Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
Çexiya Parlamenti Senatının sədri Prşemısl Sobotka dünən Milli Məclisdə olub. Oqtay Əsədovla Prşemısl Sobotka arasında təkbətək görüş keçirilib. Görüş başa çatdıqdan sonra geniş tərkibdə görüş olub. Oqtay Əsədov qonaqları salamlayaraq bildirib ki, dövlətlərimiz müstəqlliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb.
Sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni impuls verəcək. Milli Məclisin sədri parlamentlərarası əlaqələrin səviyyəsini, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini, qarşılıqlı səfərlərini, deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığını yüksək qiymətləndirib. İqtisadi əlaqələrimiz, ticarət dövriyyəmiz də artır. Hesab edirik ki, ticarət dövriyyəsinin daha da artırılması üçün geniş imkanlar vardır. Azərbaycanın Cənubi Qafqaz regionunda həyata keçirilən regional layihələrdəki iştirakını xüsusi vurğulayan O.Əsədov bildirib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin istifadəyə verilməsi, enerji daşıyıcılarının şaxələndirilməsi ilə bağlı yeni layihələrin reallaşması buna parlaq misaldır. Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığa dair memorandum bizə bu istiqamətdə fəaliyyəti sürətləndirmək üçün geniş imkanlar açır. Düşünürük ki, Çexiya Respublikası da bundan səmərəli istifadə etməlidir. Milli Məclisin sədri Çexiyanın GUAM-da müşahidəçi kimi iştirakını yüksək qiymətləndirərək, Avratlantika strukturlarına inteqrasiya məsələsində Çexiyanın təcrübəsinin Azərbaycan üçün maraqlı olduğunu bildirib. Sonra O.Əsədov Azərbaycanın ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verərək rəsmi Bakının bu məsələdəki ədalətli mövqeyini diqqətə çatdırıb. O bildirib ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qətnamələr qəbul etsələr də, təcavüzkar Ermənistan həmin sənədlərə məhəl qoymur. O.Əsədov Dağlıq Qarabağ münaqişəsində nümayiş etdirdiyi ədalətli mövqeyə görə Çexiya Respublikasının rəhbərliyinə minnətdarlığını çatdırıb. Prşemısl Sobotka nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib. Qonaq deyib ki, parlamentlər böyük siyasətdə səmərəli rol oynayırlar. Odur ki, parlamentlərarası münasibətlərimizin inkişafı hər iki tərəfin xeyrinədir.
Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu təsdiqləyən qonaq, Azərbaycanın enerji təhlükəsizliyi məsələsində regionda və dünyada oynadığı rolu yüksək qiymətləndirib. Bildirib ki, onunla Azərbaycana gəlmiş iş adamları azərbaycanlı həmkarları ilə geniş işbirliyi yaratmaq niyyətindədirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Sobotka bildirib ki, dövlətlərin ərazi bütövlüyü vacib amildir: "Bizim üçün dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi olduqca vacib amildir. Dağlıq Qarabağ münaqişəsi çox ciddi problemdir. Hesab edirəm ki, hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hərbi müdaxilə daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır. Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir". Sonra görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, Avropa İttifaqının "Şərq tərəfdaşlığı", NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramları çərçivəsində birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.