Bakının və Xəzəryanı Yeparxiyanın dirçəlişinə həsr olunmuş konsert
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakının və Xəzəryanı Yeparxiyanın dirçəlişinin 10 illiyi münasibətilə konsert keçirildi.
Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata konsertdən əvvəl çıxış edərək Yeparxiyanın tarixindən söz açdı. O bildirdi ki, 1905-ci ildə yaradılan Yeparxiya o zaman Bakı Arxiyerey Kafedrası adlanırdı. 1936-cı ildə din rəsmən qadağan edilmişdi. Lakin Azərbaycan milli müstəqilliyini və suverenliyini bərpa etdikdən sonra dini həyatın nizama salınmasının zəruriliyi yaranmışdı. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinoqunun qərarına əsasən, habelə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi sayəsində Yeparxiya yenidən yaradılmışdır.
Tarixi mənbələrdən məlumdur ki, Azərbaycanda əsas konfessiyaların nümayəndələri dinc, yanaşı yaşamışlar. Ölkədə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında xoş münasibətlər mövcuddur. Azərbaycanda müxtəlif millətlərin həyat tərzi zəmanəmiz üçün optimal modeldir.
Tədbirdə Rus Pravoslav Kilsəsinin nümayəndəsi yepiskop Aleksandr ata birinci dərəcəli "Müqəddəs Apostol Varfolomey" qızıl medalını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova təqdim etdi. Yüksək mükafata görə Bakının və Xəzəryanı bölgənin Yeparxiyasının başçısına təşəkkürünü bildirən Hidayət Orucov ölkəmizdə vicdan azadlığının bərqərar olmasında, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində və dövlət ilə din arasında münasibətlərin inkişaf etdirilməsində dahi lider Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırdı. Dövlətin din sahəsində siyasətinin konseptual əsaslarının təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda bu kursu Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir.
Sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında S.Raxmaninov, P.Çesnokov, A.Şnitke, K.Şvedov, A.Bortnyanski, A.Arxangelskinin dini əsərləri səsləndirildi.
Tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iştirak edirdilər.