PDF Oxu

Əsas

  • 8

Dövlət Sərhəd Xidməti növbəti taktiki təlimlər keçirmişdir

Dövlət Sərhəd Xidməti növbəti taktiki təlimlər keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində enerji ehtiyatlarının, neft və qaz yataqlarının, neft-qaz çıxarma platformalarının və sualtı ixrac boru kəmərlərinin qorunması, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması istiqamətində önəmli tədbirlər həyata keşirməkdədir.
Ciddi dövləti qayğının nəticəsi olaraq DSX-nin Sahil Mühafizəsinin yeni bazasının 2008-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin iştirakı ilə xidməti istifadəyə verilməsi, Dövlət Sərhəd Xidmətinə əlavə olaraq tam texniki təminatlı, ağır hava şəraitində xüsusi tapşırılqları yerinə yetirməyə qadir olan üzmə vasitələrinin ayrılması, sərhəd gözətçi gəmilərinin müasir radiolokasiya, videomüşahidə sistemləri və silahlarla təchiz olunması, gəmilərin manevr imkanlarının genişləndirilməsi sayəsində dənizdə dövləti maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə müasir mühafizə infrastrukturu yaradılmışdır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Xəzər dənizində mütəmadi taktiki təlimlərin keçirilməsi mühüm yer tutur. DSX-nin hissə və bölmələrinin dənizdə mümkün təhdidlərə qarşı birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkətlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən genişmiqyaslı taktiki təlimlər sərhədçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Dövlət Sərhəd Xidmətinin təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq sentyabr ayının 23-25 tarixlərində növbəti taktiki təlimlər keçirilmişdir. Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olmuş və ölkəmizin iqtisadi-siyasi həyatında çox mühüm rol oynayan "Əsrin kontraktı"nın 15 illik yubileyinə təsadüf edən taktiki təlimlərə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, aviasiyası, çevik hərəkət qüvvələri, Lənkəran, Xudat, Şəmkir sərhəd dəstələri və digər bölmələri cəlb olunmuşlar. "Xəzər dənizində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili və xilasetmə işlərinin aparılması" mövzusunda keçirilən əməliyyat-taktiki təlimlərdə ümumilikdə 2000 nəfərədək hərbi qulluqçu iştirak etmiş, helikopterlərdən, gəmi, kater və sualtı üzmə vasitələrində və artilleriya qurğularından, iriçaplı silahlardan, zirehli və döyüş texnikasından istifadə edilmişdir. Təlimlərə Xəzər dənizinin Azərbaycana mənsub bölməsi üzrə fasiləsiz nəzarəti həyata keçirən komanda-idarəetmə mərkəzindəki şərait, təlimlərə cəlb olunmuş texnika, avadanlıq və qurğuların təqdimatı ilə başlanılmış, təlimin əməliyyat-taktiki xüsusiyyətləri barədə məlumat verilmişdir. Xəzər dənizində, sahilboyu ərazidə və ixrac-boru kəmərinin keçdiyi zonada dövlət sərhədinin mühafizəsi tapşırıqlarının yerinə yetirilməsinə və xilasetmə əməliyyatlarının aparılmasına DSX-nin qüvvə və vasitələrinin hazırlığını yoxlamaq məqsədilə keçirilən əməliyyat-taktiki təlimlər 4 mərhələ və 12 elementdən ibarət olmuşdur.
Birinci mərhələdə qüvvə və vasitələrin döyüş hazırlığı dərəcəsinə gətirilməsi, Sahil Mühafizəsinin sualtı avadanlıqlarının və katerlərinin limanda təhlükəsizlik tədbirlərinin təmin edilməsi üzrə hərəkətləri işlənilmişdir.
İkinci mərhələdə Sahil Mühafizəsinin gəmiləri və katerləri, aviasiya dəstəsinin helikopterləri vasitəsilə çevik hərəkət qüvvələri tərəfindən sorğuya cavab verməyən və hərəkətini davam etdirən gəminin saxlanılması, zərərsizləşdrilməsi və gəmiyə baxışın keçirilməsi üzrə elementlər işlənilmişdir.
Üçüncü mərhələ neft-qaz platformasında və yaxın ərazidə davam etdirilmişdir. Bu zaman neft-qaz platformasının sualtı hissəsinin yoxlanılması, çevik qrupların helikopterlər, katerlər və ZTR-lər vasitəsilə desant çıxarılması, platformanın və sahilboyu ərazinin nəzarətə götürülməsi, antiterror əməliyyatı zamanı platformada baş verən yanğının söndürülməsi, gəmi və helikopterlərlə xilasetmə əməliyyatları keçirilmişdir. Bu mərhələ sahilə çıxmağa cəhd göstərən təxribatçı qüvvələrin qalıqlarının dənizdən desantla çıxarılan çevik qruplar tərəfindən ZTR-lərin atəş dəstəyilə zərər-sizləşdirilməsi ilə başa çatmışdır.
Dördüncü mərhələdə Sahil Mühafizəsinin gəmi və katerləri, aviasiya dəstəsinin helikopterləri tərəfindən birgə sərhəd axtarışı aparılmış, tabe olmayan gəmi müxtəlif növ atıcı və artilleriya silahlarından atəşlə məhv edilmişdir.
Üç gün davam edən taktiki təlimlər zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri qarşıya qoyulan vəzifələri tam həcmdə yerinə yetirmiş, möhkəm intizam, yüksək döyüş qabiliyyəti və Xəzər dənizində mövcud xidməti əməliyyat şəraitində tapşırıqları yerinə yetirmək hazırlığını nümayiş etdirmişlər.

Digər xəbərlər