PDF Oxu

Əsas

  • 8

Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

Dünən "Səs" qəzetinin redaksiyasında 15 sentyabr Bakının işğaldan azad olunmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrokaspi diktaturası"ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən 91 il ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq zəruri məqamlardandır.
"Səs" qəzetinin təşkil etdiyi dəyirmi masaya ənənəvi olaraq respublikanın tanınmış siyasi xadimləri, politolqları, ziyalıları, o cümlədən, millət vəkili, politoloq Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Musa Quliyev, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Asif Rüstəmli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini, dosent Elman Nəsirov, ADPU-nun dosenti Nazir Əsədov, ETM "Təfəkkür" Universitetinin professoru, ekspert Cümşüd Nuriyev, tarix elmləri namizədi Nəsiman Yaqublu iştirak edirdilər.

"Səs" qəzetinin əməkdaşı:

- Bildiyiniz kimi, 2007-ci ilin avqust ayından, mütəmadi olaraq, "Səs" qəzeti cəmiyyətdə maraq doğuran məsələlərlə bağlı dəyirmi massalar keçirir, Milli Məclisin deputatlarının, politoloqların, siyasi xadimlərin, elm adamlarının iştirakı ilə bəzi mövcud hadisələrə bağlı müzakirələr aparılır. Növbəti dəyirmi masamız isə 15 sentyabr Bakının daşnaklardan azad edilməsi gününə həsr olunub. Bu da, ondan irəli gəlir ki, müasir həyatımız üçün qeyd olunan mövzu aktuallıq kəsb edir. Hadisə ilə bağlı aparılacaq müzakirələr, müəyyən fikir mübadilələri, təbii ki, yeni faktların ortaya çıxmasına səbəb ola bilər. Onu da qeyd edək ki, 15 sentyabr hadisəsi ilə geniş məlumat yayılmayıb və ümid edirik ki, qloballaşan dünyamızda müxtəlif ölkələrin Azərbaycana olan marağı bizim bugünkü dəyirmi masada müzakirəyə çıxarılan məsələlərdən qaynaqlanıb, tarixi reallıqlarla tanış ola bilərlər. İlk olaraq, belə bir sualla müraciət etmək istərdim ki, 15 sentyabr hadisəsinə qədər Azərbaycanda ictimai-siyasi vəziyyət necə təhlil olunur? Hansı səbəblər Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinə şərait yaratdı?

RUS İMPERİYASI DÜNYANIN ƏN GÜCLÜ, ƏNƏNƏVİ İMPERİYALARINDAN BİRİ İDİ

Aydın Mirzəzadə:

