PDF Oxu

Əsas

  • 17

Regionların inkişafı ilə bağlı yeni proqram qeyri-neft sektorunun sıçrayışlı inkişafını nəzərdə tutur

Regionların inkişafı ilə bağlı yeni proqram qeyri-neft sektorunun sıçrayışlı inkişafını nəzərdə tutur
Dünən "Yeni Azərbaycan" qəzeti Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına informasiya dəstəyi" layihəsi çərçivəsində "Dövlət Proqoramının icrasından irəli gələn məsələlərlə bağlı" tədbir keçirdi.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, layihə rəhbəri Hikmət Babaoğlu dövlətin KİV-lərə göstərdiyi böyük dəstəyi önə çəkərək bu günə qədər mətbuatın sahəsində görülmüş işlərdən söz açdı.
Sonra layihə rəhbəri tədbirin mövzusu ilə bağlı məsələyə diqqət çəkərək bildirdi ki, Azərbaycanda dinamik inkişafın sürətlənməsində, makroiqtisadi sabitliyin möhkəmlənməsində və bölgələrin bərabər şəkildə inkişaf etməsində mühüm rol oynayan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı hökumətin iqtisadi siyasətinin bütün parametrlərini özündə əks etdirməklə konseptual strategiya kimi dəyərləndirilir: "Birinci beşillikdə ölkənin ümumi inkişafı üçün yüksək effekt verən bu konsepsiyanı davam etdirmək üçün hökumət həmin siyasətin məntiqi davamı olaraq 2009-2013-cü illərə dair "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın hazırlayıb".
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən İİN-in regionların inkişafı və dövlət proqramları üzrə şöbəsinin müdiri Sahib Məmmədov söylədi ki, yeni proqram iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəd olacaq: "Ümumiyyətlə, yeni Dövlət Proqramının ana xətti qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Təbii ki, bu məqsədlə yeni sənəd kənd təsərrüfatı, emal və yeyinti sənayesi, nəqliyyat, tikinti, infrastruktur, rabitə, turizm ilə bağlı sahələri əhatə edən layihələrlə zəngin olacaq. Bunun üçün hökumət bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığını təmin etməyə çalışacaq. Ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq üçün digər tədbirlərlə bağlı kompleks islahatları həyata keçirmək nəzərdə tutulur".
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə dedi ki, 2009-2013-cü illərə dair Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır: "Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir. Yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi üçün sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi və digər tədbirlər də proqramın başlıca istiqamətlərini təşkil edəcək".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev 2009-2013-cü illərdə sosial problemlərə daha çox diqqətin ayrılacağını söylədi: "Rayonların qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması üzrə təkliflər dərindən təhlil olunacaq, buna müvafiq tədbirlər görüləcək. Rayonlardakı məktəblərin, xəstəxanaların, digər səhiyyə obyektlərinin bərpası, rabitə və nəqliyyat xidmətlərinin əhatəli şəkildə təmin olunması proqramın başlıca istiqamətlərini təşkil edəcək. 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bir sözlə, yeni proqramı bir növ, regionların deyil, kəndlərin inkişaf proqramı da adlandırmaq olar".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə regionların inkişafı ilə bağlı yeni layihələrin maliyyə mənbələrinə toxunub: "Hökumət yaxın illərdə ölkənin valyuta sərvətlərinin bir neçə dəfə artacağını və bu vəsaitlərin həmin iqtisadi tədbirləri həyata keçirməyə imkan verəcəyini proqnozlaşdırır. Yeni proqramın reallaşması məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb".
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun nümayəndələri də iştirak edib.

Digər xəbərlər