(Əvvəli ötən saylarımızda)
Ötən nömrəmizdə qeyd etdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının soyğunçu hərəkətləri avtomaşın sahibləri tərəfindən ciddi narazılıqla qarşılanıb. Bu barədə redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları, eləcə də, telefon zəngləri bu sahədə vəziyyətin son dərəcə kritik olduğunu göstərir. Yol Patrul Xidmətinin qanunazidd fəaliyyəti ilə bağlı tərəfimizdən aparılan araşdırmalar öz təsdiqini tapıb. Bəlli olur ki, vəziyyəti düzəltmək üçün Baş Yol Polis İdarəsinin rəhbərliyi cəhdlər belə göstərmir. Daxili İşlər Nazirliyinin məsələyə seyrçi yanaşması da ciddi təəccüb doğurur. Ən maraqlısı odur ki, şikayətlərlə bağlı müraciətlərə istər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi, istərsə də, Daxili İşlər Nazirliyi tərəfindən müvafiq cavab verilmir. Bu isə "Vətəndaşların müraciətlərinə baxılması haqqında" Azərbaycan Respublikasının qanunun tələblərinə ziddir. Qanunun 11-ci maddəsinin prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Çünki qanuna görə, dövlət hakimiyyət orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Bu qanunu pozan vəzifəli şəxslər qanunverciliyə müvafiq olaraq, intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.
Onu da qeyd etmək yerinə düşər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin fəaliyyəti ilə bağlı müxtəlif sorğu mərkəzləri də mənfi rəylər veriblər. SİA. Az sayıtının keçirdiyi sorğuya görə, əhalinin 87 faizi Yol Patrul Xidmətinin fəaliyyətini daxili işlər orqanlarının işinə utanc gətirən fəaliyyət hesab edirlər. "Birgə işçi qrupu" da Yol Polisi Xidmətinin fəaliyyətini "qara ləkə" adlandırıb. Avtomaşın sahibləri Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən əsassız saxlanılmalardan və cərimə olunmalarından şikayət edirlər. Yol polis əməkdaşlarının sürücüləri döyməkdən belə çəkinməmələri də ciddi narazılıqlar yaradır. Bu azmış kimi, "evakoatorlar"ın sürücülər üçün bəlaya çevrilməsi də, əlavə problemlər yaradıb. Avtomaşını saxlayıb dükana, bazara girməyə peşman olursan. 5-10 dəqiqə sonra geri döndükdə, avtomaşının müxtəlif cərimə meydançalarına aparıldığı ilə bağlı məlumat əldə edirsən. Cərimələrin hansı tarif əsasında ödənildiyindən heç kim məlumatlı deyil. Çünki orada yerləşdirilən polis əməkdaşı avtomaşın sahibinə istədiyi qiyməti deyə bilir. Hesablamaya görə, hər gün cərimə meydançalarında avtomaşın sahiblərindən 100 min manata qədər qeyri-qanuni pul yığılır. Bakı şəhərində isə 10-a yaxın cərimə meydançaları mövcuddur. Bu pul hara, kimin cibinə gedir? Bunu isə Azərbaycan Respublikası baş prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi də bilməmiş deyil. Diqqətçəkən bir məqam isə Baş Dövlət Yol Polis İdarəsində avtomaşın sahiblərindən yığılan pullardır. Yenə də aparılan araşdırmalara və redaksiyamıza sızan məlumatlara görə, Baş Dövlət Yol Polis İdarəsində hər gün müxtəlif "xidmətlər"ə görə, avtomaşın sahiblərindən kifayət qədər qeyri-qanuni pullar yığılır. Baş Dövlət Yol Polisi İdarəsində bahalı nömrələrin verilməsindən sonra ən gəlirli biznes sürücülük vəsiqələrinin verilməsi hesab olunur. Çünki burada qiymətlər 1000 manata qədərdir. Gün ərzində 120-130 nəfər sürücülük vəsiqəsi almağa cəhd edir. Bu cəhdlər nəticəsiz qaldıqda 1000 manat ödəməklə sürücülük vəsiqəsinə sahib olursan.
P.S. Növbəti sayımızda Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti əməkdaşlarının Türkiyənin "Arıhan" Kargo şirkətinin Cənubi Qafqaz üzrə marşurutunda çalışan Metin Başaran adlı sürücüdən 3 min dollar tələb etmələrindən söhbət açacağıq. Təbii ki, sonda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun və Baş Dövlət Yol Polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidovun baş verən rüsvayçılığa maraqlı mövqelərini qeyd edəcəyik.