İlk dərs günü təntənəli qeyd olunmuşdur
Ənənəvi olaraq keçirilən "Bilik günü" tədbirləri Səbail rayonunun bütün orta məktəblərində həmişəki kimi təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlərin özləri tərəfindən hazırlıq işləri aparılmış, bilik bayramının bu il məktəbə gələn birincilərin yaddaşında həmişəlik həkk olunan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni əsirgəməmişlər.
Yeni dərs ilinə tam hazır olan 6 saylı "İntellekt" məktəbi-liseydə bu il fənn kabinetləri, sinif otaqları tam təmir olunaraq hər cür ləvazimatlarla təchiz olunmuşdur. Məktəbin yaxınlığındakı gözəl tərtib olunmuş parkda keçirilən "Bilik günü" bayramında "İntellekt" məktəb-liseyin direktoru Ceyran Quliyeva ötən il "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qaliblərindən olmuş liseyin pedaqoci kollektivinin tədrisdə qazandığı uğurlardan söz açmışdır. Bildirmişdir ki, bu il liseyi bitirmiş 45 məzunu ali məktəblərə, o cümlədən, 10 nəfəri isə xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Məzunlardan 13-ü 500, 3-ü isə 650-dən çox bal toplamışdır. Məktəbin məzunu, rayon üzrə 690 bal toplamış 2 nəfərdən biri olan Məhəmməd Məmmədov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur. Ölkə başçısının sərəncamı ilə "İlin ən yaxşı müəllimi" respublika müsabiqəsinin qalibləri arasında 6 saylı məktəb-liseyinin tarix müəllimi Elmin İmanov da vardır.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ölkə başçısı tərəfindən təhsilə olan diqqət və qayğının artmasının nəticəsidir ki, 40 il ərzində ərazisində nə bir məktəb, nə də uşaq bağçası tikilməmiş Səbail rayonunun təhsil müəssisələrində çox böyük dəyişikliklər baş vermişdir. Rayondakı 18 orta təhsil müəssisənin əksəriyyəti əsaslı təmir olunmuş, şagirdlərin təhsili üçün burada lazımi şərait yaradılmışdır. Bu təhsil ilində rayonun 18 ümumtəhsil məktəblərində 21000 nəfər şagird təhsil alacaqdır ki, onlardan da 1720 nəfəri bu gün I sinfinə gedir.
A.Əsgərov məktəb kolektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, kollektivə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də təhsil aldığı bu məktəbin adını daha da ucaltmaq işlərində müvəffəqiyyətlər, şagirdlərə təhsillərində uğurlar arzulamışdır.
Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə bu tədris ilində 1200 şagird təhsil alacaqdır. Qəsəbənin günbəgün genişlənməsi və əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 840 şagird yerlik yeni tədris korpusu tikilmiş, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi əsasında məktəbin köhnə tədris korpusu əsaslı təmir olunmuş, süni örtüklü minifutbol stadionu istifadəyə verilmiş, məktəb yeni avadanlıqlarla təmin olunmuşdur. Ən əlamətdar hadisə isə bu il məktəbin "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində qalibləri sırasında olmasıdır. "Bilik günü"nə həsr olunmuş tədbirdə kollektivin qazandığı uğurlardan danışan 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova qeyd etmişdir ki, keçən tədris ilində məktəbi bitirmiş məzunların 57-i ali məktəblərə qəbul olmuş, onlardan 15 nəfəri 500-dən, 5 nəfəri 600-dən çox bal toplamışdır. Keçən tədris ilində məktəbin bir neçə şagirdi respublika, və Bakı şəhər fənn olimpiadalarında qaliblər arasında olmuş, rayon icra hakimiyyəti tərəfindən aylıq təqaüdlərə layiq görülmüşlər.
"Bilik günü"nə dəvət olunmuş qonaqlar, müəllim və valideynlərin çıxışlarından sonra ilk zəng çalınmış və birincilər məktəb kollektivinin alqışları altında siniflərə daxil olmuşlar.
Tədbirdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov iştirak etmiş və "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsində qaliblərdən olmuş məktəb kollektivini təbrik edərək onlara yeni tədris ilində uğurlar arzulamışdır.
Rayonun qocaman və tanınmış məktəblərindən olan 190 saylı məktəb bu il özünün 64-cü dərs ilinə başlayır. Məktəbdə 1300-dən çox şagird təhsil alacaqdır. "Bilik günü"nə həsr olunmuş tədbiri açan 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova qeyd etmişdir ki, yeni tədris ilində məktəbin birinci sinfinə 112 şagird qəbul olunmuşdur ki, onlar 5 sinifdə dərs keçəcəklər. Keçən tədris ilinin yekununa görə məktəbin kollektivi təhsildə böyük uğurlar qazanmışdır ki, bunun da nəticəsidir ki, məktəbin 43 məzunu ali məktəblərə qəbul olmuş, onlardan 6-sı 500-dən, 2-i isə 600-dən çox bal toplamışdır. Çox əlamətdar haldır ki, 190 saylı orta məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin qalibləri sırasında olmuş, məktəbin ibtidai sinif müəlliməsi Aygün Həşimova isə "İlin ən yaxşı müəllimi" adına layiq görülmüşdür.
Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbdə də təntənəli keçirilmişdir. Məktəb kollektivi, valideynlər və çoxsaylı qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən 91 saylı orta məktəbin direktoru Svetlana Zülfüqarova bildirmişdir ki, keçən təhsil ilində məktəbi 93 şagird bitirmiş, onlardan 52-si ali məktəblərə, o cümlədən, 1 məzun Moskva Dövlət Universitetinə qəbul olmuşdur. Qəbul imtahanlarında 11 məzun 500-dən, 3 məzun isə 600-dən çox bal toplamışdır. Yeni tədris ili ərəfəsində məktəbdə təmir işləri aparılmış, yeni quraşdırılmış müasir qazanxana isə bu il həm məktəbin, həm də yaxınlıqdakı uşaq bağçası və uşaq musiqi məktəblərinin istilik təminatını tam şəkildə ödəyəcəkdir.
Yeni dərs ilinin başlanmasını bildirən zəng sədaları altında 11-cilər builki birinciləri sinif otaqlarına aparmışlar.
Səbail rayonunun 2 və 49 saylı liseylərdə, 7, 50, 51, 160, 162, 189, 236 saylı məktəblərində də "Bilik günü" tədbirləri yüksək təşkilatçılıqla keçmiş və şagirdlərin həyatında yaddaqalan bir günə çevrilmişdir.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən "Bilik günü" tədbirlərində Səbail rayon icra hakimiyyətinin rəhbərliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri iştirak etmişlər.