PDF Oxu

Əsas

  • 18

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR" məqaləsi ictimai rəydə geniş müzakirə mövzusuna çevrilib. Məqalədə bəzi televiziyaların fəaliyyətlərinin haqlı olaraq tənqid olunması cəmiyyətin istəyi kimi dəyərləndirilir. Mövzunun aktuallığını nəzərə alan "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsinə dəyirmi masanın budəfəki mövzusunu "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR"ə həsr etmişdir. Dəyirmi masada millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aynur Quliyeva, Jalə Əliyeva Xəzər Televiziyasının baş müşaviri Qulu Məhərrəmli, media-ekspert Zeynal Məmmədli, filologiya elmlər doktoru, professor Buludxan Xəlilov, filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İctimai Televiziyanın (İTV) "Media haqqında hər şey" proqramının məsul işçisi Rizvan Cəbiyev, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Televiziyasının (AzTv) "Maarifçilik" redaksiyasının baş redaktoru İlham Rəhimli, İTV-nin proqram direktoru Rafiq Nəbiyev iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin cəmiyyətin maraqlarını ifadə edən məqalə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə KİV-in inkişafı dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul olunur. Ulu öndərimiz Heydər Əliyev söz və mətbuat azadlığına xüsusilə diqqət yetirmiş, azad mətbuatın formalaşıb, inkişaf etdirilməsinə diqqət ayırmışdır: "Dahi öndərimiz Heydər Əliyev KİV-lərin maddi-texniki bazasının genişlənməsinə xüsusi diqqət göstərmiş, demokratik proseslərin, azərbaycançılıq ideyalarının təbliğində KİV-in roluna böyük əhəmiyyət vermişdir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndərimiz "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Baş redaktor ulu öndərimiz Heydər Əliyevin KİV-in fəaliyyətinə toxunarkən, söylədiyi tarixi fikrini "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik. Mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, azaddır. Bu, o deməkdir ki, söz azaddır, fikir azaddır" deyərək, onu da bildirdi ki, mətbuatın inkişafına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam KİV-in inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.
B.Quliyev akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin KİV-in inkişaf etdirilməsi üçün aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirdi: "Ölkə ziyalılarının qeyd etməli olan mövzunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qələmə alınması Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təntənəsidir. Tam əminliklə demək olar ki, televiziyalar tənqiddən nəticə çıxaracaqlar. Bu aktual mövzunun ictimai müzakirəyə çıxarılmasına görə, hörmətli Ramiz müəllimə "Səs" qəzeti olaraq, minnətdarlığımızı bildiririk".
"Səs" qəzetinin baş redaktoru dəyirmi masa iştirakçılarına bu mövzu ətrafında müzakirələrin aparılmasını və televiziyalarda hökm sürən çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsinin vacibliyini söylədi.

TELEVİZİYA PROQRAMLAR ŞƏBƏKƏSİNDƏ DƏYİŞİKLİKLƏRƏ BAŞLAMALIYIQ

Qənirə Paşayeva:
- Bu gün Azərbaycan teleməkanı intellektual verilişlərin olmamasından əziyyət çəkir. Yəni, insanlar çox ciddi, maraqlı verilişlərin əksikliyini hiss edir. Ramiz Mehdiyev bu məqalədə bir çox məsələlərə toxunaraq cəmiyyətin müzakirəsinə çıxarıb. Bu gün gənclər arasında sorğu keçirsək, onların çox az bir hissəsi Azərbaycanın milli qəhrəmanlarının adını sadalaya bilər. Ancaq bu gün efirə çıxan müğənnilərin doğum günlərinə qədər bilirlər. Hansısa bir qəhrəman haqqında verilişləri çox nadir hallarda görürük. Heç olmazsa onları ad günündə yad etmək olar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan insanlar haqqında verilişlər, filmlər göstərməliyik ki, gənclərimiz örnək, nümunə götürsünlər. Türkiyədə olan zaman mənə sual verdilər ki, "Kurdlar Vadisi" serialının qəhrəmanı Polad Ələmdara münasibətiniz necədir? Mən cavab verdim ki, bu günə qədər gənclərimiz Brus Lini, Rembonu, Arnold Şvarsneggeri və s. şəxsləri özlərinə kumir hesab edirdilər. P.Ələmdar isə türkdür və qoy, heç olmazsa, gənclərimiz ona oxşamağa çalışsınlar. Gənclər hər zaman onlara təqdim olunanlara oxşamağa çalışır. Ona görə efirə səviyyəli verilişlər vermək lazımdır. Həyatını ölkəmizin tərəqqisinə həsr edən insanların yaradıcılıq və elm yolu haqqında proqramlar çox azdır. Onları eşitməyə ehtiyacımız var. Hesab edirəm ki, televiziya proqramlar şəbəkəsində dəyişikliklərə başlamalıyıq. Peşəkar kadrlardan çox şey asılıdır. Bu mənada, hansısa proqramın hazırlanması üçün televiziyalarımıza xarici mütəxəssislər dəvət oluna bilər. Gənclərimizin gələcəyi naminə bu məsələlərdə çox ciddi dönüş etməliyik. Puldan daha çox düşünməli olacağımız məsələlər var. Təbii ki, televiziyaların yaşaması üçün pul lazımdır, ancaq hər şeydə pul güdmək olmaz.

