PDF Oxu

Əsas

  • 19

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

(Əvvəli ötən sayımızda)

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR" məqaləsi ictimai rəydə geniş müzakirə mövzusuna çevrilib. Məqalədə bəzi televiziyaların fəaliyyətlərinin haqlı olaraq tənqid olunması cəmiyyətin istəyi kimi dəyərləndirilir. Mövzunun aktuallığını nəzərə alan "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsinə dəyirmi masanın budəfəki mövzusunu "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR"ə həsr etmişdir. Dəyirmi masada millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aynur Quliyeva, Jalə Əliyeva Xəzər Televiziyasının baş müşaviri Qulu Məhərrəmli, media-ekspert Zeynal Məmmədli, filologiya elmlər doktoru, professor Buludxan Xəlilov, filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İctimai Televiziyanın (İTV) "Media haqqında hər şey" proqramının məsul işçisi Rizvan Cəbiyev, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Televiziyasının (AzTv) "Maarifçilik" redaksiyasının baş redaktoru İlham Rəhimli, İTV-nin proqram direktoru Rafiq Nəbiyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin cəmiyyətin maraqlarını ifadə edən məqalə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə KİV-in inkişafı dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul olunur. Ulu öndərimiz Heydər Əliyev söz və mətbuat azadlığına xüsusilə diqqət yetirmiş, azad mətbuatın formalaşıb, inkişaf etdirilməsinə diqqət ayırmışdır: "Dahi öndərimiz Heydər Əliyev KİV-lərin maddi-texniki bazasının genişlənməsinə xüsusi diqqət göstərmiş, demokratik proseslərin, azərbaycançılıq ideyalarının təbliğində KİV-in roluna böyük əhəmiyyət vermişdir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndərimiz "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Baş redaktor ulu öndərimiz Heydər Əliyevin KİV-in fəaliyyətinə toxunarkən, söylədiyi tarixi fikrini "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik. Mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, azaddır. Bu, o deməkdir ki, söz azaddır, fikir azaddır" deyərək, onu da bildirdi ki, mətbuatın inkişafına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam KİV-in inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.
B.Quliyev akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin KİV-in inkişaf etdirilməsi üçün aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirdi: "Ölkə ziyalılarının qeyd etməli olan mövzunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qələmə alınması Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təntənəsidir. Tam əminliklə demək olar ki, televiziyalar tənqiddən nəticə çıxaracaqlar. Bu aktual mövzunun ictimai müzakirəyə çıxarılmasına görə, hörmətli Ramiz müəllimə "Səs" qəzeti olaraq, minnətdarlığımızı bildiririk".
"Səs" qəzetinin baş redaktoru dəyirmi masa iştirakçılarına bu mövzu ətrafında müzakirələrin aparılmasını və televiziyalarda hökm sürən çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsinin vacibliyini söylədi.

ŞOU VERİLİŞLƏRİN JURNALİSTİKAYA HEÇ BİR AİDİYYATI YOXDUR

Zeynal Məmmədli:

