PDF Oxu

Əsas

  • 20

“Milli Məclisə dəstək” tvinniq layihəsinin təqdimatı keçirildi

“Milli Məclisə dəstək” tvinniq layihəsinin təqdimatı keçirildi
Dünən parlamentdə Avropa Komissiyasının dəstəyi və Litva parlamenti ilə birgə icra olunacaq "Milli Məclisə dəstək" tvinniq layihəsinin təqdimatı keçirildi. Mərasimi açıq elan edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qeyd etdi ki, layihənin həyata keçirilməsi Azərbaycanla Litva arasında əlaqələrin inkişafına təkan verəcək. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin qədim tarixi var. Azərbaycan və Litva yarım əsr bir dövlətin tərkibində olublar. Dövlətlər müstəqillik əldə etdikdən sonra münasibətlər yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında indiyədək imzalanmış sənədlər əməkdaşlığın inkişafı üçün yaxşı baza yaradıb.
Vitse-spikerin sözlərinə görə, Azərbaycanla Litva arasında kənd təsərrüfatı, enerji, turizm, humanitar sahələrdə yaxşı əlaqələr mövcuddur. "Azərbaycan Litva kapitalını ölkəyə yönəldilməsində maraqlıdır. Bunun üçün gözəl imkanlar var" - deyə V.Ələsgərov vurğuladı. O, əlavə etdi ki, təqdimatı keçirilən layihə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu layihə Azərbaycanın Avratlantik institutlara inteqrasiya siyasətinə dəstək olacaq. Tərəflər "Milli Məclisə dəstək" layihəsi çərçivəsində dörd istiqamət müəyyənləşdiriblər. Hər bir istiqamət üzrə işçi qrupları yaradılıb.
Tədbirdə çıxış edən Litva Seyminin sədr müavini Çaslovas Strançeviçus bildirdi ki, bu layihənin icrası Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində yeni mərhələ olacaq. Onun sözlərinə görə, Avropa Birliyi 2004-cü ildən başlayaraq Azərbaycanla əlaqələri genişləndirir. Bəzən Avropa Birliyinin Azərbaycanla əlaqələri genişləndirmək cəhdləri qəbul olunmuş proqramların çərçivəsini də aşır. Bu tədbirlər çərçivəsində Azərbaycan tədricən Avropa Birliyi standartlarına uyğunlaşır. Qonaq qeyd etdi ki, Azərbaycanın zəngin demokratiya ənənələri var. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk müsəlman respublika olub. "Siz fəxr edə bilərsiniz ki, AXC Şərqdə ilk dəfə olaraq qadınlara bərabər seçki hüququ tanıyıb" - deyə vitse-spiker vurğuladı. O, qeyd etdi ki, təqdimatı keçirilən layihə Azərbaycanın qarşısında yeni imkanlar açacaq. Layihə çərçivəsində Litva və Azərbaycan parlamentləri arasında təcrübə mübadiləsi aparılacaq. Parlament və icra hakimiyyəti orqanları arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Layihə çərçivəsində çoxsaylı tədbirlərin keçirilməsi də nəzərdə tutulur. İlk belə tədbir bu ilin oktyabrında Bakıda Litva, Polşa və Azərbaycan parlamentarilərinin iştirakı ilə birgə debatın təşkil edilməsi olacaq. Debatda Avropa Birliyinin ekspertləri də iştirak edəcək. Debatda demokratiyanın inkişafı və qanunvericiliyin Avropa standartları barədə müzakirələr aparılacaq. Vitse-spiker əlavə etdi ki, Avropa Birliyi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də Azərbaycanla əlaqələri genişləndirəcək.
Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Jan Lui Lavrov Avropa Birliyinin qanunvericilik sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirdi. Onun sözlərinə görə, Litva parlamentində bu layihə həyata keçirilib və ölkə 2005-ci ildə Avropa Birliyinə üzv olub. Yəni layihə dövlətlərin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasına xidmət edir.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirdi ki, Azərbaycanın bu layihədə iştirakı ölkə rəhbərliyinin respublikada parlamentarizmin və demokratiyanın inkişafına necə böyük diqqət yetirməsinin nümunəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, 24 ay davam edəcək layihə çərçivəsində Azərbaycan parlamenti Avropa Birliyi təcrübəsini öyrənəcək: "Tvinninq əkizləşmə deməkdir. 24 ay müddətində Azərbaycan parlamenti bir növ Litva Seymi ilə əkizləşəcək. Amma bu əkizləşmə genetik mənada deyil, təşkilati və ideyaların uyğunlaşdırılması baxımından olacaq". Aparat rəhbəri qeyd etdi ki, Azərbaycanın yolu Avropayadır. Layihə bu yolda parlamentin dəstəklənməsini nəzərdə tutur. S.Mirzəyevin sözlərinə görə, bu layihənin həyata keçirilməsində tərəfdaş ölkə kimi çıxış etmək üçün Fransa, İtaliya, Polşa, Çexiya, Latviya, Slovakiya, Litva, Macarıstan müraciət edib. Amma Avropa Birliyi və Azərbaycan Litvanı seçib. Bu da təsadüfi deyil. Çünki Azərbaycan və Litva eyni yolu keçmiş ölkələrdir: "Son illər Litva parlamentindəki islahatları bir də keçirmək istəyirik". S.Mirzəyev əlavə etdi ki, Milli Məclisin bu cür layihələri həyata keçirmək təcrübəsi mövcuddur. Azərbaycan parlamenti indiyədək BMT, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın LİKS qeyri-hökumət təşkilatı bir sıra layihələr həyata keçirib. "Milli Məclisə dəstək" layihəsi isə daha konkretdir. İki il ərzində hər həftə bir tədbirin keçirilməsi nəzərdə tutulur. Layihə barədə məlumat verən S.Mirzəyev dedi ki, onun əsas məqsədi Azərbaycanda demokratiyanın və qanunun aliliyini möhkəmləndirməkdir. Bunun üçün ölkə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırılması həyata keçiriləcək, qanunvericilik proseduru təkmilləşdiriləcək. Bu məqsədlə 4 istiqamət müəyyənləşdirilib. Birinci istiqamət Avropa Birliyi qanunvericiliyinə yaxınlaşma prosesinin dəstəklənməsini nəzərdə tutur. İkinci istiqamət icra hakimiyyəti orqanları ilə daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasını, üçüncü istiqamət qanunvericiliyin təsirlərinin qiymətləndirilməsi üsullarının işlənib hazırlanması, dördüncü istiqamət Avropa Birliyi qanunvericiliyi barədə biliklərin artırılmasını ehtiva edir. Hər istiqamət üzrə bir nəfər Azərbaycandan, bir nəfər Litvadan olmaqla rəhbər şəxslər müəyyənləşdirilib. Layihənin icrası ilə Milli Məclisdə Avropa Birliyi qanunvericiliyinin ekspertizası məqsədilə xüsusi struktur yaradılacaq. Avropa Birliyi məsələlərinə cavabdeh olan heyətə təlim keçiriləcək. Layihə çərçivəsində "Normativ hüquqi aktlar haqqında" qanuna düzəlişlər hazırlanacaq. Milli Məclisin icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ aktlar barədə məlumatlandırılması proseduru təşkil olunacaq. Layihə iştirakçıları Milli Məclisdə qanunvericiliyin tənzimləyici təsirinin qiymətləndirilməsi üzrə təlimat hazırlayacaqlar.
Qeyd edək ki, layihənin ümumi dəyəri 950 min avrodur.

Digər xəbərlər