- Suala aydınlıq gətirməzdən əvvəl, ilk olaraq, onu vurğulamaq istərdim ki, "Səs" qəzeti hər həftənin çərşənbə günü müxtəlif mövzular ətrafında dəyirmi masalar təşkil edir. Bu, mətbuatı izləyən oxucular tərəfindən böyük maraqla qarşılanır və xoş ənənənin bundan sonra davam etdirilməsini arzulayıram. Bildiyiniz kimi, 15 sentyabr hadisəsi tariximizin əsas səhifələrindən birini təşkil edir. Bu gün ictimaiyyətin, xüsusilə də, yetişən nəslin hadisə ilə məlumatlandırılması vacib məsələlərdən hesab olunur. Təbii ki, söhbət tariximizin dönüş nöqtəsindən gedir. Söhbət dünyada ən güclü imperiyalardan birinin çökməsindən və çökməsi zamanı gedən proseslərdən bəhs edir. Rus imperiyası dünyanın ən güclü, ənənəvi imperiyalarından biri idi. Təbii ki, bunun da nə vaxtsa çökmə vaxtı yaxınlaşmalı idi. 1917-ci il inqilabı onu müxtəlif parçalara ayırdı. Aydındır ki, vaxtilə mövcud olan Azərbaycan xanlıqları Rusiya imperiyası parçalandıqdan sonra müstəqil bir dövlətin yaranmasına gətirib çıxarmalı idi. Düzdür, həmin illərdə Azərbaycan ziyalılarının idarəetmə orqanlarına, hərbiyə, xüsusi xidmət orqanlarına buraxılmaması məqsədli şəkildə Azərbaycan torpaqlarında müxtəlif millətlərin yerləşdirilməsi və onlara üstünlük verilməsi 1917-1918-ci illərdə yeni yaranan Azərbaycan üçün bir sıra problemlər yaratdı. Bu problemlərdən biri də o idi ki, torpaqlarda qeyri-millətlər, xüsusilə də, Rusiyanın maraqlarını qoruyan ermənilərin yerləşdirilməsi idi. 1918-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, onun bütün ərazisinə nəzarət etmək üçün fəaliyyəti kifayət qədər uğurlu hesab oluna bilməzdi. Hakimiyyət orqanları yeni-yeni formalaşmağa başlayırdı. İdarəetmə orqanları üçün kadrlar yetişdirilirdi. Bununla yanaşı, Azərbaycan beynəlxalq aləmdə öz maraqlarına nail olmalı idi. Bu baxımdan Azərbaycan milli hökumətinin apardığı fəaliyyət təqdirəlayiq idi. Amma etiraf edək ki, istədiyimiz nəticələrin əldə olunmasına nail deyildik. Şübhəsiz ki, 1918-ci il 15 sentyabr hadisəsi, yəni Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsi, azərbaycanlaşma prosesi olmasaydı da, Azərbaycanın ərazisi milli hökumət tərəfindən tam nəzarətə götürüləcəkdi. Təbii ki, bunun üçün müəyyən zaman tələb olunurdu. Qeyd olunan hadisə mövcud prosesləri sürətləndirdi. Bu yaşanılan tarix Azərbaycan dövlətinin beynəlxalq aləmdə, dünyada tanınmasına səbəb oldu. Onu da deyim ki, həmin zamandan Azərbaycanın yeni tarixi səhifəsi açıldı. Həmin illərə qədər Azərbaycanla Türkiyə arasında müəyyən bir münaqişə olurdusa, bu hal artıq müttəfiqliyə keçdi. Bu birgə fəaliyyət sonralar Azərbaycan türk birliyinə çevrildi. 1991-ci ildən isə Azərbaycan müstəqillik qazandıqdan sonra bu müttəfiqliklə nəticələndi. Azərbaycanda sovet hökuməti qurulduqdan, imperiya öz sütunlarını ölkəmizdə yaratdıqdan sonra Azərbaycan ziyalılarını pantürkist olmalarında ittiham edirdilər. Bu da, ondan irəli gəlirdi ki, artıq Azərbaycanla-türk xalqlarının birliyi həmin illərdə artıq baş tutmuşdur. Bu adi bir tarixi hadisə deyil, tarixə çevrilmiş nöqtəsi idi. Azərbaycanla türk xalqlarının birliyə başladığı bir nöqtə idi. Təbii ki, bununla bağlı Azərbaycan ictimaiyyətinə vaxtaşırı olaraq məlumat vermək əsas məsələlərdən biridir.

BAKININ İŞĞALDAN AZAD OLUNMASI TÜRKİYƏNİN AZƏRBAYCANA VERƏ BİLƏCƏYİ ƏN BÖYÜK TÖHFƏ İDİ

"Səs" qəzetinin əməkdaşı:

- Cümşüd müəllim, 15 sentyabr hadisəsindən əvvəlki dövrə qədər, yəni azərbaycanlıların kütləvi qırğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülmüşdür?

