Xəbər verdiyimiz kimi, Türkiyə və Ermənistan xarici işlər nazirləri İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi olaraq artıq paraflanmış iki protokolu- "İki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokol" adlanan sənədləri imzalayıb. İmzalanma mərasimində ABŞ dövlət katibi Hillari Klinton, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Bernar Kuşner və Avropa Birliyinin xarici işlər üzrə komissarı Havyer Solana da iştirak ediblər. Dünya mediası, siyasilər bunu müxtəlif yozumlar sərgiləməkdədir.
Türkiyə ilə Ermənistan arasında imzalanmış sənədlərdən bəzi məqamları nəzərinizə çatdırırıq.
"İki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında protokol"
"Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası, eyni gündə imzalanan "Münasibətlərin inkişaf etdirilməsi haqqında Protokol"da nəzərdə tutulduğu formada xalqlarının faydasına xidmət etmək məqsədilə yaxşı qonşuluq əlaqələri qurmağı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyi arzulayaraq, BMT Xartiyası, Helsinki Yekun Sənədi, Yeni Avropa üçün Paris Xartiyası çərçivəsindəki öhdəliklərə istinad edərək,
İkitərəfli və beynəlxalq əlaqələrində, bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, torpaq bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət göstərəcəkləri və bu prinsiplərə hörmət göstərilməsini təmin edəcəkləri istiqamətindəki təəhhüdləri bir daha təsdiqləyərək,
İki ölkə arasında etibar və etimad mühiti yaradılmasının və bunun muhafizə edilməsinin, bütün bölgədə sülhün, təhlükəsizliyin sabitliyin güclənməsinə çalışacağını, güc istifadə edilməsindən ya da güc istifadə etmək təhdidindən imtina etmək, anlaşılmazlıqların slüh yolu ilə həlli, insan haqlarının və fundamental azadlıqların qorunmasının əhəmiyyətini nəzərdə tutaraq,
İki ölkə arasındakı mövcud sərhədin beynəlxalq hüququn əlaqəli andlaşmalarında göstərildiyi formada qarşılıqlı olaraq tanındığını təsdiq edərək, ortak sərhədin açılması xüsusunda aldıqları qərarı vurğulayaraq,
Yaxşı qonşuluq əlaqələri anlayışı ilə uyğun gəlməyən hər hansı bir siyasət yürütməyəcəklərinə dair təəhhüdlərini təkrar edərək, hansı səbəbdən olursa-olsun terrorizmin bütün formalarını, zorakılığı və ifratçılığı qınayaraq, bu cür hərəkətlərin təşviqindən və ya buna yol verilməsindən qaçınılacağını və bunlara qarşı mücadilədə işbirliyinə gediləcəyini təəhhüd edərək,
Ortaq mənafelər və xoş niyyət zəminində, sülh, qarşılıqlı anlayış və uyğunlaşdırılmış fəaliyyət qurulması üçün yeni bir model inkişaf etdirmək və istiqamətləri bəlli etmək iradələrini bir daha təsdiq edərək, 1961-ci il tarixli Diplomatik Əlaqələrə Dair Vyana Müqaviləsinə uyğun olaraq, bu Protokolun qüvvəyə mindiyi tarixdən etibarən diplomatik əlaqə qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçilik açılması xüsusunda anlaşmışlar".
"İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokol"
"Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası, eyni gün imzalanan Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokola əsaslanaraq, ikitərəfli münasibətlərin qarşılıqlı faydalara hörmət və etibar əsasında inkişaf etdirmək hədəflərini göz önündə tutaraq, ikitərəfli əlaqələrin iki ölkənin ortaq mənafeləri əsasında, siyasi, iqtisadi, enerji, rabitə, elmi, texniki, mədəni və digər sahələrdə inkişaf etdirməyə və irəlilətməyə qərarlı olaraq, beynəlxalq və regional təşkilatlarda iş birliyinin, iki ölkə arasında xüsusilə BMT, ATƏT, Avropa Şurası, Avropa-Atlantik İş birliyi Şurası və QDİƏT çərçivəsində inkişaf etdirilməsinə dəstək verərək, İki dövlətin bölgədə demokratik və real inkişafın təmin edilməsi, regional sabitlik və etibarın artırılması üçün iş birliyi qurmaq istiqamətində ortaq məqsədlərini diqqətə alaraq, regional və beynəlxalq münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülhpərvər şəkildə həll olunması xüsusundakı təəhhüdlərini təkrarlayaraq, Terrorizm, transmilli cinayətlər, narkotik və silah qaçaqmalçılığı kimi regiona və dünya təhlükəsizliyi və sabitliyinə yönəlik təhdidlər məsələsində beynəlxalq ictimaiyyətin cəhdlərini dəstəkləməyə hazır olduqlarını yenidən vurğulayaraq,
1. Bu Protokolun qüvvəyə minməsindən etibarən 2 ay ərzində ortaq sərhədin açılması xüsusunda anlaşırlar,
2. Hər iki ölkənin xarici işlər nazirlikləri arasında nizamlı siyasi əlaqələr yaradılması, İki xalq arasında qarşılıqlı etimad yaradılması məqsədilə, mövcud problemlərin tanımlanmasına və tövsiyələr verməsinə yönəlik olaraq, tarixi qaynaq və arxivlərin tərəfsiz elmi araşdırılmasının da daxil olacağı bir dialoqun başlanması, İki ölkə arasında mövcud rabitə, əlaqələr, enerji infrastrukturu və şəbəkələrindən istifadə edilməsi və bu yöndə tədbirlər görülməsi, İki ölkə arasında işbirliyini gücləndirmək məqsədilə ikitərəfli hüquqi çərçivənin inkişaf etdirilməsi, Müvafiq qurumlar arasında əlaqələrin dəstəklənməsi və mütəxəssis və tələbə mübadiləsini təşviq etmək yoluyla elm və təhsil sahələrində əməkdaşlıq edilməsi və iki tərəfə aid mədəni irsin qorunması və ortaq layihələrin başlanması məqsədilə hərəkətə keçilməsi, İki ölkənin vətəndaşlarına zəruri yardımı və mühafizəni təmin etmək üçün 1963-cü il tarixli Konsulluq Əlaqələrinə dair Vyana Müqaviləsi əsasında konsulluq sahəsində əməkdaşlıq təsis edilməsi, İki ölkə arasında ticarət, turizm və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə zəruri tədbirlər görülməsi, Ekologiya məsələlərinə dair dialoq başlanması və əməkdaşlığın gücləndirilməsi xüsuslarında anlaşırlar.
3. Bu Protokolun 2-ci bəndində ifadə edilən öhdəliklərinin sürətli şəkildə yerinə yetirilməsini təmin etmək üçün alt komissiyaları da ehtiva edən Hökumətlərarası ikitərəfli Komissiyanın qurulması xüsusunda anlaşırlar. Hökumətlərarası Komissiyanın və alt komissiyaların qaydalarını hazırlamaq üçün bu Protokolun qüvvəyə mindiyi gündən 2 ay sonra iki xarici işlər nazirliyində bir işçi qrupu yaradılacaq. Bu fəaliyyət qaydaları, bu Protokolun qüvvəyə minəcəyi 3 ay ərzində nazirlər səviyyəsində razılaşdırılacaq. Hökumətlərarası Komissiya qeyd edilən fəaliyyət qaydalarının qəbul edilməsindən dərhal sonra ilk toplantısını keçirəcək. Alt komissiyalar bu andan etibarən ən geci 1 ay ərzində fəaliyyətə başlayacaq və vəzifələrini yerinə yetirənədək fasiləsiz olaraq çalışacaq. Lazım gəldiyi hallarda alt komissiyalara beynəlxalq mütəxəssislər də qatılacaq".
Protokolun əlavə
sənədində nələr
nəzərdə tutulub?
