Dairə Seçki Komissiyaları üçün təşkil edilmiş kurslar davam edir
Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Dairə Seçki Komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etməkdədir. Dünən kursların ikinci günü MSK-nın katibi Natiq Məmmədov "Yerli özünüidarəetmə- bələdiyyə seçkilərinin qaydaları, nəticələrin müəyyən edilməsi, seçkilərin yekunlarının dərci" mövzusunda çıxış etdi.
N.Məmmədov bildirib ki, ötən il də bu cür kurslar təşkil edilmiş və bu kurslardan sonra yaranmış dəyişiklik açıq-aydın hiss olunurdu: "İnsanların seçkilərə artıq etimadı artır. Bu kursların keçirilməsində əsas məqsəd seçki prosesinin təkmilləşdirilməsi, təşkilatçıların öz işlərinin öhdəsindən uğurla, layiqincə gəlməsidir".
"Hər hansı seçki təşkilatçısının seçki ilə bağlı problem yaratmaq haqqı yoxdur", - deyən MSK katibi N.Məmmədov bu kursların əhəmiyyətini bir daha vurğuladı. Onun sözlərinə görə, Azərbaycanda artıq bələdiyyə seçkiləri təcrübəsi var və bələdiyyə seçkiləri ən çətin seçki proseslərindən biridir. Bələdiyyələrin sayının 1000-ə yaxın azalması səbəbindən builki seçkilər bir az fərqli şəkildə təşkil olunub.
N.Məmmədov tədbirdə iştirak edən DSK sədrlərinə onu da çatdırdı ki, kursların sonunda onlara namizədləri qeydə almaq üçün zəruri sənədlər, seçkilərin aparılması üçün təlimatlar veriləcək və nəticədə onlar artıq seçkilərə hazırlıqlı şəkildə qayıdacaqlar.
Daha sonra MSK katibi DSK sədrlərini bələdiyyə seçkilərinin qaydaları, nəticələrin müəyyənləşdirilməsi ilə bağlı digər məlumatlarla da məlumatlandırdı.
N.Məmmədov DSK-ların fəaliyyətinin təşkili qaydalarındakı yeniliklər haqqında da ətraflı məlumat verdi, seçkilərin keçirilməsində keyfiyyət artımının qeydə alındığını bildirdi. Qarşıdakı bələdiyyə seçkilərinin təşkili üçün yeni toplunun nəşr olunduğu diqqətə çatdıran MSK katibi seçki qaydalarında baş verən dəyişiklərin və yeni təlimatların topluda tam əks olunduğunu vurğuladı.
Xatırladaq ki, DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra sentyabrın 23-dən 25-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaq.
Qeyd edək ki, DSK sədrləri üçün başlanan bu kurslar sentyabrın 12-nə kimi davam edəcək.