1994-cü il sentyabrın 20-də Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisə baş verdi. Həmin tarixdə respublikamızın yeni neft strategiyasının əsası qoyuldu. Belə ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində "Əsrin müqaviləsi" adlanan transmilli neft müqaviləsi imzalandı. Bu müqavilənin imzalanması ilə Azərbaycanın iqtisadi imkanları artdı və neftdən gələn gəlirlər digər sahələrin dirçəlməsinə əsas verdi. Əhalinin maddi rifah halının yaxşılaşması, ictimai-siyasi sabitliyin təminatı və s. ümumdövlət əhəmiyyətli məsələlərdə ciddi irəliləyişlər əldə olundu. Sevindirici haldır ki, bu tarixi hadisədən 15 il ötməsinə baxmayaraq, onun bəhrəsi hələ də ölkəmizə inkişaf və tərəqqi bəxş edir. Nəticələrə baxdıqca ulu öndər Heydər Əliyev siyasi kursunun müdrikliyinə və dönməzliyinə heyran qalırsan.
Məhz bu siyasi iradə sayəsində Azərbaycanın milli mənafeyini özündə əks etdirən "Əsrin müqaviləsi" imzalandı və ölkədə çoxşaxəli iqtisadi inkişafa nail olundu. Bu inkişaf özünü digər sahələrdə büruzə verməklə Azərbaycanı regionun, hətta MDB məkanının lider dövlətinə çevirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsi ölkə iqtisadiyyatının inkişaf perspektivindən xəbər verir. Ümidvarıq ki, dövlət başçısının səyi və iradəsi ilə Azərbaycan daha böyük nailiyyətlərə imza atacaq.
"Səs" qəzetinin təşkilatçılığı ilə keçirilən budəfəki, dəyirmi masada "Əsrin müqaviləsi"nin imzalanmasına qədər və ondan sonrakı vəziyyət müzakirə olundu. Həmin müqavilənin imzalanmasına mane olmağa çalışan qüvvələrin məqsədləri ortaya çıxdı. Müzakirələrdə bildirildi ki, Azərbaycanda neft strategiyasının əsasının qoyulmasına qısqanclıqla yanaşan qüvvələrin əsas niyyəti Azərbaycanı çökdürmək və kimlərinsə asılılığına salmaqdan ibarət idi.
Qeyd edək ki, dəyirmi masada Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Zahid Oruc, Sənaye və Energetika Nazirliyinin neft-qaz şöbəsinin müdiri İdris Rzabəyov, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev, iqtisad elmləri namizədləri Vüsal Qasımlı, Mənsur Bərxudarov, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev və iqtisadçı ekspertlər Vüqar Bayramov və Aydın Hüseynov iştirak edirdilər.
"Səs" qəzetinin əməkdaşı:
- O dövrdə "Əsrin müqaviləsi"nin imzalanması, transmilli və kommunikasiya layihələrinin reallaşması Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələrindən biridir. "Əsrin müqaviləsi"nin imzalanması zərurəti haradan yarandı və onun reallaşması Azərbaycan iqtisadiyyatının inkişafına hansı töhfələri verdi?
AZƏRBAYCAN ENERJİ RESURSLARI İLƏ AVROPAYA İNTEQRASİYA EDİB
Eldar İbrahimov:
- Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından bir il sonra mayın 12-də cəbhədə atəşkəs elan olundu. Bundan sonra dahi öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün çıxış yolunu neft sektorunda görürdü. Ona görə neft müqavilələrinin imzalanmasına böyük əhəmiyyət verirdi. Heydər Əliyevin cəsarəti və uzaqgörən siyasəti nəticəsində 8 dövlətin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilənin imzalanmasına mane olan qüvvələr var idi. Bu barədə ulu öndərlə çoxlu söhbətlərim olub. Qeyd edim ki, bu işdə gizli məqamlar çox idi. Amma xarici təzyiqlərə, təsirlərə baxmayaraq 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi" imzalandı. Həmin ilin 29 sentyabr tarixində isə Afiyəddin Cəlilovla Şəmsi Rəhimov güllələndi. Həmin vaxt ulu öndər Heydər Əliyevə yaxın olan digər şəxsləri də öldürə bilərdilər. Bunlar Heydər Əliyevə gördüyü işdən geri çəkilməsi üçün bir mesaj idi. Buna da qane olmadılar və 1994-cü il oktyabrın 4-də və 1995-ci ilin mart ayında dövlət çevirilişinə cəhd etdilər. Bütün vasitələrə əl ataraq ölkədə siyasi sabitliyi pozmağa və sözügedən müqavilənin reallaşmasına mane olmağa çalışırdılar. Hətta əldə olunan gizli məlumatlara görə, 1995-ci ilin oktyabr ayında da dövlət çevirilişinə hazırlaşırdılar.
