sıra təşkilatların nümayəndələri iştirak edəcək.
Oktyabrın 13-də Bakı şəhərində Gülüstan Sarayında keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Toqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Çad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri-Prezidentin müşaviri, Oman Respublikasının kral ailəsinin üzvü, mədəniyyət naziri-şahzadə, İSESKO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri, bir çox beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndə və səfirləri, Azərbaycan hökumətinin nümayəndələri iştirak edir. Bir sözlə, konfransın işində 45-dən çox dövlətdən 200-dən çox iştirakçı olmaqla 25 nazir səviyyəli qonaq, 11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Digər xəbərlər