PDF Oxu

Əsas

  • 12

Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş Beynəlxalq İbn Ərəbi Simpoziumu

Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş Beynəlxalq İbn Ərəbi Simpoziumu
XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçirildi. Milli Elmlər Akademiyasının və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir, Böyük Britaniya, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa ölkələrin tanınmış alimləri, elmi ictimaiyyətin nümayəndələri, habelə, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.
Elmi tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, alimin qızı Mehriban Əliyeva iştirak edirdi.
Simpoziumu giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbirin mədəniyyətlərarası dialoqun davamı kimi qiymətləndirib, bu dialoqun görkəmli şərqşünas alim, gözəl insan və pedaqoq Aida İmanquliyevanın elmi yaradıcılığının əsas mahiyyətini daha mükəmməl öyrənməsinə xidmət etdiyini göstərir. Simpoziumun professor Aida xanımın 70 illik yubileyinə həsr olunmasında da dərin rəmzi məna vardır. Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkanda yerləşdiyinə görə həm Qərbi, həm də Şərqi qavramaq üçün nadir imkanlar verir. Azərbaycanın ictimai həyatı və mədəniyyəti həm Şərqin, həm də Qərbin mütərəqqi ideya və dəyərlərini özündə yaşadır.
Geniş şəkildə təşkil olunmuş elmi simpozium öz işini Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilə davam etdirdi.
Tamaşanın dirijoru, əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəssamı, xalq rəssamı Hafiz İsmayılov, quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada əsas rolları Leyli rolunu xalq artisti Aygün Bayramova, Məcnun rolunu xalq artisti Mənsum İbrahimov ifa edirdilər.
Ölməz sənətkar Üzeyir Hacibəylinin böyük ustalıqla yaratdığı opera iştirakçılar tərəfindən alqışlandı.
Beynəlxalq elmi simpozium "ÜNS" teatrında görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş konsertlə davam etdirildi. Xatirə konserti orijinal notlar üzərində köklənmişdi. Gecədə Aida xanımın qızı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edirdi. Məcnun Kərimovun rəhbərliyi altında qədim musiqi alətləri ansamblının ifasında "Naxışbəstə" əsəri səsləndi. Sonra tamaşaçılara Bəyimxanım Mirzəyeva və Elnur Zeynalovun ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından təsirli görüş səhnəsi təqdim olundu.
Konsertin böyük hissəsi Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçdi. Udçalan Mircavad Cəfərovun ifasında Fikrət Əmirovun "Mən səni araram" mahnısı səsləndirildi. Konsertin proqramına xalq mahnısı "Sarı gəlin", Vasif Adıgözəlovun "Qərənfil" mahnısı, tarzən Rüfət Həsənovun ifasında Nazim Rzayevin "Çahargah rapsodiyası", kamançaçalan Elşən Mansurovun ifasında Süleyman Ələsgərovun "Tarantella" əsəri, Səid Rüstəmovun "Hardasan" mahnısı da daxil edilmişdi.
Samir Cəfərov və Nurlanə Abbaszadənin ifasında Səid Rüstəmovun "İntizar" mahnısı simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Sonra Samir Cəfərov tamaşaçılara Üzeyir Hacıbəylinin "Sevgili canan" romansını təqdim etdi. Ənvər Sadıqov akkardeonda Emin Sabitoğlunun əsərini, "Natiq" ritm qrupu isə "Naxışlar" kompozisiyasını ifa etdilər.
Konsert "Uzundərə" rəqsinin və "Rəqs çələngi"nin ifası ilə başa çatdı. Konsert Aida xanım İmanquliyevanın bir-birini əvəzləyən fotoşəkilləri, habelə, zövqlə seçilmiş Şərq miniatürləri fonunda davam etdirildi.

Digər xəbərlər