Yadımdadır, həmin vaxt ulu öndər Heydər Əliyev Küveytə səfərə gedirdi. Həm daxildən, həm də xaricədən "Əsrin müqaviləsi"nin imzalanmasını istəməyən xainlər var idi. Azərbaycan enerji resursları və nefti ilə Avropaya inteqrasiya edib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsi ilə ölkə iqtisadiyyatı müstəqil şəkildə inkişaf etməyə başladı. Ulu öndərin atdığı bu cür addımlarla Azərbaycan dövləti dünya öləkələri arasında tanınıb və böyük nüfuz sahibi olub. Bu gün hər birimiz güclü Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi islahatlar və onların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Müstəqilliyimizi ikinci dəfə quran Heydər Əliyevin siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsinə çox şadıq.
"Səs" qəzetinin əməkdaşı:
- Həmin dövrdə AXC-Müsavat hakimiyyəti də belə bir layihə hazırlamışdı. Onların hazırladığı həmin layihə həm iqisadi, həm də siyasi cəhətdən Azərbaycan üçün əlverişli deyildi. Amma ulu öndərimiz Heydər Əliyevin sayəsində ölkəmizin milli maraqlarına uyğun neft layihəsi ortaya qoyuldu. Bu barədə nə deyə bilərsiniz?
BU GÜN HƏR BİR ÖLKƏ VƏTƏNDAŞI "ƏSRİN MÜQAVİLƏSİ"NİN BƏHRƏSİNİ GÖRÜR
Vüqar Rəhimzadə:
- Azərbaycan iqtisadiyyatının inkişafının təməl daşı 1994-cü il 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi" ilə qoyuldu. Bundan sonra ölkə iqtisadiyyatı özünün yüksəliş dövrünü yaşamağa başladı. Müqavilə imzalanan zaman buraya qoşulan bir neçə xarici neft şirkəti var idisə, indi Azərbaycanla neft sahəsində əməkdaşlıq etməyə can atan yüzlərlə xarici neft şirkətləri var. Quru yataqlarının işlənməsi sahəsində imzalanan nef müqavilələrinin sayı durmadan artır. "Əsrin müqaviləsi"nin imzalanmasının üç böyük-siyasi, iqtisadi və sosial əhəmiyyəti var. Azərbaycanın iqtisadi siyasətinin müstəqil şəkildə həyata keçirilməsində "Əsrin müqaviləsi"nin böyük rolu olub. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq arenada ölkənin siyasi nüfuzu artmağa başladı. Bu proses sonrakı dövrlərdə daha da sürətləndi. "Əsrin müqaviləsi" siyasi iradə tələb edən beynəlxalq sənəd idi. Burada milli maraqları üstün tutmaq vacib idi. AXC-Müsavat hakimiyyətində bu cür cəsarətə sahib olan bir şəxs yox idi. Milli maraqları əks etdirən müqavilənin imzalanması yalnız ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində mümkün oldu. O, gecəsini gündüzünə qataraq, ölkəmizin milli maraqlarını ön plana alan "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.