- Bütün çıxışlara diqqətlə qulaq asdım, burada hansısa qurumlara səlahiyyətlərin verilməsi fikirləri tez-tez səsləndi. Ancaq səlahiyyətlərin verilməsi mövcud problemlərin həlli demək deyil. Bunun üçün plüralizmin təmin olunmasına diqqət yetirmək lazımdır. Bu məsələləri ölkə Konstitusiyası, insan hüquq və azadlıqları kontekstində həll etmək mümkündür. Səbəbləri də bu kontekstdə axtarmaq lazımdır. Əgər biz şou verilişlərin asanlıqla başa gəldiyi üçün artığını desək, riyakarlıq etmiş olarıq. Şou proqramların artmasının birinci səbəbi reytinqlə bağlıdır. Azərbaycan televiziyasına baxanların sayı ildırım sürəti ilə azalır. Yanvar ayına olan məlumata görə, 100 nəfərdən yalnız 17-si Azərbaycan televiziyalarına baxır. Bu məqalə əsasında burada müzakirə edilən məsələlər neçə illərdir ki, Azərbaycanda gündəmdədir. Hansısa bir reklam şirkəti az reytinqli verilişə reklam verməz.
Faktiki olaraq, "Azərbaycan Dövlət Televiziyasına və İctimai Televiziyaya ödənilən pulların əvəzində hansı effekti alırıq" sualını araşdırmaq olar. Bir xəbərin arxasında duran maliyyə tərəfini aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə, şou verilişlərin jurnalistikaya heç bir adiyyatı yoxdur. O tip verilişləri aparan şəxslər də jurnalistlər deyil, şoumenlərdir. Bu tamam başqa sənəddir və bizə dəxli yoxdur. Bu gün Azərbaycan teleməkanında modorator tipli aparıcı yoxdur. Çünki o tipli verilişin özü yoxdur. Əgər debat və diskussiya xarakterli proqramlar yoxdursa, onda modoratora nə ehtiyac var. Məsələn, məşhur türk xəbər aparıcısı Məhmət Əli Biranı təqlid etmək olar, ancaq məsələ orasındadır ki, onun arxasında bioqrafiya durur. Jurnalistikanın missiyası xəbərləndirməkdir. Ona görə də, yamsılamaq eyib deyil, sadəcə, təqdim etdiyin informasiyanın insanları məlumatlandırması və maarifləndirməsi gərəkdir. Jurnalistika təlxəkləndirmək üçün deyil. Bu sahə məhz məlumatlandırmaq missiyasına xidmət etməlidir. Qəzet işində önəmli olmasa da, televiziyanın və radionun daha bir missiyası isə insanları informasiya ilə əyləndirməkdən ibarətdir. Əyləndirmək dedikdə, təkcə güldürmək deyil, eyni zamanda, hansısa informasiyanın təsiri ilə ağlamaq da nəzərdə tutulur. Bunun üçün verilişlərin tipinə, formatına, onun ərsəyə gəlməsi üçün sərf olunan maddiyyata fikir vermək lazımdır.
Mediamızın maliyyə qaynaqlarının haradan olması da sual doğuran məsələlərdəndir. Nə qədər ki, qaranlıq qaynaqlar olacaq, bəzi televiziyalar kommersiya məqsədilə qazandığı pulları gizlədəcək, o qədər də problemlər olacaq. Məndə faktlar var ki, televiziyalar çox az pulla az effekti əldə edirlər. İctimai Televiziyanın 7-10 milyon manat məbləğində maddi gücü var. Həmin telekanala sual verirəm, bəs nə üçün əyləncəli proqramların yayımına üstünlük verirsiniz? İTV-nin əyləncə proqramlarına üstünlük verməsi, nə dərəcədə düzgündür? Və yaxud Azərbaycan Dövlət Televiziyası təbliğat proqramları yayımlaya bilərmi? Gəlin səmimi olaq, ümumiyyətlə, bu televiziyanın fəaliyyətini tənzimləyən qanun yoxdur. İTV-nin və özəl televiziyaların fəaliyyətini tənzimləyən müvafiq qanunlar var. Ancaq AzTV haqqında bu qanun yoxdur. Yerli telekanallarda efirə gedən verilişlər insanları xəbərləyə bilmir. Onların formatı ilə Türkiyə televiziyalarında yayımlanan verilişlərin formatını müqayisə etmək olmaz.

Rafiq Nəbiyev:

- Zeynal müəllim, əl çəkin televiziyaların pullarını saymaqdan. Gedin, kadr yetişdirin.

Zeynal Məmmədli:

- Bu pullar mənim cibimdən gəldiyi üçün sayıram. Mənim kadrlarım xarici ölkələrdə fəaliyyət göstərir. İTV olaraq borcunuzu yerinə yetirin.

BÜTÜN VƏTƏNDAŞLARI BU PROBLEMLƏRLƏ BİRGƏ MÜBARİZƏ APARMAĞA ÇAĞIRIRAM

Vüqar Rəhimzadə:

- Akademik Ramiz Mehdiyevin televiziyalarda olan problemlərlə bağlı qaldırdığı məsələlər vətəndaş çağırışdı. Cəmiyyət bu problemlərin aradan qalxmasını çox düşünürdü. Öz sənəti ilə zərrə qədər vətəndaşlar qarşısında xidməti olmayan "sənətçilərin" itinə, pişiyinə, maşınının təkərinə qədər efirdə göstərirlər. Amma bu vaxta qədər görməmişəm ki, hansısa efirdə bir xalçaçıdan, misgərdən və s. əl əməyi ilə məşğul olan bir şəxsdən veriliş hazırlansın. Etiraf etmək lazımdır ki, milli ruhda olan müəllif proqramları var. Amma çox təəssüflər olsun ki, həmin verilişlər günün lazımsız vaxtlarında efirə verilir. Televiziya tamaşaçılarının efirə gur baxdığı vaxtlarda isə nə milli ruha, nə ideologiyaya, nə də təlim-tərbiyəyə aidiyyatı olmayan seriallar təqdim olunur. Milli Məclisin üzvü olduğum vaxtlarda istər televiziyalarda gedən, istərsə də küçə reklamları ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Arağın, siqaretin və s. zərər gətirən qidaların reklamları vurulur. İnsanların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən reklamlar isə rast gəlinmir. Hesab edirəm ki, Ramiz Mehdiyevin məqaləsində toxunduğu məsələlər hər bir sağlam düşüncəli insanın ürəyincə olan bir məsələdir. Bütün vətəndaşları bu problemlərlə birgə mübarizə aparmağa çağırıram.

Digər xəbərlər