PDF Oxu

Əsas

  • 13

Minsk Qrupu öz mövqeyində dəyişiklik etməlidir

Minsk Qrupu öz mövqeyində dəyişiklik etməlidir
Məlum olduğu kimi, artıq bir neçə gündür ki, BMT Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlamışdır. Budəfəki sessiyanın Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, burada GUAM ölkələrində münaqişələr və Dağlıq Qarabağ münaqişəsi barədə məsələnin müzakirə olunacağı gözlənilir. Belə ki, bununla əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti də xüsusi hazırlıq görüb. Sessiyanın iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da çıxış edəcəyi gözlənilir.
Yaxın keçmişə nəzər salsaq, bundan əvvəlki sessiyada da Dağlıq Qarabağ münaqişəsinin müzakirə obyekti olmuş və bununla bağlı xüsusi qətnamə qəbul edilmişdi. Əlbəttə, bu qətnaməni heç də obyektiv adlandırmaq olmazdı. Çünki məsələ müzakirə olunarkən münaqişə ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrləri olan dövlətlər Azərbaycanın ərazi bütövlüyü mövqeyindən çıxış etməyərək, qətnamənin əleyhinə səs vermişdilər. Belə olan təqdirdə, Azərbaycanda da Minsk Qrupunun fəaliyyəti barədə narzılıqlar yaranmış və onun münaqişənin həlli ilə məşğul olmasına etiraz edənlər də olmuşdu.
Ötən müddət ərzində Minsk Qrupu münaqişənin həlli ilə daha yaxından maraqlanmış və bu sahədə bir sıra əməli işlər görməklə yadda qalmışdır. Bununla belə münaqişənin həllində hansısa bir irəliləyişin əldə olunmasından danışmaq hələ düzgün olmazdı. Minsk Qrupunun fəaliyyətinin nə dərəcədə effektli olmasını anlamaq üçün BMT Baş Assambleyasının budəfəki sessiyası da mühüm xarakter daşıyır. Budəfəki sessiyada Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin göstərəcəyi mövqe də bu sahədə mühüm əhəmiyyətə malikdir. Görəsən, yenə də həmsədr dövlətlər öz mövqelərində qeyri- obyektivlik göstərərək Ermənistanın mənafeyini müdafiə edəcəklər?
Bu məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev bunun belə olmayacağına inandığını nəzər çatdırdı. "Minsk Qrupu həmsədrlərinin bu dəfə də eyni mövqe göstərəcəyi inandırıcı görünmür. Çünki ötən il bu məsələ müzakirə olunanda, ABŞ-da başqa bir prezident hakimiyyət başında idi. ABŞ birdən-birə həddən artıq çılğın və isterik xarici siyasətdən ölçülü-biçili və təmkinli xarici siyasətə keçib. Yəni ABŞ-ın xarici siyasətində çox ciddi dəyişikliklər baş verib. Çünki respublikaçılardan fərqli olaraq demokratlar hakimiyyətdə daha çox ABŞ-ın daxili və xarici maraqlarını sabit məcrada idarə eləməyə üstünlük verirlər. Ona görə də, ABŞ-ın bir həmsədər ölkə kimi Ermənistanı dəstəkləməsi hər halda, mən inanmıram ki, ABŞ yenidən belə bir ciddi səhvə yol versin.
Rusiyanın da mövqeyində dəyişiklik var. Yəni Rusiyanın istər-istəməz bu məsələdə Azərbaycanın haqq işini dəstəkləyəcəyinin ilkin işartılarını Ermənistan prezidenti Serj Sarkisyan Rusiya qəzetlərinə verdiyi müsahibədə isterik şəkildə özünü göstərdi. Sarkisyan bu məsələlərdə Rusiyanı ittiham edir. Yəni Rusiyanın artıq bu fikrinin dəyişməsi Sarkisyana məlum olduğuna görə indidən qabaqlayıcı tədbirlərə əl atır. Yəni Rusiyanın öz mövqeyində dəyişiklik etməsi ehtimalı çox yüksəkdir.
Fransanın mövqeyinin dəyişiləcəyinə isə mən inanmıram. Çünki prezident Sarkozi bütün hallarda siyasi cəhətdən ermənilərin əlindədir. Çünki hakim partiyanın sədri Patrik Dəvəçiyan onun hakimiyyətə gəlməsində mühüm rol oynayıb. Bundan başqa da Sarkozinin bir müsəlman fobiyası var. O, islam aləmini sevmir. Ona görə də, Fransanın bu məsələdə Azərbaycanı dəstəkləmək ehtimalı çox aşağıdır. Yəni inanıram ki, bu məsələdə Fransa Ermənistanı nahaqdan olsa da, dəstəkləyəcək."

Digər xəbərlər