PDF Oxu

Əsas

  • 15

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR" məqaləsi ictimai rəydə geniş müzakirə mövzusuna çevrilib. Məqalədə bəzi televiziyaların fəaliyyətlərinin haqlı olaraq tənqid olunması cəmiyyətin istəyi kimi dəyərləndirilir. Mövzunun aktuallığını nəzərə alan "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsinə dəyirmi masanın budəfəki mövzusunu "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR" ə həsr etmişdir. Dəyirmi masada millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aynur Quliyeva, Jalə Əliyeva Xəzər Televiziyasının baş müşaviri Qulu Məhərrəmli, media-ekspert Zeynal Məmmədli, filologiya elmlər doktoru, professor Buludxan Xəlilov, filologiya elmlər doktoru, professor Nizammədin Şəmsizadə, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İctimai Televiziyanın (İTV) "Media haqqında hər şey" proqramının məsul işçisi Rizvan Cəbiyev, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Televiziyasının (AzTv) "Maarifçilik" redaksiyasının baş redaktoru İlham Rəhimli, İTV-nin proqram direktoru Rafiq Nəbiyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin cəmiyyətin maraqlarını ifadə edən məqalə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə KİV-in inkişafı dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul olunur. Ulu öndərimiz Heydər Əliyev söz və mətbuat azadlığına xüsusilə diqqət yetirmiş, azad mətbuatın formalaşıb, inkişaf etdirilməsinə diqqət ayırmışdır: "Dahi öndərimiz Heydər Əliyev KİV-lərin maddi-texniki bazasının genişlənməsinə xüsusi diqqət göstərmiş, demokratik proseslərin, azərbaycançılıq ideyalarının təbliğində KİV-in roluna böyük əhəmiyyət vermişdir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndərimiz "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Baş redaktor ulu öndərimiz Heydər Əliyevin KİV-in fəaliyyətinə toxunarkən, söylədiyi tarixi fikrini "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik. Mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, azaddır. Bu, o deməkdir ki, söz azaddır, fikir azaddır" deyərək, onu da bildirdi ki, mətbuatın inkişafına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam KİV-in inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.
B.Quliyev akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin KİV-in inkişaf etdirilməsi üçün aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirdi: "Ölkə ziyalılarının qeyd etməli olan mövzunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qələmə alınması Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təntənəsidir. Tam əminliklə demək olar ki, televiziyalar tənqiddən nəticə çıxaracaqlar. Bu aktual mövzunun ictimai müzakirəyə çıxarılmasına görə, hörmətli Ramiz müəllimə "Səs" qəzeti olaraq, minnətdarlığımızı bildiririk".
"Səs" qəzetinin baş redaktoru dəyirmi masa iştirakçılarına bu mövzu ətrafında müzakirələrin aparılmasını və televiziyalarda hökm sürən çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsinin vacibliyini söylədi.

ŞOU-BİZNESİN TELEMƏKANDA GENİŞ İŞIQLANDIRILMASININ ƏLEYHİNƏYƏM

Qənirə Paşayeva:

- Bu mövzu ətrafında fikirlərimizi sistemləşdirərək danışmalıyıq. Uzun təftişə başlasaq, bu, çıxışlarımızın uzanmasına səbəb olar. Təbii ki, Azərbaycanın televiziya məkanındakı vəziyyət ürəkaçan deyil. Zənnimcə, burada iki ciddi problem var. Birincisi, Azərbaycan tamaşaçısı televiziya məkanında maraqlı heç nə görmür. Narahatlıq doğuran digər məqam ondan ibarətdir ki, televiziya məkanına olan etibar yetərli dərəcədə deyil. Xarici səfərlərdə tez-tez oluram və onlarla söhbətimdə hər zaman bildirirlər ki, Azərbaycan televiziyalarına baxanda, bu ölkənin müharibə vəziyyətində olduğu hiss olunmur. Azərbaycanda şou-biznes, əyləncə televiziya məkanını tamamilə zəbt edib. Bu da 20 faiz torpağı işğal altında olan, bir milyondan artıq vətəndaşının qaçqın və məcburi şəraitində yaşayan bir ölkə üçün normal deyil. Hərbi-vətənpərvərlik maövzularının daha geniş işıqlandırılmasına ehtiyac var. Təəssüflər olsun ki, hərbi-vətənpərvərlik deyəndə, ordu və hərbçilər nəzərdə tutulur. Əksinə, bu ifadə yuxarıda qeyd olunan anlayışlarla məhdudlaşmır. Hərbi-vətənpərvərlik daha geniş məfhumdur və onun gənclərdə formalaşması istiqamətində geniş işlər görülməlidir.
Yadımdadır ki, ATƏT-lə birgə juranlistikanın vəziyyəti ilə bağlı tədbir keçirilirdi. Həmin tədbirdə bir sıra ölkə ziyalıları iştirak edirdi. O zaman televiziya verilişlərinin reytinqi açıqlanarkən, demişdim ki, cəmiyyətə nə veririksə, bir müddətdən sonra ona tələbat artır. Gözəl atalara sözümüz var ki, "nə tökərsən aşına, o da çıxar qaşığına". Mən şou-biznesin əleyhinə deyiləm, amma onun teleməkanda geniş işıqlandırılmasının əleyhinəyəm. Mədəniyyət və şou-biznesin hər zaman ayrı tutulmasının tərəfdarıyam. Hesab edirəm ki, şou-biznesin televiziyanın efir vaxtının nə qədər hissəsini tuta bilməsi müəyyənləşdirilməlidir. Bu məsələ akademik Ramiz Mehdiyevin məqaləsində də qeyd olunmuşdu. Məqalədə şou-biznes mövzusunun telekanallarda işıqlandırılmasının faiz göstəriciləri qeyd olunmuşdu. Onlar çox böyük rəqəm idi. Düşünürəm ki, həmin faizlər aşağı salınmalı və onların yerini maarifləndirmə verilişləri tutmalıdır. Dünya telekanallarına baxsaq, görərik ki, müxtəlif sahələr üzrə maarifləndirici verilişlər var. Azərbaycan teleməkanında isə, bu cür maarifləndirici verilişlərin yayımına ehtiyac var. Bəzən vətəndaşlar Milli Məclisdə qəbul olunan qanunlardan və onlara edilən əlavə və dəyişikliklərdən xəbərdar olmur. Bu məlumatsızlıq da müəyyən problemlərə gətirib çıxarır. Bildirmək istəyirəm ki, MM-in müzakirəsinə təqdim olunan qanun layihələri barədə maarifləndirici verilişlər hazırlamaq lazımdır.

YERLİ TELEKANALLARIN BUGÜNKÜ VƏZİYYƏTİ İLƏ BAĞLI MONİTORİNQLƏR
APARILMALIDIR

Məlahət İbrahimqızı:

- Akademik Ramiz Mehdiyevin mətbuatda dərc olunan məqaləsindən sonra "Səs" qəzetinin mövzu ətrafında dəyirmi masa təşkil etməsi təqdirəlayiqdir. Əslində, Ramiz Mehdiyev ziyalıların deməli olduğu sözləri deyib. Ölkə ziyalıları bu məsələ ilə bağlı ciddi məsələ qaldırmalı və bütün ictimai rəyi bu istiqamətə yönləndirməli idi. Hesab edirəm ki, Ramiz müəllim ölkə teleməkanını dərindən təhlil edib və yazdığı məqalədə təhlilin tezislərini verib. Məqaləni nəzərdən keçirsək, görərik ki, daha çox problemlər ortaya çıxır. Bu problemlərin aradan qaldırılması üçün senzura deyil, ictimai qınaq olmalıdır. Bu sahədə monitorinqlər aparılmalıdır ki, Ramiz Mehdiyevin məqaləsində qeyd olunan tövsiyələr kampaniya xarakterli olmasın və onlara əməl olunsun. Azərbaycan mətbuatında senzura ləğv olunub və biz bununla fəxr edirik. Söz, mətbuat azadlığına geniş yer verildiyi bir vaxtda telekanallardakı vəziyyət acınacaqlı haldadır. Bəzən mənəviyyatdan danışmağa haqqı olmayan bir şəxsi bu məsələ ilə bağlı efirə çıxarırlar.
Keçən il prezident seçkiləri ilə bağlı keçirilən tədbirlərin birində Lider Televiziyasının jurnalisti yeniyetmələrin hər birinə böyüyəndə hansı peşə sahibi olmaq istəkləri ilə bağlı sual verdi. Onların hamısı gələcəkdə artist olmaq istədiklərini bildirdilər. Gəlin görək, Şövkət Ələkbərova ilə Aygün Kazımovanı, Röyanı, Rəqsanəni müqayisə edə bilərikmi? Ş.Ələkbərovanın, Mələkxanım Eyyubovanın, Sara Qədimovanın və s. sənətkarlarımızın məktəbi var. Onların isə, sənətlərinin heç bir məktəbi yoxdur. Onlara baxan gənclərimiz əsil vətəndaş kimi formalaşa bilməz. Röyanın bir neçə gün bundan öncə, hamilə vəziyyətində efirə çıxması əsil biabırçılıqdır. Bu ifadəmə görə, hər kəsdən üzr istəyirəm. 60 yaşında bir qadının övladlarından utandığı halda, Röya kimi bir gəncin efirə çıxması və ictimaiyyətə təqdim olunması yolverilməzdir. Bu cür məsələlər ürəyimizin qanayan yeridir. Bu gedişlə bizim mənəviyyatımız hara gedir? Bütün dünyada fəxr etdiyimiz Azərbaycan mədəniyyəti və incəsənəti görün hansı vəziyyətdədir?
Ölkəmizdə keçirilən muğam simpoziumunda Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün nə dərəcədə müasirləşsək və inkişaf etsək də, yenə öz dəyərlərimiz var. Dövlət başçısı nitqində onu da qeyd etdi ki, biz milli dəyərlərimizə sahib çıxmalıyıq.
JURNALİSTİKAMIZDA
KADR PROBLEMİ VAR