Bu gün Azərbaycan iqtisadiyyatının artım tempi beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qtymətləndirilir. Bütün iqtisadi islahatlar "Əsrin müqaviləsi"nin bazasında həyata keçirilir. Azərbaycanda yaşayan hər bir vətəndaş "Əsrin müqaviləsi"nin bəhrəsini görür. Regionlarımızda sosial, təhsil, səhiyyə, mədəniyyət və s. obyektlərinin inşası bu müqavilənin nəticəsində mümkün olub. Sosial sahədə kifayət qədər geniş işlər görülüb. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində 800 mindən artıq yeni iş yeri açılıb. Yəni, iqtisadi siyasətin düzgün aparılması və onun perspektivinin analiz edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişafa qədəm qoyub. Bu layihənin reallaşmasına qısqanclıqla yanaşan qüvvələr var idi. Bütün bunlara baxmayaraq, "Əsrin müqaviləsi"nin reallaşması nəhəng neft layihələrinin həyata keçirilməsinə zəmin yaratdı. Bu günə qədər imzalanmış neft müqavilələri "Əsrin müqaviləsi"nin şaxələnmiş qolları hesab oluna bilər.
"Səs" qəzetinin əməkdaşı:
- Ulu öndər Heydər Əliyev SSRİ dövründə Mərkəzi Komitənin birinci katibi olarkən Azərbaycanın uğurlu gələcəyinin təmin olunması üçün bir sıra layihələr həyata keçirmişdi. Bunlar da ölkə iqtisadiyyatının hərtərəfli inkişafına və neftayırma zavodlarının, neft-kimya sənayesinin yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdü. Həmin dövrdə əsası qoyulan strategiya bu gün xalqımıza nələr bəxş etməkdədir?
NEFT MÜQAVİLƏLƏRİ ÖLKƏDƏ İCTİMAİ-SİYASİ SABİTLİYİN DÖNMƏZLİYİNƏ TƏMİNAT VERDİ
Zahid Oruc:
- Belə bir dəyirmi masa təşkil etdiklərinə görə, "Səs" qəzetinin kollektivinə minnətdaram. 1994-cü ildə atılan addımlar Azərbaycanın gələcək həyatını bilavasitə müəyyənləşdirən hadisəyə çevrildi. Həmin dövrdə Azərbaycan uğrunda gedən savaş neft uğrunda gedən savaşla xeyli fərqlənirdi. Həmişə qeyd etmişəm ki, Qarabağ müharibəsinin baş verməsində Xəzər nefti amili var. Xəzər dənizi bu qədər ehtiyatlara malik olmasaydı, Azərbaycan uğrunda aparılan döyüşlərin şiddəti bu qədər olmazdı. Zamanında Lenin, daha sonra SSRİ və beynəlxalq dairələr regionların malik olduğu neft potensialının və karbohidrogen ehtiyatlarının ələ keçirilməsi uğrunda hər zaman müharibə başladıblar. Çox təəssüflər ki, neft amili dünyada hər zaman qanla, münaqişələrlə bir məfhum kimi ifadə olunub. Neft, sadəcə, yer altında olan qara mazut şəklində bir məhluldur. Onun hər hansı bir ölkənin ərazisində tapılması real bir işdir və burada heç bir şücaət tələb olunmur.
Neft, Azərbaycanın uzaq keçmişindən bu günə qədər ölkəmizə çoxlu bəlalar bəxş edib. Dünyada baş verən münaqişələrin başlıca amili olub. Ulu öndərin 1994-cü ildə neft müqaviləsini imzalaması Azərbaycan uğrunda aparılan müharibənin şiddətini yüz dəfələrlə azaltmış oldu. Ölkəmiz bu məsələdə özünün beynəlxalq tərəfdaşlarını qazana bildi. Dağlıq Qarabağ münaqişəsinə bərabər olan Xəzərin statusu kimi bir problemdə tərəfdaşlar əldə etdi. Həmin beynəlxalq qüvvələrin hesabına dövlətimiz Azərbaycanı müharibənin itkilərindən xilas etmək imkanı əldə etdi.
Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, əgər neft amili olmasaydı, Azərbaycanı həmin siyasi burulğandan çıxarmaq mümkün olmacayaqdı. Eyni zamanda, bir milyona qədər qaçqın və məcburi köçkün kütləsinin ağırlığı bu ölkənin siyasi mövcudluğuna son qoyacaqdı. İmzalanan neft müqavilələri ölkədə ictimai-siyasi sabitliyin dönməzliyinə təminat verdi. Neft hər zaman siyasət olub, bu gün də belədir. O dövrdə də neft təhlükəsizlik amili kimi çıxış etdi və Azərbaycanın siyasi mövqelərini möhkəmlətdi. Bunun nəticəsində ölkəmiz regionda savaş aparan dövlətlərin qarşısında dayana bildi. Neft müqaviləsinin imzalanmasından sonra Rusiya Xarici İşlər Nazirliyi tərəfindən nota verildi. Rusiya bu müqavilələri tanımadığını bəyan etdi. Ulu öndərin siyasi uzaqgörənliyi, fitri istedadı ondan ibarət idi ki, O, Azərbaycanı Rusiyanın neft elitasından ayıraraq, üz-üzə qoya bilmişdi.
HEYDƏR ƏLİYEV ÖLKƏNİN VEKTORAL VƏ BALANSLAŞDIRILMIŞ XARİCİ SİYASƏTİNİ QURDU
Vüsal Qasımlı:
- Çox vacib və aktual mövzu ətrafında çıxışlar təşkil etdiyinizə görə, sizə minnətdarlığımı bildirirəm. Xəzərin statusu və Azərbaycanın o vaxtkı vəziyyətini təhlil etmək istərdim. Bizim ətrafımızda Rusiya və İran kimi əjdaha dövlətlər var idi. Onlar və onların timsalında Azərbaycana qarşı təhdidlər olurdu. Bu gün də bu təhdidlər davam etməkdədir. Belə bir şəraitdə "Əsrin müqaviləsi" imzalandı. Xəzərin statusu məsələsində ölkəmizin əleyhinə olan dövlətlər bu məsələyə cəlb olundu və Xəzərə Qərb kapitalı gəldi. Bu məsələnin çox çətin olmasına baxmayaraq, ulu öndər Heydər Əliyev bunun öhdəsindən layiqincə gəldi. Digər Azərbaycanın son 50-60 ili üçün vektoral xarici siyasəti müəyyənləşdi. "Əsrin müqaviləsi"nin tərəfdaşları olan İngiltərə, ABŞ, Rusiya, Avropa, Yaponiya, Ərəbistan və Azərbaycanın xarici siyasət vektorlarına baxın. Bu siyasət tamamilə üst-üstə düşür. Bu cür siyasi məsələlər riyazi dəqiqliklə "Əsrin müqaviləsi"ndə öz əksini tapdı. Bu da bilavasitə Heydər Əliyevin xidmətləri ilə bağlı idi və bunu Ona qədər heç kim bacara bilməmişdir.
Xüsusi qeyd etmək istəyirəm ki, birinci Şirvanşah İbrahim, alban hökmdarı Cavanşir, Qarabağ xanı İbrahim Xəlil xan o zaman güclü dövlətlərin ətrafında balanslaşdırılmış xarici siyasət yürüdürdülər. "Əsrin müqaviləsi"nin imzalanması təsadüf nəticəsində baş vermədi. Bu, Azərbaycan tarixinin alt qatlarında oturmuş bir təcrübə idi. Heydər Əliyev bu təcrübədən istifadə edərək, ölkənin vektoral və balanslaşdırılmış xarici siyasətini qurdu. Bu yaxınlarda Atropatena hökmdarlarından birinin siyasi kursuna nəzər saldıq. Onun vaxtilə Sasani hökmdarı ilə etdiyi manevri Heydər Əliyev zamanında həyata keçirtdi. Dünyanın ən böyük iqtisadi güc mərkəzi olan Avropanın enerji təhlükəsizliyini Rusiyanın əlindən alması Azərbaycanla qurulan münasibətlərdən asılıdır. Bu da "Əsrin müqaviləsi"nin əhəmiyyətindən irəli gəlir.
(Ardı var)