PDF Oxu

Əsas

  • 20

Regionlar sürətlə inkişaf edir

Regionlar sürətlə inkişaf edir
Bu gün ölkəmizin hər yerində böyük abadlıq və quruculuq işləri aparılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu respublikamızı nəinki regionun liderinə, eyni zamanda, dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində, o cümlədən, Saatlı rayonunda da tərəqqi hiss edilməkdədir. Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov ölkəmizin sosial-iqtisadi həyatında yeni inkişaf mərhələsinin başlandığını bildirdi:
- Son illər Azərbaycan uğurlu inkişaf yolu ilə addımlayır. Buna ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətini Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində nail olunub. Xüsusilə, ölkə rəhbəri İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Saatlıda da qabarıq şəkildə büruzə verir. Son beş ildə xalqımız bütün sahələrdə böyük dəyişiklik və yeniləşmənin şahidi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqlərində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq etdi ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda yüksək makroiqtisadi göstəricilərə nail olunmuşdur. Nəticədə 2009-cu ilin birinci yarısında ölkəmizdə ümumi daxili məhsul 3,6 faiz artmış, ümumilikdə, son beş ildə iqtisadiyyatın həcmi 2,6, sənaye istehsalı isə 2,5 dəfə artıb. Ümumi daxili məhsulun adambaşına düşən nominal həcmi Azərbaycanda 2003-cü illə müqayisədə 5 dəfə artaraq 4440 manat təşkil edib. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə iqtisadiyyatına 57 milyard dollar investisiya qoyulub ki, onun da 44 milyardı və ya 77 faizi son 5 ilin payına düşür. Onu da qeyd edək ki, ölkəmizdə müşahidə edilən hərtərəfli inkişafdan Saatlı rayonuna da pay düşüb. Qeyd etmək yerinə düşər ki, Saatlı rayon ictimaiyyəti 2009-cu ili, xüsusilə, əlamətdar bir il hesab edirlər. Ötən müddət ərzində xeyli iş görülüb və bir xeyli işin də görülməsi planlaşdırılıb. Belə ki, bu illər ərzində abadlıq-quruculuq və yaşıllaşdırma sahəsində görülən işlərin indi də davam etdirilməsinə başlıca diqqət ayrılmışdır. Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca, eləcə də rayonun Bəylik kəndindəki girişdən Varxan kəndinə qədər olan 25 kilometrlik məsafədə geniş həcmli işlər görülüb, ərazidən keçən magistral avtomobil yolunun kənarındakı gölməçə və çökək ərazilərə 4000 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınması üçün hazırlanıb və 560 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilibdir. Həmçinin, magistral yolun kənarında yerləşən, vətəndaşlara məxsus və bərbad vəziyyətdə olan hasarlar sökülərək 1080 kubmetr yeni daş hasar çəkilib, 2600 kvadratmetr sahə suvadılaraq rənglənibdir.
"Şəhidlər Xiyabanı" parkının ərazisində və qarşı tərəfdə parkın salınması və "Azərbaycanlıların soyqırımı" abidəsinin tikilməsi üçün ərazinin çökək hissələrinə torpaq daşınaraq hamarlanmış, yeni səki və yaşıllıq zolaqlarının salınması üçün hazırlıq işləri davam etdirilir. İlin əvvəlində ağac əkilməsi kampaniyası mütəşəkkil şəkildə keçirilibdir. Təkcə yaz mövsümündə 29500 ağac əkilib. Payız mövsümündə 35000 ağacın əkilməsi üçün hazırlıq işləri görülüb. Eyni zamanda, şəhərin Heydər Əliyev prospekti ətrafında yerləşən beşmərtəbəli yaşayış binaları massivində iki yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüyü və suaxıdıcı novları yenisi ilə əvəz edilmiş, hər iki binanın fasad hissəsi suvadılaraq rənglənib. Həmin ərazidə yeni tikilmiş "İstirahət park"ında 720 kvadratmetr sahəyə bəzək plitəsi, 1448 kubmetr sahəyə mərmər döşənmiş, şəhər ərazisindəki küçə və daxili yolların 9156 kvadratmetri çınqıl örtüklə təmir olunubdur. M.Ə.Rəsulzadə küçəsində 172 metr uzunluğunda yeni səki çəkilmiş və yaşıllıq zolağının salınması üçün hazırlıq işləri aparılıbdır.
