PDF Oxu

Əsas

  • 13

“Uşaqlar üçün ensiklopediya. İnformatika” ensiklopediyası

“Uşaqlar üçün ensiklopediya. İnformatika” ensiklopediyası
Çağdaş dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafında əsas amillərdən birinə çevrilib. Bu texnologiyaların bütün fəaliyyət sahələrinə nüfuz etməsi, yaşından asılı olmayaraq, hər kəsin İKT biliklərinə yiyələnməsini zəruriləşdirir.
Yaşlı, orta, gənc nəslin nümayəndələri ilə yanaşı hər bir dövlətin gələcəyi olan uşaqların da İKT sahəsində savadlı kadr kimi yetişdirilməsi, bu sahədə onlara lazımi bilik və bacarıqların aşılanması üçün İKT-biliklərinin tədrisi, bu istiqamətdə müxtəlif nəşrlərin çap edilməsi və s. informasiya cəmiyyəti quruculuğu proseslərinin dinamik inkişafına etibarlı zəmin yaradır.
Bu gün dünyanın müxtəlif ölkələrində uşaqların İKT biliklərinə yiyələnməsi, informatika fənnini dərindən mənimsəməsi üçün bu sahə ilə bağlı dəyərli məlumatların əldə edilməsi məqsədinə xidmət edən müxtəlif dərs vəsaitləri, kitablar, ensiklopediyalar və s. hazırlanır.
Rusiyada nəşr olunmuş, M.Aksenova, E.Juravlyova və A.Leonovun müəllifliyi ilə hazırlanmış "Uşaqlar üçün ensiklopediya. İnformatika" ensiklopediyası da bu məqsədlərə xidmət edən nəşrlərdən biridir. Kiçik nəslin nümayəndələri üçün nəzərdə tutulan ensiklopediya onlarda müasir dövrdə informasiya texnologiyalarının rolu və əhəmiyyəti haqqında təsəvvürlərin formalaşması, informasiyanın bəşər tarixində rolu, informatika elmi, eləcə də onun xüsusiyyətləri və imkanlarının öyrənilməsi, ümumiyyətlə bu sahədə biliklərin zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ensiklopediyanın uşaqların İKT sahəsində maarifləndirilməsi üçün dəyərli mənbə olması, o cümlədən, bu sahə ilə bağlı dərs vəsaitlərinin, kitabların Azərbaycan dilində nəşrinin zəruriliyi nəzərə alınaraq, dilimizə tərcümə olunması məqsədəuyğun hesab edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamından irəli gələn vəzifələr rəhbər tutularaq, bu yaxınlarda "Şərq-Qərb" nəşriyyatında "Uşaqlar üçün ensiklopediya. İnformatika" ensiklopediyasının Azərbaycan dilində hazırlanmış nəşri işıq üzü görmüşdür. Nəfis şəkildə tərtib olunmuş ensiklopediyanın Azərbaycan dilində nəşri akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, texnika elmləri doktoru, professor Ələkbər Əliyevin rəhbərliyi altında AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı əməkdaşları - fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyev və Tofiq Kazımov, texnika elmləri namizədi Zərifə Cəbrayılova, İsmayıl Sadıqov, Rəsmiyyə Mahmudova və Əfruz Qurbanova tərəfindən həyata keçirilmişdir.
İnformasiya və informatika, informasiyanın kodlaşdırılması, informatika elmi, alqoritmləşdirmə, informasiyanın saxlanması və işlənməsi, kompyuter, informasiyanın ötürülməsi bölmələrindən ibarət olan ensiklopediyada XIX-XX əsrlərdə əldə edilən elmi-texnoloji nailiyyətlər, o cümlədən, bu sahədə böyük xidmətləri olan dünya şöhrətli mütəxəssis və alimlər haqqında dəyərli məlumatlar da öz əksini tapıb. Ensiklopediya uşaqların informasiya nəzəriyyəsi, proqramlaşdırma, riyazi məntiq, proqramlaşdırma dilləri, əməliyyat sistemi, virtual yaddaş mexanizmi, multimedia, kompyuterdə hesablamalar, intellektual fəaliyyətin avtomatlaşdırılması, informasiyanın ötürülməsi və kompyuter şəbəkələri, İnternetin tarixi, müəlliflik hüququ, hakerlər, kompyuter cinayətkarlığı, informasiya müharibələri, və s. haqqında zəngin biliklər əldə edə bilməsi üçün dəyərli mənbədir.
Məktəblilərin 15 sentyabr - bilik gününə də böyük hədiyyə olan ensiklopediyanın materiallarının azyaşlılar tərəfindən asan mənimsənilməsi üçün mövzular kifayət sayda illüstrasiyalarla və misallarla müşayiət olunub.
Kitab aşağı və yuxarı sinif şagirdləri, eləcə də informatika ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər xəbərlər