JURNALİSTİKAYA ÜZ TUTANLARIN BÖYÜK ƏKSƏRİYYƏTİ QAZANC MƏQSƏDİ GÜDÜR

Buludxan Xəlilov:
- İstənilən problemin həlli peşəkarlıqdan asılıdır. Ramiz Mehdiyevin məqaləsində qaldırdığı bu məsələ çox ciddi məsələdir. Televiziya, radio və mətbuat bizim sosial, iqtisadi, ictimai və mədəni həyatımızın güzgüsüdür. Televiziyanın tələblərimizi təmin etməməsinin səbəbini araşdırmalıyıq. İstərdim ki, Mətbuat Şurası Ramiz müəllimin qaldırdığı problemlərlə bağlı monitorinqlər aparsın. Müxtəlif KİV-də çalışan jurnalistlərin baza təhsilinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Tərəddüd etmədən deyə bilərəm ki, onların yarıdan çox faizi qeyri-ixtisas sahibləridir. Ona görə ki, cəmiyyətimizdə jurnalist olmaq istəyənlərə böyük meydan verilib. Bunun səbəbi ondan ibarətdir ki, həmin insanlar jurnalistikadan istifadə edərək, özlərinə dolanışıq yeri tapmaq istəyirlər. Məsələn, müğənnilər şou-biznes sahəsindən istifadə edərək pul qazandıqları kimi jurnalistikaya üz tutanların böyük əksəriyyəti bu məqsədi güdür. Akademikin məqaləsində bu məsələ ciddi şəkildə qoyulub. Orada qeyd olunur ki, vaxtilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və onun konkret planı var idi. İndi özəl universitetlərin hamısı jurnalist buraxır. Onların kadr hazırlığının səviyyəsi isə başqa söhbətin mövzusudur. KİV-də və mətbuatda əsil jurnalist ixtisasına yiyələnənlər çalışmalıdır. Bu sahəyə üz tutan qeyri-peşəkarlar jurnalistikanın tarixini, mədəniyyətini bilmir. Emosional və popurist çıxışlar etmək hələ ziyalı olmaq, xalqın tarixini bilmək demək deyil. Bu insanlar böhtan atmağa adi hal kimi baxırlar. Əgər mətbuatımızın tarixini 50 ildən sonra vərəqləsək, gələcək nəsil indiki nəsili qınayacaq. KİV və məbuatda peşəkarlara üstünlük verilməlidir. Bu sahəyə rəhbərlik edən insanlar nə üçün peşəkarlara üstünlük vermirlər?

Qənirə Paşayeva:
- Jurnalistika fakültəsi hələ jurnalist yetişdirir demək deyil. Bu fakültəni fərqlənmə diplomla bitirənlər var ki, heç adını düzgün yaza bilmir.

Buludxan Xəlilov:
- Azərbaycanın müxtəlif sahələrdə nüfuzlu ziyalıları var. Jurnalist səviyyəli olarsa, onun gördüyü iş də səviyyəli olar. Kadr hazırlığı problemini aradan qaldırmaq üçün bu sahəyə mütəxəssislər cəlb olunmalıdır. Bir faktı qeyd etmək istəyirəm. Bir nəfər azərbaycanlı tələbə Tbilisidə erməninin başçılıq etdiyi dini təşkilata üzv olub. Bu dini təşkilatın mahiyyəti ondan ibarətdir ki, o millətlərin qardaşlığını təbliğ edir, deyir erməni düşmən deyil və müharibə etməyin. Həmin tələbə deyir ki, iki qardaşım var və onların heç biri müharibəyə getməyəcək. Hətta qanunlar onu aparıb həbsxanaya salsa da, onlar müharibəyə getməməkdə israrlıdır. Bu faktlar yerli televiziyalarda şou proqramların meydan almasına, gənclərin bu sahəyə kəskin meyillənməsindən irəli gəlir. Azərbaycan məkanındakı jurnalistlərin lüğət tərkibini hesablasaq, onlar 5-10 sözdən artıq olmayacaq. Nənə-babalarımızın lüğət tərkibi onlarınkından qat-qat zəngindir. Bu da onların nəzəri hazırlığının olmamasından qaynaqlanır.

