PDF Oxu

Əsas

  • 18

Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyədə ciddi etirazlara səbəb olub

Ermənistanla sərhədlərin açılması məsələsi Türkiyədə ciddi etirazlara səbəb olub

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını ehtiva edən müvafiq sənədlərin imzalanması məsələsi Türkiyədə ciddi etiraz doğurub. Türkiyənin müxalifət partiyalarından olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası, o cümlədən, ziyalılar, ayrı-ayrı tanınmış cəmiyyət üzvləri AKP hakimiyyətinin bu addımına etiraz edir. Ermənilərlə danışıqların dayandırılmasını tələb edirlər.
Türkiyə KİV-ləri ardıcıl şəkildə Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələləri müzakirə edir, əksər KİV-lər Ərdoğan hakimiyyətinin mövqeyinə tənqidi münasibət bildirirlər.
Türkiyə hakimiyyəti Türkiyə ilə Ermənistan arasında paraflanmış sənədlərə dair 6 həftəlik siyasi məsləhətləşmələr həyata keçirir. Əksər siyasi partiyalar xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşləri zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına etiraz ediblər.
Azərbaycan tərəfi isə məsələyə təmkinlə yanaşır. Çünki Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edərkən Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağını bəyan etmişdi. Eyni zamanda, avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı Ərdoğan Azərbaycanda verdiyi bəyanatların qüvvədə qaldığını, aparılan müzakirələrin və paraflanmış sənədlərin ciddi əhəmiyyət kəsb etmədiyini, onların parlamentdən keçmək ehtimalının olmadığını bildirmişdi. Eyni zamanda baş nazirin təlimatı əsasında Türkiyə Xarici İşlər Nazirliyi aparatının rəhbəri Firudin Sinirlioğlu və onun müavini Ünal Çeviköz avqustun 29-da Bakıya səfərləri və Azərbaycan Prezidenti ilə görüşləri zamanı Türkiyənin məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bəyan ediblər. Azərbaycan tərəfi ümid edir ki, Türkiyənin ən yüksək vəzifəli şəxsləri verdiyi vədlərinə əməl edəcəklər.

Məsələyə Azərbaycanın millət vəkillərindən də münasibət öyrəndik.

"Türkiyədə Azərbaycanın mənafelərinə zidd addım atan hakimiyyət iqtidarda duruş gətirə bilməz"


Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli:

- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfər edərkən Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Türkiyənin Ermənistanla sərhədlərini açmayacağı haqqında verdiyi bəyanata inanıram və ümid edirəm. R.T.Ərdoğanın Azərbaycanın Milli Məclisində səsləndirdiyi fikirlərə xilaf çıxması onun siyasi karyerası üçün zərbə olar. Onun kimi xarizmatik, Avropada nüfuz sahibi olan bir siyasətçinin verdiyi sözdən geri dönməsinə inanmıram. Düşünürəm ki, Türkiyə atdığı hər bir addımda Azərbaycanın mənafeyini düşünəcək və bunları rəhbər tutaraq öz fəaliyyətini davam etdirəcək.
Türkiyə müxalifətinin bu məsələyə kəskin etirazı təbiidir. Ermənistan - Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan protokolda Dağlıq Qarabağla bağlı hər hansı bir məsələnin qeyd olunmaması məndə də narahatçılıq yaradır. Ümid edirəm ki, Türkiyə hər zaman olduğu kimi, bu məsələdə də sonadək Azərbaycanın yanında olacaq. Ölkəmizin mənafeyini öz mənafeyi kimi qoruyacaq.
Məni nikbin düşüncələrə kökləyən ən əsas məqam ondan ibarətdir ki, Türkiyədə Azərbaycanın mənafelərinə zidd addım atan hakimiyyət iqtidarda duruş gətirə bilməz. Türk milləti heç bir zaman Azərbaycanı darda qoymayıb və bunadan sonra da qoymayacaq.
Bu prosesi diqqətlə izləyirəm və nəticənin Azərbaycanın xeyrinə olacağına inanıram. Yəni, sərhədlərin açılması məsələsi nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaracaq.

"Ermənistan tərəfi ürəkbulandırıcı məlumatlar yaymaqla Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirmək məqsədi daşıyır"

Millət vəkili Nizami Cəfərov:

- Türkiyə hakimiyyətinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhədlər açılmayacaq. Bizim üçün əsas olan budur və ümidimiz bunadır. İndi müxalifət liderlərindən olan Dövlət Baxçalı, Dəniz Baykal bu məsələ ətrafında iqtidarla polemikadadırlar və kəskin etiraz nümayiş etdirirlər. Kürd açılımı, Avropa Birliyinə üzv olmaq, hərbiyə münasibət və s. məsələlərində iqtidarla müxalifət arasında hər zaman toqquşan fikirlər səsləndirilib. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayana qədər Türkiyənin Ermənistanla sərhədləri açmamasında maraqlıdır.
Sərhədlərin açılmasını nəzərdə tutan protokolların 1921-ci ilin 13 oktyabr tarixində imzalanan Qars müqaviləsi ilə eyni gündə imzalanacağı haqqında gəzən xəbərlər əsassızdır. Məsələyə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi münasibəti var. Türkiyə XİN bəyan edib ki, protokollar Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra imzalana bilər. Ermənistan tərəfinin məsələ ilə bağlı səsləndirdiyi bu cür fikirlər əsassızdır. Bu məlumatları yaymaqla, ictimaiyyət arasında çaşğınlıq yaratmaq Ermənistan ideologiyasının xarakterik xususiyyətidir. Onlar ürəkbulandırıcı informasiyalar yaymaqla, Azərbaycan və Türkiyə münasibətlərinə də xələl gətirmək məqsədi daşıyırlar. Ermənistan bu cür ucuz vasitələrə əl atmaqla problemin həllində heç nəyə nail olmayacaq.

"Azərbaycan - Türkiyə münasibətlərinə xələl gətiriləcək hər hansı bir addımın atılacağı fikrində deyiləm"


Millət vəkili Sabir Hacıyev:
- Ermənistan - Türkiyə sərhədlərinin açılacağını konkret söyləyə bilmərəm. Bu məsələdə Azərbaycanın maraqlarının nəzərə alınacağı dəfələrlə müzakirə olunub və ən yüksək səviyyədə münasibət bildirilib. Məsələnin qeyd etdiyimiz formada öz həllini tapacağına ümidvaram.

Azərbaycan - Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Məsələyə ölkəmizin rəsmi dairələrinin də münasibəti var. Bu münasibətlər fonunda Azərbaycan - Türkiyə münasibətlərinə xələl gətiriləcəyi fikrində deyiləm.

"Türkiyə BMM-dəki müzakirələrdən sonra sərhədlərin açılacağı haqqında konkret fikir söyləmək olar"

Millət vəkili Fəzail İbrahimli:

- Ermənistan - Türkiyə sərhədlərinin açılması məsələsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Qəbul olunan son qərarda Türkiyənin hansı siyasət yürütdüyü bizə məlum olacaq. Ancaq Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlişi və bununla bağlı səsləndirdiyi siyasi və poetik fikirlər fonunda Ermənistanla sərhədlərin açılmayacağını bildirmişdilər. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədlərin açılmayacağını dəfələrlər qeyd etmişdilər. Bu ifadələr Türkiyə dövlətinin məsələyə mövqeyini nümayiş etdirirdi.

Digər xəbərlər