- Bildiyiniz kimi, həmin dövr Birinci Dünya müharibəsinin başa çatdığı bir zaman idi. İki imperiya, demək olar ki, eyni bir zamanda çökürdü. Bir tərəfdən Osmanlı imperiyasının, digər tərəfdən isə Rusiya imperiyasının sonu yaxınlaşırdı. Avropada islam dünyasına qarşı bir sıxıntı var idi. 1828-ci ildən sonra müstəqilliyini əldə etmiş Azərbaycan ciddi sınaq qarşısında idi. Bakıda, eləcə də, Azərbaycanın müxtəlif bölgələrində baş verən məlum qırğınlardan sonra xalqda bir inamsızlıq hissi baş qaldırmışdı. Belə bir şəraitdə 1859-cu ildən sonra paytaxt olan Bakı yenidən mərkəz olmaq şansını qazanmalı idi. Bu şansın əldə olunması üçün türk islam ordusunun xidməti böyük oldu. Avqustun 26-dan sentyabrın 14-nə qədər davam edən proseslər Şərqdə ilk demokratik dövlətin formalaşmasına, möhkəmlənməsinə xidmət göstərdi. Bunun üçün Azərbaycan Türkiyəyə öz minnətdarlığını bildirməli idi.
Tarixi dəlillərə istinadən deyim ki, 1919-cu ilin yanvar ayında Qafqaz İslam Ordusu Bakını tərk etdikdən sonra ingilis ordusu buraya daxil oldu. İngilislərin təkcə Bakıda deyil, Naxçıvanda törətdiyi məsələlər də tarixdən bizə məlumdur. Mövcud olan reallıqların əsasında Azərbaycanın dağılma təhlükəsi var idi. Paytaxtın işğaldan azad olunması və Azərbaycan hökumətinin rəhbərliyinin Bakıya qayıtması istər-istəməz Azərbaycanın bir dövlət kimi özünə inamı ilə bərabər, onun dövlət kimi siyasi müstəqilliyini əldə etməsinə səbəb oldu. Ermənilərin Azərbaycanda törətdiyi təcavüzlərlə bağlı tədqiqatçı alimlərimiz kifayət qədər materiallar əldə ediblər. Lakin bunlar hələ də azdır. Hazırda bu tarixi hadisələri əks etdirən kitab hazırlanır. Həmin kitaba ermənilərin 1918-ci ildə Azərbaycanda təxminən 200 minə qədər insanı qırmaları ilə bağlı sənədlər daxil olunacaq. Əldə etdiyimiz materiallar etiraf edim ki, heç biri Azərbaycanın tarixçiləri tərəfindən çap olunmayıb. Bu sənədlərin əsası ondan ibarətdir ki, İrəvan quberniyasında, Naxçıvanda, Borçalıda olan kəndlərin hər birində öldürülən insanların siyahısını əldə etmişik. Hansı kənddə erməniləri kimlər öldürüb, hansı qadını zorlayıb, kimləri oğurlayıb və bizlərə məxsus olan nələri çalıb-çapıb aparıblar. Həmin sənədlər Moskva və İstanbul arxivlərindən əldə olunub. Bu sənədlərin hər biri bizlərdən gizlədilirdi. İndi həmin sənədlər bir növ alver subyektinə çevrilib. Yəni onların hər biri pulla alınıb. Yaxın bir ay ərzində ermənilərin ancaq saxtalaşdırdığı 40-a yaxın sənəd Azərbaycan oxucularına çatdırılacaqdır. Qeyd olunan sənədlərin birində göstərilirdi ki, Azərbaycanla bağlı Erənistanın xarici işlər naziri Moskvaya belə bir teleqram göndərir ki, Ağdaş və Qəbələ ərazisində azərbaycanlılar erməniləri soyqırıma məruz qoyublar. Xatırladaq ki, soyqırım məsələsi 1943-cü ildə siyasi politologiyaya gətirilib. Bu, fakt onu göstərir ki, onlar tarixi sənədləri də saxtalaşdırırlar. Yeri gəlmişkən, bir faktı da diqqətinizə çatdırım ki, Azərbaycanın ictimia-siyasi xadimlərindən olan Nəriman Nərimanovla bağlı yeni sənədlər əldə olunub. Nəriman Nərimanovun fəaliyyəti ilə bağlı, yəni Azərbaycanın müstəqilliyi ilə yolunda apardığı mübarizə bizə lazımi bir şəkildə təqdim olunmayıb. İndiyə qədər onun ətrafında dolaşan müəmmalı fikirlərin olması bizə lazımi səviyyədə kimliyini təqdim edə bilməmişdir. Belə bir iddia irəli sürülürdü ki, guya Nəriman Nərimanov Rusiyanı qəbul edirmiş. Halbuki Nəriman Nərimanov uzun müddət Rusiya nümayəndə heyətini qəbul etməyib. Onlar İrana gedərək Nəriman Nərimanovun əleyhinə məktublar göndəriblər. Aşkarlanan sənədlərdən məlum olub ki, Nəriman Nərimanov heç bir sənədə imza atmayıb. Nəriman Nərimanovun Bakının işğaldan azad olunması və onun sonradan qorunmasında da rolu olub. Türkiyə ilə münasibətlərin qurulmasında da Nəriman Nərimanovun rolu müstəsnadır. Bu və ya digər məsələlərin sonunda Bakının işğaldan azad olunması, Türkiyənin Azərbaycana verə biləcəyi ən böyük töhfə idi. Mən bunu tarixi və siyasi cəhətdən bu şəkildə qiymətləndirirəm.