YERLİ TELEVİZİYA KANALLARININ BÖYÜK ƏKSƏRİYYƏTİ XARİCİ KANALLARI
TƏKRAR EDİR

Hikmət Babaoğlu:
- Akademik Ramiz Mehdiyev məsələyə toxunmaqla ictimai müzakirələri qabartmış oldu ki, buna da böyük ehtiyac var idi. Məqalədə bu məsələlər elmi-konseptual şəkildə sistemləşdirilib. Birincisi, milli vətənpərvərliyin təbliği ilə bağlı proqramların olmaması tənqid olunur. İkincisi, şou verilişlər həddən artıq çoxdur, üçüncüsü isə, intellektual verilişlər azdır. Əhəmiyyətlisi odur ki, cəmiyyətimizdə bu xəstəliyin diaqnozu qoyulub, indi onun müalicəsini aparmalıyıq. Hər bir televiziya, ictimai təşkilat, sosial qurum və siyasi institut həmin cəmiyyətin özünün törəməsidir. Burada cəmiyyətimizin bu vəziyyətə layiq olduğu nəticəsinə gələ bilmərik. Vaxitlə Vaqif Səmədoğlu çox gözəl şeir yazmışdı: "Azadlıq, sən mənim anamsan, mən sənin yadlar qapısında böyüyən balan". Bu problem də yadlar tərəfindən törədilən problemlərdir. Yerli televiziya kanallarının böyük əksəriyyəti xarici kanalları təkrar etmək, Türkiyədə, Rusiyada olan verilişləri efirə gətirmək istəyirlər. Bu verilişlər cəmiyyətimizin özündə istehsal olunmadığı üçün bizlərə yaddır. Məsələn, Türkiyənin Kanal D televiziya kanalında Məhmət Əli Biran çox maraqlı xəbərlər verilişi aparır. Burada əl jestləri ilə fikirlərini ifadə etməyə çalışır ki, onun təsiri emosional olsun. Bu da xəbərlərin daha yaddaqalan şəkildə mənimsənilməsinə yol açır. Bu aparıcı etdiyi jestlərin mahiyyətini dərk edir, etdiyi hərəkətlərin fərqindədir. Ancaq bizim aparıcılar bunu mexaniki şəkildə təkrar edirlər. Bu da arzuolunan nəticəni vermir.
Problemin qanunla tənzimlənməsi məsələsi çox çətindir. Qanun dövlət tərəfindən müəyyənləşdirilmiş ümumi, məcburi davranış qaydasıdır. Qanun, eyni zamanda, qadağalar toplusudur. Televiziya məkanı isə azad auditoriyadır. Azadlıq bizim qanunla məhdudlaşdırılmayan fəaliyyətimizdir. Fəlsəfə özü-özünü qidalandırdığı kimi, televiziya ilə cəmiyyət arasında münasibət də bu şəkildə qurulmalıdır. Təbii ki, cəmiyyət öz borcunu yerinə yetirir, ancaq televiziya cəmiyyətə olan borcundan çıxa bilmir. Çünki cəmiyyətin layiq olduğu verilişlərdən məhrumuq. Sovet dövründə Əziz Nesinin yazdığı "Yaltaqlıq" hekayəsinə diqqət yönəltmək istəyirəm. Əsərdə yaltaq adlı obraz yaradılıb. Həmin obraz o qədər yaltaqlıq edir ki, hətta yaltaqlığı belə gözdən salır. Bu gün Azərbaycan teleməkanında olan şou proqramlar şounun həm mahiyyətini itirir, həm də gözdən salır. Əgər şouda itellekt, maarifləndirmə, məntiq varsa və mədəniyyət təmsil olunursa, əlbəttə, buna baxmaq lazımdır. Şounu gözdən salmağa heç kəsin haqqı yoxdur. Hesab edirəm ki, Ramiz Mehdiyevin yazdığı məqalədə bu məsələ konseptual və akademik şəkildə qoyulub. Düşünürəm ki, bu axtarışlar öz nəticəsini verəcək.
Hər bir mətbuat orqanının kadr problemi var. Yəni, özümüzü keyfiyyətli və peşəkar jurnalist kadrı ilə təmin edə bilmirik. Televiziya intellektual, mədəniyyət, ideya və s. istehsalçısı olmalıdır. İndiki vəziyyətə nəzər salsaq, görərik ki, bu məsələlər ətrafında Azərbaycan teleməkanında kifayət qədər problemlər var. İctimai müzakirələrin aparılaması vacibdir və müəyyən nəticənin əldə olunmasına qədər davam etməlidir. Ölkə ziyalıları Ramiz müəllimin verdiyi tezislər əsasında fəaliyyət göstərməlidir.

(Ardı var)

Digər xəbərlər