Protokolun əlavə sənədində də münasibətlərin necə inkişaf etdiriləcəyinə dair ünsürlər və vaxt sxemi yer alır:
Atılacaq addımlar:
1. Ortaq sərhədin açılması: Türkiyə Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında İkitərəfli Münasibətlərin İnkişaf etdirilməsinə dair Protokolun qüvvəyə minməsindən sonra iki aylıq müddət içində
2. İki xarici işlər nazirinin sədrliyi ilə Hökumətlərarası Komissiyanın və alt komissiyaların fəlaiyyət qaydalarını hazırlamaq üçün İşçi Qrupun yaradılması: Protokolun qüvvəyə mindiyi gündən 2 ay sonra
3. Hökumətlərarası Komissiyanın və alt komissiyaların fəaliyyət qaydalarının nazirlər səviyyəsində razılaşdırılması: Protokolun qüvvəyə minməsindən sonra 3 ay ərzində
4. Hökumətlərarası Komissiyanın ilk toplantısının keçirilməsi: fəaliyyət qaydalarını nazirlər səviyyəsində razılaşdırılmasından dərhal sonra
5. Aşağıdakı alt komissiyaların fəaliyyətə başlamaları:
- siyasi əlaqələr alt komissiyası;
- rabitə, nəqliyyat və enerji infrastruktur və şəbəkələri alt komissiyası;
- hüquqi mövzular üzrə alt komissiya;
- elm və təhsil alt komissiyası;
- ticarət, turizm və iqtisadi əməkdaşlıq alt komissiyası;
- ekoloji problemlər üzrə alt komissiya;
- tarixi məsələlər üzrə alt komissiya iki xalq arasında qarşılıqlı etimad yaradılması məqsədilə mövcud problemlərin tanımlanmasına və tövsiyələr verilməsinə yönəlik olaraq, tarixi qaynaq və arxivlərin tərəfsiz elmi araşdırılmasını da ehtiva edən bir dialoq yaradılmasının müzakirəyə çıxarılması (bu dialoqda Türkiyə, Ermənistan və İsveçrə təmsilçiləri ilə digər beynəlxalq mütəxəssislər də yer alacaqlar): Hökumətlərarası Komissiyanın ilk toplantısından ən geci 1 ay sonra".
Rəcəb Tayyib
Ərdoğan
Bakıda verdiyi
sözünü tutmadı
Beləliklə, qeyd olunan protokollar ikitərəfli münasibətlərin nizamlanması çərçivəsini müəyyənləşdirir. Xarici işlər nazirləri tərəfindən imzalanmış protokollar ratifikasiya üçün parlamentlərə təqdim olunacaq.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən kəsilib. Həmin vaxtdan iki ölkə arasında sərhədlər də bağlanıb. Bunun əsas səbəbləri isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Türkiyəyə ərazi iddialarının olması və qondarma "erməni soyqırımı" iddiasıdır.
Bu ilin mayında isə Bakıya gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyincə və Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla münasibətlərin bərpa edilməyəcəyini vəd etmişdi.
"Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərində ciddi dəyşiklik gözləmək mümkün deyil". SİA-nın türk xəbər agentliklərinə istinadən bu fikirləri Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını əks etdirən protokollara münasibət bildirərkən deyib.
"Biz Azərbaycana verdiyimiz sözün üstündə dururuq. Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir. Azərbaycan torpaqları işğaldan azad olunmayanadək Türkiyə ilə Ermənistan arasında pozitiv münasibətlərin qurulmasından söhbət gedə bilməz",- Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, protokolların imzalanması tarixi bir addımdır. "Lakin son sözü Türkiyə Böyük Millət Məclisi deyəcək"- baş nazir qeyd edib.
"Sakitcə imzala, çıx get".
Maraqlı məqam: İmzalanma mərasimi boyu sakit görünən Sergey Lavrov protokolları imzalamaqdan imtina etmiş Edvard Nalbandyanı yola gətirə bilib. Belə ki, Lavrov Nalbandayana kağız ötürdükdən sonra, erməni naziri özündə cəsarət taparaq protokolları imzalayıb. Kağızda isə bu sözlərin yazıldığı bildirilir: "Sakitcə imzala, çıx get".