Hikmət Babaoğlu: “Azərbaycan televiziyalarının auditoriyası yoxdur”
Dünən "Yeni Azərbaycan" qəzetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunan "Azərbaycan efir məkanı: problemlər və perspektivlər" adlı məqaləsinə həsr olunan dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Elçin Hüseynbəyli, Kino Xadimləri İttifaqının nümayəndəsi İlham Rəhimli, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə iştirak ediblər. Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın efir məkanında olan problemlərin aradan qaldırılmasında ölkə ziyalıları, ictimaiyyət də yaxından iştirak etməlidir. Onun sözlərinə görə, efirlərdə mahnıların çoxu təhrif olunur, müəllif hüquqları pozulur. O söyləyib ki, televiziyalarda vətənpərvərliyi təbliğ edəcək hekayələrin, əbədi bədii məhsulların səhnələşdirilərək cəmiyyətə təqdim etmə prosselərində də müəyyən problemlər var. Azərbaycan televiziyalarının auditoriyasının olmadığını deyən Baş redaktor söyləyib ki, günahı Azərbaycan tamaşaçısının üzərinə atmaq düzgün deyil. Onun fikrincə, Azərbaycan tamaşaçısı yüksək zövqə malikdir. Efir məkanlarında xarici kanallardan oğurlanan verilişlərə münasibət bildirən H.Babaoğlu qeyd edb ki,"Hər bir işin orijinalı gözəldir. Orijinala nə qədər bənzəməyə çalışsalarda bu mümkün olmayacaq. Bizim televiziyalar kimisə təqlid etməyə, yamsılamağa çalışırlar. Bununla da eybəcər, anormal bir səhnə ortaya çıxır. O çıxışında efirdə səslənən nalayiq sözlərlə də bağlı öz fikrilərini bildirib. Tədbirdə çıxış edən Kino Xadimləri İttifaqının nümayəndəsi İlham Rəhimli vurğulayıb ki, özəl televiziyalarda çatışmayan cəhətlərindən biri onların dövlətçilik konsepsiyasının olmamasıdır. Onun sözlərinə görə, televiziyanın bütün dünyada 3 əsas funksiyası var: əyləncə, informasiya, maarifləndirmə. O bildirib ki, əyləncə və informasiya dolayı yolla maarifləndirməyə xidmət etməlidir. "Efirdə yüksək estetik zövq meyar götürülməlidir. Əgər belə olsa tədricən şou verilişlər sıradan çıxar. Efirdə tamaşaçı zövqünə xidmət etmək yox, tamaşaçıları yüksək estetik zövq vərdişinə yiyələnməyə yönəltmək lazımdır. Tamaşaçının arxası ilə getmək günahdır. Çünki kütləvi incəsənət mütləq fəlakətə aparır",- deyə o qeyd edib. O əlavə edib ki, nə qədərki özəl televiziyalarda dövlətçiliyə xidmət edən konseptual konsepsiyalar yoxdur bu problem hər zaman özünü göstərəcək. Televiziyaların "tamaşaçı zövqünü nəzərə alırıq" söyləməsi yalnış fikridir, deyən AYB-nin nümayəndəsi Elçin Hüseynbəyli çıxışında bildirib ki, Azərbaycan tamaşaçısı digər başqa mədəniyyətləri, intellektual mədəniyyətləri, fəlsəfəni həzm edən bir millətdir. Onun fikrincə, efirdə gedən verilişlər səviyyəsizdir, Azərbaycan xalqının isə yüksək səviyyəli verlişlərə ehtiyacı var. "Efirdə bayağı verilişlərin artmasına səbəb kommersiya xarekterli olan verilişlərdir. Bundan başqa reklam xarakteri daşıyan və maliyyə əldə etmək hərisliyi kanallarda belə verilişlərin sayının artmasına səbəb olub. Çox təəssüf ki, Ramiz Mehdiyevin yazdığı yazı cəmiyyəti silkələsə də televiziyalarda buna heç bir reaksiya verilmir",- deyə o qeyd edib. Qeyd edək ki, dəyirmi masada televiziyalarda, aparıcılar arasında hökm sürən savadsızlıq, qeyri-peşəkarlıq və digər məsələlər də müzakirə edilib.