Azərbaycan səhiyyəsi inkişaf dönəmində
Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, inkişaf prosesi qısa bir zamanda nəticəsini vermişdir. Ölkənin həyatındakı bu yenidənqurma işləri və inkişaf səhiyyə sahəsində də özünü büruzə verir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın humanitar sahələrdəki layihələri görülən işlərin sürətlənməsinə, sivil bir səviyyədə qurulmasına səbəb olmuşdur. Əhalinin sağlamlığı, tibbi yardımın yüksək səviyyədə qurulması üçün bu sahədə görülən işlər Azərbaycan səhiyyəsini dünya standartlarına uyğunlaşdırmışdır. Səhiyyədəki bu yenilikləri və Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələrə nəzər salmaq məqsədi ilə paytaxtımızın tibb müəssisələri ilə əlaqə yaratdıq.
Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi, əməkdar həkim Fikrət Zeynalov:
- Müasir dövrümüzdə, bir çox sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsində də nailiyyətlərə imza atılmışdır. Azərbaycan səhiyyəsində özünü qabarıq şəkildə büruzə verən müsbət cəhətlər tibb sahəsində yeni uğurların əldə edilməsinə səbəb olmuşdur. Son illərdə Azərbaycan səhiyyəsində çox böyük islahatlar aparılmışdır. Belə ki, səhiyyə nazirliyinin 141 nömrəli əmrinə əsasən, respublikamızdakı xəstəxanalar pulsuz olaraq dərman peraparatları ilə təchiz olunub. Hazırda 115 adda pulsuz dərman xəstələrə paylanılır. Eyni zamanda, nazirliyin əmri əsasında mərkəzləşdirilmiş qaydada bütün xəstəxanalar gündə üç dəfə olaraq yeməklə təmin edilir. Respublika Dəri Zöhrəvi Xəstəxanası, Şəhər Dəri Zöhrəvi Uşaq xəstəxanası, 1 nömrəli Doğum Evi və başqa xəstəxanalara məhz mərkəzləşdirilmiş qaydada ərzaq və dərman peraparatları verilir. Bu, Azərbaycan səhiyyəsində baş verən irəliləyişləri əsaslandıran faktorlardan biridir. Səhiyyə naziri Oqtay Şirəliyevin əmri əsasında pullu tibbi xidmət ləvğ edildikdən sonra bütün xəstəxanalarda əhaliyə pulsuz olaraq xidmət göstərilir. Azərbaycan səhiyyəsində uğurlardan söz açarkən, ilk növbədə, müasir standartlara cavab ola biləcək avadanlıqların alınmasını qeyd etməliyik. Təbii ki, bu da müxtəlif xəstəliklərin müayinə və müalicə olunmasında əhəmiyyətə malikdir. Bununla yanaşı, respublikamızda xəstəxanaların yüksək səviyyədə təmir olunması prosesi davam etməkdədir. Təmir olunan xəstəxanalar Avropa standarlarına cavab verən şəkildə istifadəyə verilmişdir. Bu baxımdan Kliniki Tibbi Mərkəz yüksək səviyyədə təmir etdirilərək müasir tələblərə cavab olan tibbi avadanlıqlarla təchiz olunub. Müasir dövrümüzdə xəstəxanaların açılmasında, təmir və bərpa etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Belə ki, bu yaxınlarda bu istiqamətdə görülən işlərin davamı olaraq Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası istifadəyə verilmişdir. Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi açılmışdır. Bunlar səhiyyəmizə, əhalinin sağlamlığının qorunmasına olan diqqətdir. Rayonlarda, eləcə də, paytaxtımızda açılan yeni xəstəxanalar, diaqnostika mərkəzləri, Azərbaycan səhiyyəsində böyük uğurların nəticəsidir. Dəvəçi, Xaçmaz rayonlarında diaqnostika mərkəzlərinin, Hacıqabulda xəstəxananın açılması qeyd etdiyim uğurlara sübutdur. Bu xəstəxanaların hər biri tələb olunan müasir səhiyyə avadanlıqları ilə təchiz edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan səhiyyəsi günü-gündən yüksəlir və inkişaf edir. Bu islahatların nəticəsi olaraq bizim xəstəxanaya da Səhiyyə Nazirliyi tərəfindən müasir standartlara uyğun olan avadanlıqlar verilmişdir. Yeni təmir və bərpa olunan xəstəxanaların hər biri bütövlükdə avadanlıqlarla təmin edilirlər.