Bütün bunlarla bərabər, Heydər Əliyev prospektinin döngələrinə, M.Ə.Rəsulzadə, M.Əzizov, Şəhriyar, M.Şəfi, M.Kərimov, 20 Yanvar, Q.Qarayev, O.Rzayev, M.Əzizbəyov, Nəsimi, Cavanşir, Vidadi, M.P.Vaqif, S.Vurğun və Babək küçələrinə ümumilikdə 36990 kvadratmetr asfalt vurulub və bu işlər hazırda da davam etdirilir.
Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynovun Qıraqlı kənd qəbiristanlığındakı büstü və qəbirüstü abidəsi, eləcə də Milli Qəhrəmanın ata və anasının qəbirlərinin üstü yenidən abadlaşdırılıb, abidələr mərmər daşlarla düzəldilərək ətrafı məhəccərlə əhatə olunubdur. Bundan başqa, 2-ci qrup Qarabağ müharibəsi əlili Əfqan Astanov üçün Mollavazlı kəndində fərdi yaşayış evi tikilibdir. Hazırda rayonun güzəştli ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan ikimərtəbəli, 16 mənzilli yeni yaşayış binasında tikinti işləri davam edir.
Respublikamızda ilk dəfə olaraq Saatlı rayonunda Araz çayı üzərində asma körpü tikilib istifadəyə verilibdir. Novruzlu və Yeni Novruzlu kəndlərini birləşdirən, 106 metr uzunluğu, avtomobillərin gedişi və piyadaların keçidi üçün ayrılmış yol nəzərə alınmaqla eni 6,5 metr olan körpü 27 iyul 2009-cu ildə istifadəyə verilibdir. Həmçinin, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binasının tikintisi də tamamlanmaqdadır. Bundan əlavə rayonda Baytarlıq idarəsinin yeni inzibati binası və diaqnostik kabinet tikilib. Əlisoltanlı kəndində "İnter Spin" MMC-nin inşa etdiyi pambıq sapəyirmə fabrikinin tikintisi isə hazırda davam etdirilir.
Rayonda fəaliyyət göstərən "CTS-AQRO" MMC, "Saatlı-Pambıq" ASC və "Pambıq" kiçik müəssisəsi fermer və əhali təsərrüfatları pambıq əkini ilə əlaqədar müqavilələr bağlanılaraq onlara avans kimi nəqd vəsait verilmiş və toxumluq çiyidlə təmin edilibdir. Saatlı "Aqroservis" filialı əkinlə əlaqədar şum, mala işləri və digər lizinq xidmətləri göstərmiş, 1571 ton azot, 1525 ton fosfor gübrələrinin güzəştli satışı təşkil edilibdir.
Mil-Muğan Meşə Meliorasiya, Suvarma Sistemləri və Meloservis idarələri tərəfindən rayonun əksər kəndlərində 317,48 kilometr müxtəlif ölçülü suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 924 min kubmetr həcmində lildən təmizləmə və bərpa işləri görülüb, Suvarma Sistemləri İdarəsinin 80 hidrotexniki qurğusu, 4 istehsal binası, 14 hidropostu, 14 kilometr kanalı, 4 nasos stansiyası cari təmir edilib və yamacbərkitmə işləri aparılıbdır. Bildirim ki, bu il sahələrdən yüksək məhsul əldə edilibdir. Belə ki, 101562 ton taxıl toplanmışdır ki, bu da keçən illə müqayisədə 20638 ton çox olmaqla hər hektardan 38,5 sentner məhsul deməkdir. Cəmi 93707 ton olmaqla hər hektardan 39,4 sentner buğda, cəmi 7854,6 ton olmaqla hər hektardan 30,1 sentner arpa götürülübdür. Cari ildə 350 hektar sahədən 3479 ton kartof, 222 hektar sahədən 2035 ton tərəvəz, 76 hektar sahədən 1641 ton bostan məhsulu və bağlardan 751 ton müxtəlif növ meyvə məhsulu toplanılıbdır.
Bir məsələni də vurğulamaq istərdim ki, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətlərindəndir. Qeyd edim ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Saatlı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirin böyük əhəmiyyəti var. Tədbirdə regionlarda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin, onların idxalı əvəzetmə imkanları və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi ilə bağlı faydalı müzakirələr aparıldı. Bu gün bir daha vurğulamaq yerinə düşər ki, 2009-cü ildə sahibkarlığın inkişafına 130 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılıb. Artıq bu vəsaitin 95 milyon manatı fond tərəfindən sahibkarlığın inkişafına istiqamətləndirilib.
Sadalananlar bir daha təsdiqləyir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf proqramının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı daha güclü, qüdrətli dövlətə çevirdiyi kimi, regionlarımızın da inkişafına gətirib çıxarıb. O cümlədən, bu gün Saatlıda da çox işlər görülüb və bundan sonra da çox işlər görüləcək.

Digər xəbərlər