Qulu Məhərrəmli:

- Ramiz Mehdiyevin məqaləsi kontekstində düşünəcəyimiz məsələlər var. Məqalədə əks olunan bütün məsələlər nəticədir. İctimai məsələlərin əsas məqsədi isə, mövcud problemlərin səbəblərinin aşkarlanmasından ibarətdir. Bu gün Azərbaycan cəmiyyəti televiziyalardan gözlədiyini ala bilmir. Bunların nədən qaynaqlandığı hər kəsə məlumdur. Ölkəmizdə televiziya yayımının qanunvericilik bazası çox mükəmməldir. "Məlumat azadlığı haqqında", "Teleradio yayımı haqqında", "İctimai televiziya haqqında" və s. qanunlar mövcuddur. Bu gün şouproqramlar cəmiyyəti qıcıqlandırır. Bunlar tamam başqa nəsl yetişdirir, başqa dəyərləri istinad edir. Ona görə də, bu tip verilişlərin proqram siyasətində həcm etibarı ilə geniş yer tutmasının əleyhinə olmalıyıq. Televiziya kanallarında şou olmalıdır, ancaq nə üçün? Nə üçün şou proqramlarımız vətənpərvərlik mövzusunda olan, araşdırma xarakterli verilişlərdən üstündür? Ona görə ki, tərəzinin o biri gözünü düz saxlaya bilmirik. Ən çatışmayan cəhətimiz peşəkarlıqdır. Televiziyalar ciddi araşdırma verilişlərinə yer ayırmalıdır. Bu gün ölkəmizdə həddindən artıq inkişaf tempi var və bu templə televiziya məkanının vəziyyəti tamamilə əks-qütbdə dayanır. Azərbaycan dövlətinin və hakimiyyətinin böyük uğurları var, xarici siyasətlə bağlı ciddi addımlar atılır. Televiziyada vəziyyət isə fərqlidir.
"Dünya azərbaycanlılarının mediası" adlı sayt yaratmışıq və onun forumunu keçirmək istəyirik. Bu hadisəyə müxtəlif reaksiyalar var. Bu da ölkədəki gerçəkliyin yerli telekanallarda əks olunmamasıdır. Yaxud da çox zəif, sönük, yanlış və manipulyativ formada əks olunması ilə bağlıdır. Ramiz Mehdiyevin məqaləsində də bununla bağlı müqayisələr verilib. Xarici telekanallarda yayımlanan səviyyəli proqramların bizdə olmamasının səbəbi onun hazırlana bilməməsi ilə bağlıdır. Onun yerli kanallarımızda yayımlanması üçün maliyyə vəsaiti, peşəkar aparıcı kadr, lazımi sistem qurulmalıdır. Bizim kanallarda yayımlanan verilişlər sistemli şəkildə deyil. Ona görə ki, televiziya məkanında olan ənənələr pozulur, itir. Bunun nəticəsində də bu gür problemlər yaranır. Rusiya, Ukrayna və s. MDB ölkələrinin televiziyasından bu istiqamətdə müəyyən örnəklər götürmək olar. Problemlərimizi ekrana gətirməklə cəmiyyətimiz, televiziyalarımız daha çox uduzur. Əlbəttə, jurnalistikamızda kadr problemi var. Eyni zamanda, yerli televiziyalarda çox ciddi cılızlaşma gedir. Bunun da müxtəlif səbəbləri var. Ramiz Mehdiyev yazdığı məqalədə mövcud problemləri göstərməklə yanaşı, onlardan çıxış yolunu göstərir.