30 ilə yaxındır ki, mən səhiyyə sahəsində çalışıram. Bu baxımdan ki, həm sovet dövründə səhiyyədə olan işləri, həm də müstəqillik dövrümüzdə səhiyyəyə olan diqqəti bir mütəxəssis olaraq müşahidə etmişəm. Sovet dövründə səhiyyədə görülən işlər, deyərdim ki, şablon xarakteri daşıyırdı. Xəstəxanalarda pasiyentlərin sayına diqqət yetirilir, onların sağalma müddəti konkret gün çərçivəsində müəyyən edilirdi. Bu, sadəcə olaraq, plan xarakterli idi. Belə bir məqamda keyfiyyət məsələsi ikinci plana keçirdi. Müasir dövrümüzdə bu hallar, demək olar ki, müşahidə olunmur. Xəstənin 18-21 gün xəstəxanada qalması vacib şərt deyil. Onun müalicə müddəti və bu zamanda aparılan müayinənin effektinin nəticəsi əsas götürülür. Bir il ərizində xəstəxanamızda 10 minə yaxın xəstə müalicə olunur. Bu rəqəm, onu göstərir ki, artıq xəstələr xəstəxanalardakı müasir avadanlıqları, müalicə üsullarını əsas götürərək, tibb müəssisələrinə üz tuturlar. Azərbaycandan kənarda müalicəni üstün tutub, bu və ya digər ölkələrə müalicə üçün vətəndaşların getməsi, etiraf edək ki, müşahidə edilməkdədir. Amma bu, o demək deyil ki, həmin şəxslərin Azərbaycanda müalicə olunması qeyri-mümkündür. Xaricə müalicəyə gedən xəstələr yalnız Səhiyyə Nazirliyi tərəfindən komissiya tərtib olunduqdan sonra göndərilir. Əgər komissiya rəy verirsə ki, bunun Azərbaycanda müalicəsi yoxdur, o halda xəstə xaricə müalicə üçün göndərilir. Digər tərəfdən də, belə bir hal mövcuddur ki, xəstələr çox zaman özləri xarici dövlətlərə üz tuturlar. Buna da səbəb bəzi şəxslərin xəstəliklərini gizlətmək istəkləridir. Ürək əməliyyatı, böyrək və qara ciyər dəyişdirilməsi kimi ağır cərrahiyyə əməliyyatların respublikamızda aparılması artıq digər dövlətlərin səhiyyə ocaqlarına Azərbaycan vətəndaşlarının getməsinin qarşısını alır. Mərkəzi Neftçilər Xəstəxanasında ürək əməliyyatları çox böyük uğurla həyata keçirilir. Mən deyərdim ki, keçmiş sovet birliyinin tərkibində olan qonşu dövlətlər sırasında Azərbaycan səhiyyəsi böyük inkişaf yolundadır. Azərbaycanın iqtisadi inkişafı tibb sahəsinin də inkişafına səbəb olmuşdur.
Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın həqiqi üzvü Böyükkişi Ağayev:
- Son illər, deyərdim ki, XX əsrin ikinci yarısı, XXI əsr Azərbaycan səhiyyəsində olan inkişaf çox önəmlidir və bundan əvvəlki yüzilliklərə bərabərdir. Təbabətin müxtəlif sahələrinin inkişafı yüksələn xətlə inkişaf etməkdədir. Konkret olaraq deyim ki, Azərbaycan səhiyyəsində inkişaf son illər sürətlə gedir. Son beş il ərzində Azərbaycanın rayonlarında diaqnostik mərkəzlərin inşa etdirilməsi nəticəsində, deyərdim ki, inkişafda olan dövlətlər belə ona həsəd apara bilərlər. Nəinki binaların zahiri görkəmi, eləcə də, orada quraşdırılan avadanlıqlar, yeni təchiz edilmiş texnologiya müasirliyi ilə diqqəti cəlb etməkdədir. Beş-on il bundan əvvəl belə bir tibb müəssisələrinin Azərbaycanda inşası fikri mənə söylənilsəydi bunu əfsanə kimi qəbul edərdim. Bu artıq reallığa çevrilmişdir. Naxçıvanda, Siyəzəndə, Sabirabadda və digər rayonlardakı səhiyyə ocaqlarının istifadəyə verilməsində və açılışında şəxsən özüm iştirakçı olmuşam. Deyərdim ki, bu mərkəzlər Neft Fondu və Heydər Əliyev Fondunun maliyyə dəstəyi hesabına inşa edilərək istifadəyə verilir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bizim cərahiyyə mərkəzində onlarla xəstələr müalicə