Türkiyə iqtidarı Azərbaycana xəyanət edir?
Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsinə Türkiyə vətəndaşları, xüsusilə də, adıçəkilən ölkənin müxalifəti sərt münasibət göstərir. Bundan sonra, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti iddialarını reallaşdırmağa cəht göstərəcəkmi? Eləcə də, erməni diasporası da Serj Sarkisyanı Fransada, ABŞ-da etirazla qarşılanması məlumdur. Görəsən, görüşlərin uğursuzluqla müşayiət olunması protokolun imzalanmasını təxirə sala bilərmi? Bu və ya digər suallara aydınlıq gətirmək üçün politoloq Cümşüd Nuriyevə müraciət etdik.
- İlk öncə, onu qeyd etmək istəyirəm ki, AKP iqtidarının Azərbaycana qarşı tutduğu mövqe qəbul olunan mövqe deyil. Çünki Azərbaycanın ümummilli lideri Heydər Əliyev vaxtilə Rusiyanın təzyiqlərinin qarşısını aldı və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin realaşdırılması üçün əlindən gələni etdi. Ümummilli liderimizin siyasi ideyalarının davamçısı olan cənab Prezidentimiz İlham Əliyev bir qədər də irəliləyiş edərək, Bakı-Tbilisi-Qars dəmiryolunun və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişini həyata keçirdi. Bütün bunlardan sonra Türkiyənin lazım olan hər bir şeyi əldə edəndən sonra, belə bir addım atması, onun siyasəti kimimi qəbul edilməlidir? Biz AKP iqtidarından narazıyıq. Bu məsələ qardaş daxilində qəbul oluna bilən siyasi gediş deyil. Bildiyimiz kimi, artıq Ankarada işçi partiyasının köməkliyi və yardımı ilə açıq imzatoplama mərasimi başlayıb. Artıq bu, Türkiyənin bütün şəhərlərini əhatə etməkdədir. Bu toplanan imzalar həm baş nazir Rəcəb Tayyib Ərdoğana, həm Türkiyə prezidentinə, həm də qardaş ölkənin parlamentinə təqdim olunacaq. Çünki ayın 10-da sözügedən imzalanma mərasimi həyata keçiriləcək və bu imzalanma mərasiminin arxasında ermənilərin məkrli siyasəti durur. Yəni baxsaq, görərik ki, S.Sarkisyan ABŞ-da, Kanadada mitinqlə qarşılandı. Amma bütün bunlar hamısı razılaşdırılmış bir ssenaridir. Burada əsas məqsəd ondan ibarətdir ki, ermənilər hər zaman bu siyasətdən istifadə edirlər. S.Sarkisyan bunu Azərbaycana təzyiq kimi həyata keçirir. O, Türkiyə ilə danışıqlar vaxtı deyəcək ki, ön şərt irəli sürmür. Bu, Madrid prinsiplərinin dəyişilməsinə xidmət edir. Bunun da nəticəsində dünya ölkəmizə təzyiqlər göstərir, Azərbaycan seçim qarşısında qalıb, ya Qərbə inteqrasiya etməli (bu zaman Rusiya ilə üz-üzə qalacaq) ya da əksinə. Ümumiyyətlə, Türkiyənin atdığı bu addım ölkəmizin mənafeyinə xidmət etmir. Ən ağrılısı isə, odur ki, belə bir addımı qardaş ölkə olan Türkiyə atır. Əgər belə bir addımı ABŞ, RF, İran atsaydı, bu, bizə təsir etməzdi. Yəni Türkiyə iqtidarının belə bir hərəkətinin məntiqlə izahı yoxdur. Bu, bir xəyanətdir.
Fikrimcə, protokolun imzalanması təxirə salınmayacaq. Fransada da, ABŞ-da da erməni lobbisi, birmənalı şəkildə, razılaşdırılmış ssenarini icra edir. Bu danışıqların ancaq mətbuata çıxan hissəsi bizə məlumdur. Amma pərdə arxasında hansı söhbətlər gedir və S.Sarkisyan onlara nə söz verib, biz onları bilmirik. Ona görə də, bunun imzalanma mərasimi 100 % baş tutacaq. Çünki burada Hillari Klinton iştirak edəcək və Türkiyə iqtidarı, birmənalı şəkildə, ABŞ-ın əlində siyasi dəyənəkdir. O dəyənək həm Rusiyaya vurulacaq, həm də, yeri gələndə, Azərbaycana vurulacaq. Amma bunun keçmə ehtimalı da böyükdür. Çünki Türkiyə parlamentində AKP-çilər böyük üstünlük təşkil edir. Eyni şey Ermənistanda da olacaq. Ancaq bunun arxasında o dayanır ki, işçi qrupu daha nələri hazırlayıb. Bunu biz bilmirik. Bu protokolun Azərbaycana xeyiri dəyəcəyinə inanmıram. T.Ərdoğan çıxışında qeyd edib ki, AKP-nin maraqları hər şeydən üstündür. Məni qorxudan da Türkiyənin baş nazirinin hazırkı siyasi fəaliyyətidir.