PDF Oxu

Əsas

  • 18

Dairə Seçki Komissiyaları üçün təşkil edilmiş kurslar davam edir

Dairə Seçki Komissiyaları üçün təşkil edilmiş kurslar davam edir
Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Dairə Seçki Komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etməkdədir. Dünən kursların növbəti günü Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Bələdiyyə seçkiləri zamanı aşkarlığın təmini və seçkiqabağı təşviqatın aparılmasında KİV-lərin rolu" mövzusunda çıxış etdi. Ə.Həsənov bildirdi ki, keçirilən bu kursların seçkinin təkmilləşməsində böyük əhəmiyyət kəsb edir. Bu gün seçki institutları bütün mərhələlərdə, səviyyələrdə təkmilləşdirilir. Bu seçki institutlarının təkmilləşməsi və onların fəaliyyətinin dünya standartlarına yaxınlaşması təkcə institutların əməkdaşları üçün deyil, eyni zamanda, seçicilər üçün də yeniliklərin əldə edilməsinə imkan yaradır. Ə.Həsənov bildirdi ki, bugünkü seçici 1990-1992-ci il seçicisindən kifayət qədər fərqlənir. Onun sözlərinə görə, hazırda biz o zamankı seçki praktikasından dünya standartlarına uyğun seçki praktikasına kimi yol keçmişik: "Avropa Şurasına qəbul olunduğumuz 2005-ci ildən və ondan qabaq Azərbaycan Respublikası Prezidentinin Avropa Şurasına daxil olmaq haqqında müraciətindən sonra biz seçkiləri Avropa standartlarına uyğun təşkil edirik. Avropa standartları, həmçinin, demokratik seçki standartlarıdır", - deyə Ə.Həsənov bildirdi. Onun sözlərinə görə, dünyadakı 205 ölkədən 85-i, o cümlədən, Azərbaycan seçki prosesi zamanı Avropa standartlarını tətbiq edir: "Bu gün aydın görünür ki, bugünün seçicisi 1993-cü ilin seçicisi deyil. Çünki bu gün seçicilər ölkədə keçirilən seçkilərə böyük maraq və fəallıqla qatılırlar. Bu irəliləyişlər ölkədə seçki məsələsi ilə bağlı yeni qanunların hazırlanması və seçkidən-seçkiyə yaranmış nöqsanların birbaşa aradan qaldırılması sahəsində atılan addımlardır. Avropa Şurasının Venesiya Komissiyası və digər bölmələri potsovet məkanında, o cümlədən, Azərbaycanda seçki qanunlarının təkmilləşdirilməsi ilə məşğuldur. Ona görə də inanıram ki, DSK sədrləri üçün "Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar"ın keçirilməsinin müsbət nəticə verməsi ilə yanaşı, həm də Azərbaycanda seçkilərin ayrı-ayrı sahələri ilə bağlı mütəxəssislərin çıxışlarının böyük əhəmiyyəti olacaq." Azərbaycanda seçkilər Avropa standartlarına uyğundur Ə.Həsənov Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun olaraq bildirdi ki, bu seçkinin əsasını Avropanın demokratik institutları qoruyub. Bu institutların başında dayanan ATƏT 1975-ci ildən təşkilat kimi formalaşan qurumdur. Ə.Həsənov Avropa standartlarının seçki ilə bağlı üç əsas təməl prinsipi olduğunu bildirdi: "Birincisi, şəffaflıq, aşkarlıq, ikincisi, vətəndaşların sərbəst ifadə etdikləri səsvermə prosesinin şəffaf və qanunlar çərçivəsində sənədləşdirilməsi, üçüncüsü isə, ictimai nəzarət və şəffaflıq. Bu üçüncü prinsipə kütləvi informasiya vasitələri, ayrı-ayrı qeyri-hökumət təşkilatları, seçkiyə cəlb olunmuş namizədlərin vəkilləri, yerli və xarici müşahidəçilər daxildir." Ə.Həsənov birinci prinsipə aydınlıq gətirərək bildirdi ki, hər bir ölkənin vətəndaşı azad şəkildə seçkinin bütün mərhələlərində iştirak edir və sonucu mərhələdə öz səsini verir. Onun sözlərinə görə, hər bir vətəndaş siyasi mənsubiyyətindən, harada yaşamasından, millətindən, sosial vəziyyətindən asılı olmayaraq istədiyi namizədə sərbəst şəkildə səs verə bilər. Bu gün Azərbaycanda bu proses tam şəkildə hökm sürür. Bir faktı da qeyd etmək lazımdır ki, ölkəmizdə keçirilən istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində namizədlərə eyni şərait və eyni hüquq verilir: "Lakin müxalifət bu qanunlara əməl etməyərək istədikləri yerdə piket və mitinq keçirməyi tələb edirlər. Lakin bu kəslər bilmədilər ki, hüquqi dövlət, hüquqi çərçivə qanunlar səviyyəsində olmalıdır. Demokratiyanın da əsas vəzifəsi insan hüquqları arasında balans yaratmaqdır. Beləliklə də, demokratik seçkinin birinci təməl prinsipi vətəndaşların azad şəkildə seçib-seçilmək hüququnun reallaşdırılmasıdır." İkinci prinsip haqqında məlumat verən Ə.Həsənov seçki günü insanların sərbəst şəkildə öz fikirlərini ifadə etməsinə yaradılan şəraitin olduğunu dedi. Demokratik seçkilərin üçüncü əsas prinsipin şəffaflıqdan ibarət olduğunu bildirdi: "Seçkiqabağı təşviqatınin aparılmasında KİV-lərin rolu böyükdür. Çünki seçkiləri müşahidə edən bütün qurumların içərisində KİV tərəfsiz qurumdur". Ə.Həsənov onu da vurğuladı ki, yerli və beynəlxalq müşahidəçilər kimlərinsə maraqlarını ifadə edə bilər, lakin KİV-lər ümumilikdə bütün xalqın marağını ifadə edir: "KİV yeganə seçki müşahidəçisidir ki, heç yerdə qeydiyyata düşmədən, vəsiqə almadan seçki prosesinə mane olmamaq şərti ilə seçkiləri izləyə bilər", - deyə Ə.Həsənov bildirdi.

Digər xəbərlər