olunub. Anadangəlmə ürək xəstəliyinin əməliyyatında 15-20 min manat vəsait tələb olunur ki, bu da Heydər Əliyev Fondu tərəfindən ödənilir. Son zamanlar tibb sahəsinə göstərilən qayğı diqqətəlayiqdir. Düzdür, fond tərəfindən bir çox cərahiyyə əməliyyatları maliyyələşdirilir, lakin əsas olaraq ürəklə bağlı əməliyyatların aparılmasına diqqət artmışdır. Fond tərəfindən aparılan bu humanitar yardım ürəkaçandır. Səhiyyənin müasirləşməsi, inkişafı göz önündədir. Bu gün 50-dən artıq rayon xəstəxanaları yeniləşdirilərək təmir etdirilmişdir. Müasir xəstəxanalar hər bir kəsdə yeni bir əhval-ruhiyyə yaradır. Hacıqabul, Lənkəran, Yevlax, Gəncə, Quba və digər rayonlardakı xəstəxanalara gedərkən, belə təsəvvür yaranır ki, böyük bir dövlətin xəstəxanasına daxil olursan. Xəstəxanalarda kadr potensialının hazırlanmasına da xüsusi diqqət ayrılıb. Bu, səhiyyə nazirinin xüsusi diqqət mərkəzindədir. Ölkə Prezidentinin gənc kadrların hazırlanması ilə bağlı imzaladığı məlum sərəncam cənab nazirin diqqət mərkəzindədir. Kadrların hazırlanması diqqətdə duran məsələlərdən biridir. Bu baxımdan ki, tibb müəssisələrimiz müasir avadanlıqlarla təchiz olunduğu halda, onların istifadəsinə tam hazır olan mütəxəssislərin yetişməsi qarşıda duran məsələlərdəndir. Bunun üçün də xarici dövlətlərin təcrübəsindən istifadə etmək vacibdir. Bizim mərkəz 1961-ci ildə yaradılmış, 1970-ci ildən isə bu gün yerləşdiyi binada fəaliyyət göstərir. Həmin zamandan bu günə qədər burada heç bir təmir işi aparılmamışdır. Bu günə qədər, demək olar ki, 75 faizi sovet dövründən qalmış cihazlarla işləyirik. Bu gün bizim xəstəxana Prezidentin səhiyyəyə olan qayğısı, nazirliyin apardığı islahatlar nəticəsində təmir etdirilir. Bütün avadanlıqlar yeniləşib və standartlara uyğun bir şəkildə cihazlarla təmin olunub. Etiraf edim ki, bu avadanlıqlardan istifadə edilməsi üçün gənc mütəxəssislərin hazırlanmasına, kadr potensialının yüksək olmasına tələbat duyulur. Odur ki, bu məsələ ilə ciddi şəkildə məşğul oluruq. Bu günlərdə ürək-cərrahiyə şöbəsində 4 nəfər həkim Təbrizdəki tibb mərkəzində təcrübə keçmişlər. 4 nəfər Almaniyanın Manhayn Universitetində təcrübə keçməyə göndərmişlər. Mərkəzin, demək olar ki, bütün şöbə müdirləri 15 günlük Almaniyanın Manhayn Universitetində, eləcə də, tibb müəssisələrində təcrübə keçərək, yenilikləri mənimsəmişlər. Gənclərlə yanaşı, orta nəsli də təmsil edən həkimlər təcrübə keçmək üçün xarici dövlətlərə göndərilir. Dünyanın, demək olar ki, bütün ölkələrindəki elmi tibb mərkəzləri ilə əlaqələr yaratmışıq ki, bu gün bütün həkimlərimizi təcrübə keçmək üçün həmin məkanlara göndərə bilərik. Azərbaycanda keçirilən beynəlxalq səviyyəli simpozium, konfranslar da məhz dövlətlər arasında bu sahədə əlaqələrin genişlənməsinə bir vasitədir. Hazırda Prezidentin sərəncamı ilə bizim elmi mərkəzin nəzdində uşaq cərrahiyyəsi mərkəzi yaradılır. Mən deyərdim ki, bu şöbə respublikamızın ən önəmli şöbələrindən biri kimi fəaliyyət göstərəcək. Ürək cərrahiyyəsi Azərbaycan səhiyyəsində geridə qalmış sahələrdən biridir. Bu gün respublikamızda bu sahədə yalnız 3 yerdə əməliyyat aparılır. Mərkəzi Klinik Xəstəxanasında, Mərkəzi Neftçilər Xəstəxanasında və bizim xəstəxanamızda. Rəhbərlik etdiyim mərkəzin təmiri bu ilin sonuna qədər yekunlaşmalıdır. Təmir işlərindən sonra tibb müəssisəsində yeni cihazlarla əhaliyə xidmət göstərəcəyik.