SON ZAMANLAR AZƏRBAYCANIN MƏDƏNİYYƏT ALƏMİNDƏ ŞOU-BİZNES İFADƏSİ GÜNDƏMƏ GƏTİRİLİB VƏ ARTIQ HƏR BİRİMİZİ NARAHAT EDİR

Jalə Əliyeva:

- "Səs" qəzetinə, bu mövzuda diskussiya təşkil etdiyinə görə, minnətdarlığımı bildirirəm. Bu cür diskussiyaların qurulmasına səbəb olan akademik Ramiz Mehdiyevə təşəkkür edirəm. Hər birimizi narahat edən və düşündürən bir məsələyə toxunub. Bu məqalə, sadəcə, məqalə deyil, zənnimcə, elmi araşdırmanın konseptual əsasıdır. Bu məqalə konseptual baxımından, televiziya və radio məkanı üçün proqram sənədi ola bilər. Düşünürəm ki, bu, həqiqətən də, belədir. Bunlar Azərbaycan mədəniyyətinin inkişafında zərrə qədər də olsa, rolu olan insan üçün əhəmiyyətli tövsiyələrdir. İnanıram ki, bundan sonra bu işlə məşğul olan və özünü peşəkar adlandıran hər bir insan bu məqalədən irəli gələn fikirlərə və müddəalara mütləq riayət edəcək. Onu iş prinsipi olaraq qarşısına məqsəd qoyacaqdır. Burada "Şou-biznes haqqında" qanuna toxunuldu. Ümumiyyətlə, son zamanlar Azərbaycanın mədəniyyət aləmində şou-biznes ifadəsi gündəmə gətirilib və artıq hər birimizi narahat edir. Milli Məclisdə bununla əlaqədar müzakirələr aparılıb. Qeyd olunub ki, şou-biznes niyə yaranıb, nəyə xidmət edir və nə üçün gənclərimizi bu gün klassik musiqiyə, əhəmiyyətli ədəbiyyat nümunəsinə, hansısa tarixi hadisəyə deyil, məhz bu cür verilişlərə maraq göstərirlər. Bunun günahı kimdədir? Bu mövzu o qədər genişdir ki, onun ətrafında günlərlə müzakirə aparmaq olar və aparmalıyıq da. Daha əvvəl həyəcan təbilini çalıb, bu haqda fikirlərimizi birdirməli idik. Amma olan olub, keçən keçib. Artıq bu vəziyyətə gəlib çatmışıq. İndi bu vəziyyətdən çıxış yollarını axtarıb tapmalıyıq. Çıxış yollarını axtarıb taparkən, qanunlara istinad edirlər. Sual verilir ki, məsələ ilə bağlı qanunlarımızdamı boşluqlar var? Cəmiyyəti ancaq qanunlarla idarə etmək mümkün deyil. Yəni, insanları nəyəsə məcbur etmək düzgün deyil. Bu məsələlərə, eyni zamanda, vicdanla yanaşmaq lazımdır. İnsan öz vicdanı, bacarığı və səriştəsi ilə ortaya fəaliyyət qoymalıdır.
Tədbirə gələrkən, Azərbaycanda "Televiziya və Radio Yayımı haqqında" 2002-ci ildə qəbul edilən qanunu gətirmişəm. Burada KİV-in hüququnun nədən ibarət olması, bu hüquqların pozulmasına görə tətbiq olunan cəza tədbirləri, eləcə də, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalar çox açıq şəkildə bildirilib. Bu yaxınlarda İnzibati Xətalar Məcəlləsindən bir çıxarışın maddəsi əlimə keçib. Onu buraya gətirmişəm. "Televiziya və Radio Yayımı haqqında" qanunvericiliyin pozulması üçün nəzərdə tutulan müddəaların birində deyilir ki, 60 manatdan 90 manatadək miqdarda, hüquqi şəxslər isə 200 manatdan 300 manata qədər miqdarda cərimə olunurlar. Düşünürəm ki, bu məbləğ televiziya məkanı üçün o qədər də böyük deyil. Onlar bu məbləği asanlıqla verə biləcəkləri üçün hər hansı qanun pozuntusunda da narahatlıq keçirmirlər. Düşünürlər ki, bu məbləği bir saniyəlik reklamdan əldə etmək mümkündür.

(Ardı var)

Digər xəbərlər