AVROPA DÖVLƏTLƏRİNİN QAFQAZIN, XÜSUSİLƏ DƏ, AZƏRBAYCANIN NEFTİ UĞRUNDA MÜBARİZƏYƏ QOŞULDUĞU PROSES GEDİRDİ

Nazir Əsədov:

- Bakının işğalından azad olunması ilə bağlı çıxış edənlərin hər biri dolğun və faktlar əsasında kifayət qədər söz açdılar. Bakının işğaldan azad olunması məsələsinə aydınlıq gətirdikdə ilk növbədə, qeyd etməliyik ki, əslində, Azərbaycanın taleyi həll olunurdu. Birinci Dünya müharibəsi illərində həm Rusiya, həm Türkiyə siyasi cəhətdən sarsılmışdır. Avropa dövlətlərinin Qafqazın, xüsusilə də, Azərbaycanın nefti uğrunda mübarizəyə qoşulduğu bir proses gedirdi. Birinci Dünya müharibəsi dövründə də bu, həm Antanta dövlətləri, həm də Üçlər İttifaqının planında Bakının işğal etmək məsələsi qarşıda dayanırdı. Oktyabr inqilabından sonra Çar Rusiyasının hərbi qüvvələri həm Qafqaz cəbhəsində, həm də Qərb cəbhəsində vuruşurdular. Hər iki cəbhədə orduda fərarilik baş verirdi. Xüsusilə də, Qafqaz cəbhəsində 1917-ci il dekabr ayından sonra, demək olar ki, rus ordusu Qafqaz cəbhəsində tamamilə zəifləyir. Bunu deməkdə məqsədim odur ki, burada Türkiyənin də marağı var idi. Çünki Qara dənizin sahilləri olan Qars, Ərdəhan, Batumi vaxtilə 1877-ci il müharibəsində Rusiya tərəfindən alınmışdır. Bunların hər biri tarixi türk torpaqları idi. 40 ilə qədər həmin ərazilər Rusiyanın tabeliyində idi. Türkiyənin özünün də marağı var idi ki, həmin ərazilərə sahib çıxsın. Onu da nəzərə çatdıraq ki, həmin illərdə Türkiyə kəşfiyyatı da zəif idi. O, Qafqaz cəbhəsində hansı proseslərin baş verdiyindən, ordunun boşalmasından xəbərsiz idi. Belə bir proses də gedirdi ki, rus ordusu ərazidən çıxarıldıqdan sonra silah ermənilərə verilirdi. Artıq ermənilərin türklərə qarşı mübarizəsi tamamilə başqa məna daşıyırdı. Bilirik ki, tarixən ermənilər başqa dövlətlərə arxalanaraq, yaltaqlıq göstərib, "böyük Ermənistan" yaratmaq xülyasında olmuşlar. Bu fikir XIX əsrdən başlayır. Ümidləri puç olduğundan Rusiya üzərində dayanmışdılar. Çar Rusiyası da məğlub olduqdan sonra ermənilər özlərinə yeni bir himayəçi axtarmağa başlayır. Artıq ermənilər bir neçə istiqamətdə iş aparırdılar. Həm bolşeviklərlə yaxınlaşır, həm ingilislərə əlaqə saxlayır, həm də almanlara tərəf yön alırdılar. Həmin illərdə, bax, belə bir proses gedirdi. Nəticədə, 1918-ci il mart ayında Brest Litovsk sülhü bağlanıldı. Brest Litovsk Rusiya ilə Almaniya arasında imzalanmış sülh müqaviləsi idi. Türkiyə Almaniyanın müttəfiqi idi. Ona görə də, ərazilərin bölgüsündə Türkiyəyə də pay verildi. Bu pay onun özünün torpaqlarının - Qars, Ərdəhan, Batuminin qaytarılması idi. Onu da qeyd edim ki, adlarını qeyd etdiyimiz torpaqlara gürcülər də iddialı idi. Qars, Ərdəhana ermənilər, Batumiyə isə gürcülər maraq göstərirdilər. Belə bir mövcud vəziyyətdə Qafqazda nə baş verdi? Çar hökumətinin tərkibində olan bir sıra xalqlar özlərini taleyini həll etməyə çalışırdılar. Tarixdən məlumdur ki, 1917-ci ilin oktyabr ayında Rusiya xalqların hüquq bəyannaməsini elan etdi ki, bunun da əsasında hər bir xalqa özünün müstəqil bir şəkildə taleyini müəyyən etmək hüququ verildi. Buna istinad edərək, xalqlar azad olmaq istəyirdilər. Bildiyimiz kimi, Rusiyada müvəqqəti hökumət sıradan çıxmışdı. Qafqazda hakimiyyətsizlik hökm sürürdü. Nəticədə Qafqaz xalqları - ermənilərlə gürcülər Zaqafqaziya komitəsini yaratmağa müvəffəq oldular. Bütün qüvvələrini birləşdirməyə nail olurlar.

(ardı var)

Digər xəbərlər