Müasir dövrün demokratik tələbləri sırasında müstəqil mətbuatın formalaşması və inkişaf etdirilməsi önəmli yerlərdə durur. Bu da, onunla bağlıdır ki, ictimaiyyətin informasiya əldə etməsi və cəmiyyətdə gedən demokratik proseslərdən məlumat əldə etməsi, xüsusilə də, yazılı KİV-in üzərinə düşür. Bəzi ölkələrdə KİV-in mövqeyi ictimai rəyin istənilən formada dəyişməsinə təsir edir. Türkiyədə, Fransada, İsveçrədə və digər ölkələrdə mətbuatın müstəsna gücə malik olması danılmaz faktdır. Azərbaycanda da mətbuat yenicə formalaşmağa başlasa da, Cənubi Qafqazın ən inkişaf edən mətbuatına çevrilib. Bunun da səbəbi mətbuata dövlət qayğısının yüksək olmasıdır. Ulu öndərimiz Heydər Əliyev daim mətbuatın inkişafına diqqət və qayğı göstərmiş, qəzetlərin texniki avadanlıqlarla təchiz olunmasına xüsusi önəm vermişdir. Məhz 1998-ci il avqustun 6-da ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə mətbuata tətbiq olunan senzura aradan qaldırılmışdı. Dahi öndərimiz mətbuata diqqəti və onun problemlərinin həllini dövlət quruculuğunun tərkib hissəsi hesab etmişdir. Bu nəcib, müdrik siyasəti bu gün ölkə başçısı İlham Əliyev böyük uğurla davam etdirməkdədir.
(Əvvəli ötən sayımızda)
Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması məhz ölkə başçısı cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının göstəricisidir. Müstəqil Azərbaycan tarixində, ilk dəfə olaraq, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra qəzet və agentliklərə müxtəlif sahələri ahətə edən layihələrini həyata keçirmək üçün maliyyə dəstəyi göstərib. Səs İnformasiya Agentiliyi də keçirilən müsabiqənin qalibləri sırasındadır. Agentliyin "KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına yardım" mövzusunda keçirdiyi layihə ictimai marağa səbəb olmaqdadır. Çünki layihənin təqdimetmə mərasimindən sonra agentliyə ünvanlanan məktublar və telefon zəngləri də ictimai marağın bu layihəyə münasibətinin yüksək olduğunu deməyə əsas verir. SİA növbəti dəfə layihə ilə bağlı dəyirmi masa keçirdi.
Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvü və sədr müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, AzərTac Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Vüqar Ağayev, "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan SİA-nın əməkdaşı dövlət-mətbuat münasibətlərindən geniş və ətraflı məlumat verdi və müzakirələrin də bu istiqamətdə aparılmasının vacibliyini söylədi.
Qəzənfər Bayramov:
- İcra hakimiyyəti orqanlarının mətbuat xidmətlərindən informasiya almaqda heç bir problem yaşanmır. İnformasiyanın ötürülməsində əsas maneçiliyi nazirliklər yaradır.
QƏRƏZLİ YAZILAR MƏTBUATI CƏMİYYƏTƏ YALANÇI MƏTBUAT KİMİ TANIDIR
Asəf Abbasov:
- SİA-nın təşkilatçılığı ilə keçirilən dəyirmi masanın mövzusu olduqca aktualdır. Dövlət-mətbuat münasibətlərində müəyyən problemlərin ortaya çıxması fikri ilə mən də razıyam. Bu problemin səbəblərini daxildə axtarmalıyıq. Dövlət strukturları tərəfindən mətbuata informasiyaların nə üçün ötürülməməsi məsələsi araşdırılmalıdır. Bu cür problemlə "Azad Azərbaycan" qəzeti tez-tez üzləşir. Əməkdaşın cəhdlərinə baxmayaraq, dövlət məmurları onlara ünvanlanan sualları cavabsız qoyur. Bir şeyi etiraf etmək lazımdır ki, informasiya məkanını bütünlüklə elektron KİV ələ alıb. Qəzetlərdə əsasən şərhlər, analtik yazılar və s. bu kimi materiallar verilir. Bəzən belə məqalələr qərəzli şəkildə yazılır. Bu da mətbuatı cəmiyyətə yalançı mətbuat kimi tanıdır. Yəni, dövlət strukturlarının yaratdığı maneələrlə yanaşı, mətbuatın özünün yaratdığı problemlər də olur. Bütün bunlarla yanaşı, Azərbaycan dövlətinin mətbuatın inkişafına göstərdiyi xidmətlər də az deyil. Mətbuata dövlət dəstəyinin göstərilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ayrılmaz tərkib hissəsidir. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bəzən mətbuat ona göstərilən dəstəyə kompleks yanaşmır. Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması üçün mövcud imkanlardan kompleks istifadə edilməlidir. Bu yanaşma da, dövlət-mətbuat münasibətlərinin vəhdətindən irəli gəlir. Bu prinsipə əməl olunarsa, bundan həm dövlət, həm də mətbuat yararlanar. Qərəzdən daha çox bu cür münasibətlərin qurulmasında maraqlı olmalıyıq. Burada operativliyin qorunması ilə yanaşı, yazıların həqiqətə uyğunluğu da olmalıdır.
BƏZİ NAZİRLİKLƏRİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRLƏRİ, DEMƏK OLAR Kİ, İŞLƏMİR
Əvəz Zeynallı:
- Türkiyənin NTV televiziya kanalının əməkdaşları Qarabağa səfər etmişdilər. Buna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə tərəfinə etiraz notası təqdim etmişdi. Onlar bir neçə gün bundan öncə XİN-in etiraz notasına ikibaşlı cavab verdi. Bunu həm informasiya azadlığı ilə, həm də jurnalistlərin Dağlıq Qarabağa getməsinin qanunsuz olduğunu bildirib. Türkiyə Mətbuat Şurası sədri məsələyə münasibət bildirib. Onun ibrətamiz açıqlamasında Türkiyə XİN-ni tənqid olunub. Bildirib ki, mətbuat dövlət siyasətini həyata keçirmək üçün vasitə deyil. Çox istərdim ki, Azərbaycan Mətbuat Şurası da bu cür fəaliyyət göstərsin. MŞ bir həftə bundan öncə Türkiyə səfirliyini tənqid etdiyinə görə, "Təzadlar" qəzetini "reket" elan olunub. Buradan belə məlum olur ki, hər hansı bir səfiri tənqid etmək olmaz. Bir hadisəni də qeyd etmək istəyirəm. İranda Azərbaycan bayrağının tərs asılmasına etiraz olaraq, bizim bəzi mətbuat nümayəndələri Xomeyninin şəkilini mətbuatda tərsinə dərc etdi. Həmin mətbuat orqanları haqqında 283-cü maddə ilə cinayət işi açıldı və qəzetlər bağlandı. Bir müddət bundan öncə, Murtuza Muxtarov küçəsində qəza hadisəsi baş verən zaman "Zerkalo" qəzetinin əməkdaşlarından biri yazdı ki, hadisədə Rusiyanın əli var. Rusiyanın ölkəmizdəki səfiri həmin jurnalisti 283-cü maddənin birinci bəndi ilə məhkəməyə verdi. Yəni, çıxışımın məğzi ondan ibarətdir ki, mətbuat dövlət siyasətini həyata keçirməməlidir.
Azərbaycanın dövlət orqanlarına qəzetlərə onlara təqdim olunan siyahı əsasında abunə olmaq tapşırığı verilib. Heç bir dövlət orqanı deyə bilməz ki, "Xural" qəzetinə abunədir. Çünki qəzetimiz həmin siyahıdan kənardadır. Hətta KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılanda, güman etdik ki, bu mətbuatın inkişafına əsaslı təkan olacaq. Ancaq fond ona olan ümidləri doğrultmadı. Məlum oldu ki, bu qurum da mətbuat orqanlarına layihələrə görə deyil, ona təqdim olunan siyahı əsasında maliyyə yardımı ayırır. Dövlət orqanları birmənalı şəkildə müstəqil mətbuatla əlaqə qurmur. Əksər nazirliklərin mətbuat xidmətləri, ümumiyyətlə, işləmir. Məsələn, nəqliyyat, təhsil, fövqaladə hallar, daxili işlər nazirliklərinin mətbuat xidmətinin rəhbərləri demək olar ki, işləmir. Yəni, bir-iki nazirlik istisna olmaqla, əksər dövlət orqanlarının bu siyahıya daxil etmək olar. Hətta KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan da mətbuat orqanlarına nə qədər maliyyə yardımı ayırması ilə bağlı məlumat əldə edə bilmirik.
