Şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən simpozium keçiriləcək
Oktyabrın 9-dan 11-dək Bakıda XX əsrin tanınmış şərqşünas alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumu keçiriləcəkdir.
Milli Elmlər Akademiyasının və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə alimin bu istiqamətdə tədqiqatları və araşdırmaları ətrafında müzakirələr aparılacaqdır. Simpoziumda görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və əlaqələri, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mərhələsinin mədəni təməlini formalaşdıran amillər, İbn Ərəbinin bədii, fəlsəfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzularda məruzələr dinləniləcək, bu istiqamətdə müasir dünya elmini düşündürən problemlər ətraflı müzakirə olunacaqdır.
Aida İmanquliyeva Şərq-Qərb elmi-mədəni əlaqələrini nəzəri problem kimi əsaslı və sistemli şəkildə tədqiq və təhlil edərək şərqşünaslıq elminin bu istiqamətində yeni mərhələ açmışdır. Alimin 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" adlı simpoziumda dünyanın humanitar və ictimai elmlər sahəsində aparıcı elm mərkəzləri olan ABŞ-ın Corc Vaşinqton və Boston universitetlərinin, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun, Sankt-Peterburq Şərq Əlyazmalar İnstitutunun, eləcə də Fransa, İspaniya, Misir və digər ölkələrin tanınmış alimləri iştirak edəcəklər.