Monrealın “Şərq-Qərb” qəzetində görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib
Azərbaycanın Kanadadakı səfirliyindən bildiriblər ki, Monreal şəhərində nəşr olunan rusdilli "Şərq-Qərb" qəzetində görkəmli Azərbaycan alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin müəllifi Kanadanın Rusdillilər Konqresinin vitse-prezidenti Boris Perçenko qeyd edir ki, Azərbaycanda demokratik ənənələr, xüsusilə qadın hüquqlarına hörmət dərin köklərə malikdir. Bununla bağlı faktlar gətirən B.Perçenko yazır ki, Azərbaycanda qızlar üçün birinci məktəb 1901-ci ildə açılmış, qadınlar üçün ilk jurnal -"İşıq" 1911-ci ildə çap olunmuş, 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verilmişdir. Bu ənənələrin hazırda da müasir Azərbaycanda davam etdirildiyi vurğulanır. Məqalədə Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Yazıda, həmçinin alimin qızı - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın öz ölkəsi üçün gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olunur. Müəllif Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə nailiyyətləri haqqında geniş söhbət açıb.
Məqalənin sonunda, belə qadınların müsəlman ölkələri ilə bağlı gözəl nümunə olduğu vurğulanır və Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etdiyi diqqətə çatdırılır.