Bütün tənqidi fikirləri mətbuatın ünvanına səsləndirmək olmaz. Hansısa dövlət məmurunun şəxsi həyatının işıqlandırılmaması haqqında qadağa qoyula bilməz. Burada qərəz ola bilər, ancaq həmin şəxsə cavab haqqı da verilir. Qarşılıqlı fikir mübadiləsi əsasında cəmiyyətə hansı tərəfin haqlı olduğu müəyyən olacaq. Səhvə yol verən tərəf bunun aradan qaldırılmasına çalışmalıdır.
Munis Bayramov:
- Düzdür, hansısa dövlət məmurunun şəxsi həyatı mətbuat səhifələrində işıqlandırıla bilər. Amma mətbuatın borcu əldə etdiyi məlumatı araşdırmaqdan və dəqiqləşdirməkdən ibarətdir. Həqiqətə uyğun olan məlumatın işıqlandırılmasında heç bir qüsur yoxdur. Yanlış informasiyaların cəmiyyəti çaşdırmasına imkan verməmək lazımdır.
Müşfiq Ələsgərli:
- "Təzadlar" qəzeti Türkiyə səfirliyini tənqid etdiyinə görə, "reket" qəzet elan olunmayıb. Bunun tamam başqa səbəbi var. Burada tənqiddən deyil, böhtandan söhbət gedir. Eyni zamanda, həmin qəzet haqqında 15 şikayət məktubu var. MŞ tərəfindən elan olunan faktları təhrif etmək lazım deyil. Mətbuat vasitələrində şər, böhtan, şərəf və ləyaqətin alçaldılması halları yolverilməzdir. Bunlara yol verildiyi halda həmin qəzetlərə qarşı ciddi tədbir görüləcək. Qeyd edim ki, Əvəz Zeynallını fond barədə söylədiyi tənqidi fikirlər həqiqəti əks etdirmir. Müstəqil və müxalifətyönlü mətbuat orqanları da fonddan layihə qazanıb.
QƏZETLƏRİN QEYDİYYAT PROSEDURU ÇƏTİNLƏŞDİRİLMƏLİDİR
Rəhim Hüseynzadə:
- Bəzi qəzetlərdə peşə davranışı qaydalarına sığmayan yazılar dərc olunur. Bu problemlər KİV-in qeydiyyatı prosedurundan qaynaqlanır. Bu gün istənilən şəxs asan mərhələdən keçərək, qəzet təsis edə bilər. Bunun nəticəsidir ki, ölkədə 3-4 min qəzet fəaliyyət göstərir. Son vaxtlar qəzet baş redaktorlarının ali təhsilli olması məsələsi qanunvericiliyə salındı. Bu prinsipin orta təhsilli qəzet baş redaktorlarına şamil edildiyi haqqında deyilən fikirlər əsassızdır. Mətbuatın problemlərindən biri də jurnalistlərin sual vermək bacarığının olmamasından qaynaqlanır. Məsələn, peşə davranışı qaydalarına əməl etməyən qəzetlərdən birində çalışan jurnalist dövlət rəsmisinə sual verir: "Bu yaxınlarda sizi bir nəfər qadınla paytaxt restoranlarının birində görmüşük. Yeməyin hesabını hansınız ödədiniz?" Bu kimi faktlardan sonra Mətbuat Şurasını qınayırlar. Jurnalist savadına və bacarığına malik olmayan bu cür şəxslərin mətbuat sahəsində çalışmağa haqqı yoxdur. Düzdür, sivil saydığımız dövlətlərin əksəriyyətində də bu cür faktlar mövcuddur. Ancaq dövlətimiz inkişaf etdikcə, bu cür hallar aradan qaldırılmalıdır.
(Ardı var)