Bəxtiyar Sadıqov: “Azadlıq” qəzeti təkzib versin və YAP-dan üzr istəsin”
Azadlıq" qəzetində dərc olunan bir yazı ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Mətbuat Şurasına (MŞ) müraciət edib. Həmin yazıda partiyanı nüfuzdan salmaq cəhdi var. Eyni zamanda faktlar təhrif olunub, qərəzli şəkildə müzakirə ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənir. "Azadlıq" qəzetinin Baş direktoru bununla bağlı müsahibə verib. Həmin müsahibədə Bəxtiyar Sadıqov prokuror adlandırılıb. Bütün bunlarla bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov SİA-ya münasibət bildirib.
"Mən çox şadam ki, Mətbuat Şurasında keçirilən bu prinsipial və hər iki tərəfin iştirakı ilə araşdırılan məsələdə mən prokuror adlandırılmışam. Mənim üçün müsbət bir haldır ki, məni prokuror adlandırıblar. Çünki prokuror adətən qanun təmsilçisi olur.
Qanun isə həqiqətdir və hamı üçün eyni yazılır. "Azadlıq" qəzetinin təmsilçisi bu məsələ ilə bağlı öz qəzetində açıqlama versə də yenə də özlərinə xas olan formada həmin müzakirəni təhrif etməyə çalışıb. Eyni zamanada oradakı müxtəlif mövqeləri axıra qədər açıqlamayıb", - deyə qeyd edən B.Sadıqov MŞ-nin qəzet və vətəndaş, dövlət qurumları ilə qəzetçilər arasında bir körpü funksiyasının həyata keçirən bir qurum kimi xarakterizə edib.
Məhkəməyə qədər də olan qəzetlə bağlı mübahisələrin bu qurumda çözüldüyünü bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü "Azadlıq" qəzetində dərc olunan yazıda YAP-ın iddia etdiyi kimi qərəzli faktların şüurlu şəkildə təhrifi ilə zəngin olduğunu vurğulayıb: "Yazının sərlövhəsində "YAP sədri böyrəyini satır".
Aydındır ki, bunlar ikibaşlı bəlkə də, üç başlı sərlövhə qoyublar, amma məsələni araşdıranda həqiqətin tamam başqa vəziyyətdə olduğunu müşahidə edirik və həmin müzakirə zaman həm "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə, (yeri gəlmişkən onu da "prokuror" adlandırıblar. B.S), eyni zamanda mən qəzetin təmsilçisi Azər Əhmədovun gözləmədiyi və eyni zamanda həqiqətin meydana çıxmasına kömək edən sulallarla müraciət etdik.
Hər bir insan istədiyi orqanını sata bilər. Bu onun hüququdur. Əgər hər hansı bir insan ehtiyac üzündən həqiqətən bədən üzvünü satmaqla vəziyyətdən çıxmaq istəyirsə, bunu da ictimaiyyətə bəyan etmək, bu vəziyyət barədə cəmiyyətə məlumat vermək etik cəhətdən düzgün deyil. Əgər imkanınız varsa, siz də partiyasınız, bu vətənin övladlarısınız gedin kömək edin və həmin insanı çətinlikdən çıxarın".
"Dərc olunan yazıda isə məlum olur ki, bunu YAP-ın adı ilə bağlayırlar. YAP-ın sədri öz bədən üzvünü satır. Burada ikinci bir fakt odur ki, bu adamın özünün 25 min hektar torpaq sahəsi var. Biz ona sual verdik ki, 25 min torpaq sahəsi olan adam niyə torpağını satıb problemini həll etmir? Üçüncu bir məqam var. Yazıda səslənib ki, vaxtı ilə bu insanın imkanları olub, qohumlarına əl tutub. Bəs, niyə həmin qohumlar ona arxa durub, çətin vəziyyətdən çıxarmırlar. Ən nəhayət son olaraq sualımız ondan ibarət olub ki, siz niyə baş verən adi bir hadisəni qəsdlə siyasiləşdirirsiniz", - bütün bu sualların cavabını "Azadlıq" qəzetinin Baş direktoru yalnız texniki səbəblə izah etməyə çalışıb.
