Dəniz Baykal: “Azərbaycan Türkiyə və Avropa İttifaqı üçün çox mühüm bir ölkədir”
Türkiyənin Cümhuriyyət Xalq Partriyasının sədri Dəniz Baykal xarici işlər naziri Əhməd Davudoğlu ilə xarici siyasət məsələlri ətrafında apardığı fikir mübadiləsindən sonra mətbuat konfransı keçirib.
Türkiyənin Ermənistanla apardığı danışıqlar prosesini ermənilərin qurduğu tələ adlandıran və Azərbaycanın işğal altında olan torpaqlarının hələ azad olunmadığını xatırladan Dəniz Baykal bildirib ki, erməni lobbisinin təsiri altında iş görmək yanlışlıqdır: "Azərbaycan Türkiyə və Avropa İttifaqı üçün çox mühüm bir ölkədir. Erməni lobbisinin təsiri altında dünyanın təməl həqiqətlərindən vaz keşmək yanlışdır. Türkiyənin vəzifəsi bunu bütün dünyada yaymaqdır. Azərbaycanı incidəcək, kənarlaşdıracaq qərarlar qəbul edilsə, bu həm Avropa İttifaqına, həm də Türkiyəyə çox böyük zərər verər. İndi Azərbaycan böyük bir xoş niyyət və sakitliklə hadisələri izləyir. Amma, hamımız bu qayğını daşıyırıq". Dəniz Baykal Baş nazir Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalıçı siyasətinə son qoyulmayanadək sərhədlərin açılmayacağına dair Azərbaycanda verdiyi sözü xatırladaraq demişdir ki, bunun əksi mümkün deyil və Türkiyənin bölgədəki nüfuzu da bu vədin yerinə yetirilməsindən asılıdır. O, Əhməd Davudoğlunun da bu fikrə şərik olduğunu vurğulayıb. Əlavə edib ki, əgər ermənilərlə protokol imzalanarsa, onlar yenə sözdə "soyqırımı" iddialarından əl çəkməyəcək, işğala son qoymayacaq və Qars müqaviləsini tanımayacaqlar.