Ulu öndər Heydər Əliyevin zəngin irsi bəşəriyyət üçün örnəkdir
Dünən "Excelsior" hotelinin konfrans zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə həsr olunmuş "Azərbaycan bayrağı İst-River sahilində" kitabının təqdim etmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin sədri Fuad Babayev ölkəmizdə müstəqil dövlət quruculuğu istiqamətində atılan addımların və bu istiqamətdə beynəlxalq təşkilatların, prinsiplərin daima əsas tutulduğunu diqqətə çatdırdı.
Qeyd etdi ki, ictimaiyyətə təqdim olunmuş bu kitabda ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərinin, Onun ölkəmiz barədə ən dolğun və milli maraqlarımızı özündə ehtiva edən məsələləri beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin nəzərinə çatdırmış olduğu faktlar öz əksini tapıb. F.Babayev ölkəmizin ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən mütərəqqi və inkişaf etmiş dövlətləri ilə rəqəbətdə oluduğunu da diqqətə çatdırdı. Qeyd etdi ki, BMT-nin Baş Məclisinin 49-cu sessiyasında ulu öndər Heydər Əliyevin ilk çıxışı və bu çıxışda Azərbaycanın milli maraqlarının daha çox dünyanın əksər ölkə təmsilçilərinin diqqətinə çatdırması ölkəmizin bugünkü nufuzunun möhkəm təməllər üzərində dayanmasını əsaslandırmışdır. Tədbirin digər çıxışçıları da ulu öndər Heydər Əliyevin milli dövlətçilik istiqamətindəki fəaliyyəti, xalqımızın dünya xalqları arasında layiqli formada tərənnümü məsələlərini önə çəkmişlər.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği ilə məşğul olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (wwrw.aliyevheritage.org) 2004-cü il may ayının 10-da - ümummilli liderimizin ad günündə yaradılmış əsas fəaliyyət istiqaməti xətti də bu zəngin irsin geniş ictimaiyyətə aşılanmasından ibarət olmuşdur. Eyni zamanda, qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin zəngin irsini 35 dildə internet vasitəsilə dünya oxucularına çatdıran mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri də məhz kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə onlarla kitab, broşür və buklet nəşr olunub. Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarla münasibətləri haqqında kitab nəşri isə bu qrupun fəaliyyətinin mühüm tərkib hissəsidir.
Mərkəzin bu əlaqələrə həsr olunmuş "Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" adlı kitabları oxucular tərəfındən rəğbətlə qarşılanıb.
"Azərbaycan bayrağı İst-River sahilində" kitabının nəşri də ulu öndər Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycanın BMT ilə münasibətlərindən bəhs edən yeni nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə həsr olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Əlbəttə, Azərbaycan BMT-nin bütün qurumları ilə əlaqələrini əks etdirən sənədlərin hamısını bu cilddə yerləşdirmək mümkün deyil. Ona görə də, kitab tərtib edilərkən, bu əlaqələrin mahiyyətini əks etdirən sənədlərə üstünlük verilib. Kitab oxuculara Azərbaycan və ingilis dilində tam mətn, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. Kitabın məsləhətçisi akademik Asəf Nadirov, buraxılışa məsulu Vurğun Süleymanov, yaradıcı qrupun rəhbəri isə Fuad Babayevdir.
"Azərbaycan bayrağı İst-River sahilində" kitabına böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin Zirvə Görüşündəki çıxışları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib. Kitabda, həmçinin, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ona bu mötəbər adın təqdim olunduğu təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışındakı çıxışları da yer alıb.
Kitabda, ümumiyyətlə, 64 sənədin, yuxarıda qeyd olunan çıxış və görüşlər zamanı çəkilmiş 50-dən artıq foto-sənədin, BMT-Azərbaycan münasibətlərinin şərh olunduğu tarixi arayışın, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin daxil edildiyi kitab ölkəmizin bu universal təşkilatla əlaqələri ilə maraqlananlar üçün dəyərli mənbədir.