Mətbuatın qarşısında duran vəzifələrin obyektiv, tərəfsiz, qərəzsiz, və operativ informasiya toplayıb cəmiyyətə yaymaq olduğunu qeyd edən B. Sadıqov "Azadlıq" qəzetində obyektivlik görünmədiyini, faktların məqsədli olaraq təhrif olunduğuna diqqət çəkir: "Məsələ qərəzlidir. Məlum olub ki, həmın adamın 2007-ci ilə qədər YAP-la bağlılığı olub. Daha sonra məlum olub ki, onun 25 min deyil 25 hektar torpaq sahəsi var. Və digər məsələlər haqqında Azər Əhmədov öz yazılarında bunu texniki səhv, texniki yanlışlıq adlandırır. Necə olur ki, özlərinə münasibətdə bunu texniki yanlışlıq adlandırırlar, digərlərini isə qərəz kimi qələmə verib, məsələni siyasiləşdirirlər. YAP-ın verdiyi qiymət odur ki, bu açıq-aşkar qərəzli, məqsədli, şüurlu şəkildə YAP-ın nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Biz bunu belə qiymətləndiririk. MŞ özünün nizamnaməsinə uyğun olaraq, bütün araşdırmaları Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına və onun prinsipləri əsasında aparır. Bu prinsiplərlə faktların təhrifi, qərəzli yanaşma, şüurlu şəkildə siyasiləşdirmə və bütövlikdə cəmiyyətə YAP-la bağlı yanlış informasiya vermə daxildir. Bütün bunlar müvafiq bölmələrdə əks olunduğu araşdırıldı, müəyyən olunduqdan sonra təklif olundu ki, "Azadlıq" qəzeti bununla bağlı təkzib versin və YAP-dan üzr istəsin. Lakin Azər Əhmədov bəyan edir ki, onlar bunu etmək fikrində deyillər. Biz onları məcbur etməyəcəyik. MŞ obyektiv şəkildə məsələni tərəfləri dinləməklə müzakirə etmək qərarına gəlib. Əgər belə olmasa, YAP-ın məhkəməyə müraciət edəcək hüququ var. Və məhkəmə bütün bunları araşdırdıqdan sonra təbii ki, öz qərarının verəcək. Bu qərar isə məhkəmə qaydasında təmin olunmaqla, bu gün onların imtina etdikləri təkzib və üzürxahlıqdan ibarət olacaq".
Bəxtiyar Sadıqovun sözlərinə görə, "Azadlıq" vaxtı ilə mərhum jurnalist Nəcəf Nəcəfov tərəfindən yaradılan qəzet olub: "Özünün çox gözəl ənənə və prinsipləri var idi. Çox Təəssüf ki, artıq uzun müddətdir ki, qəzeti yalnış yola salıblar. Artıq qəzet yalançılıqla məqsədyönlü şəkildə cəmiyyətə təhrif olunan informasiyalar çatdırmaqla məşğuldur. Bu qəzetə hörmət gətirmir və Mətbuat Şurasına onlar tərəfdən edilən əsassız hücüm cəhdi növbəti səhv yollardan biridir".
"MŞ çox obyektiv şəkildə məsələni araşdırıb. Bir daha "Azadlıq" qəzetinə təklif edirik ki, onlar heç zaman faktları saxtalaşdırmasınlar onsuzda gec tez hər şey öz yolunu tapır. Azərbaycan ictimaiyyəti və xalqı nəyin necə olduğunu bilir. Azərbaycanda çıxan qəzet təkcə "Azadlıq" deyil ondan daha obyektiv və düzgün yazan çoxlu sayda qəzetlər mövcuddur", - deyə O bildirib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov əlavə edib ki, MŞ heç vaxt qəzetlərin bağlanması ilə iddia qaldırmır çalışır ki, qəzetləri tərbiyə etsin, qəzetləri Azərbaycan mətbuatının ənənələrinı, hüquq tərəfindən təsbit olunan KİV haqqında qanuna uyğun fəaliyyət istiqamətinə yönəltsin.
Sonda B. Sadıqov "Azadlıq" kimi qəzetin bağlanmasının tərəfdarı olmadıqlarını, çünki bu qəzet ilkin ənənəsi olan bir çap mətbuatıdır yaxşı olar ki, bu qəzet əvvəlki ənənələrə qayıtsın onda özləri üçündə Azərbaycan üçün də daha faydalı olacağına əmindir.