“Dövlət Sərhəd Xidməti Xəzərdə genişmiqyaslı təlimlər keçirəcək”
Azərbaycanın Sərhəd Mühafizəsində aparılan islahatlar həm Azərbaycanın, həm də qonşu ölkələrin mərbuatında geniş müzakirə olunur. Ölkəmizin dəniz sərhədlərinin qorunması, bu sahədə müasir texniki qurğulardan istifadə və peşəkar kadrların yetişdirilməsi Azərbaycanın hərbi qüdrətini artırmaqla yanaşı, Xəzərdə ölkəmizin təhlükəsizliyi üçün çox böyük önəm daşıyır.
Son illər ərzində Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçərək sərhəd təhlükəsizliyinin təminatı sahəsində hər bir vəzifəni yerinə yetirməyə imkan verən ciddi potensial əldə edib. Bu inkişafın əsasında da dahi öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan sərhəd mühafizəsi strategiyası, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu strategiyanın genişləndirilməsi və uğurla həyata keçirilməsi durur.
Prezidentin 27 dekabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin 2006-2010-cu illərdə texniki inkişafına dair" Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində qısa müddətdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin sözlərinə görə, bütün sərhəd xətti boyu müasir tələblərə tam cavab verən sərhəd bölmələri sistemi yaradılıb, müasir silahlarla təchiz olunub, sərhəd aviasiyası formalaşdırılıb, radiolokasiya sistemlərinin, müasir müşahidə və aşkaretmə vasitələrinin tətbiqi təmin olunub.
"Dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsi gücləndirilib, DSX-nın Akademiyası fəaliyyətə başlayıb. Dövlət sərhədinin fiziki yolla mühafizəsindən əməliyyat və texniki yolla mühafizəsinə keçid istiqamətində mühüm addımlar atılıb, sərhəd nəzarəti məntəqələri və sərhəd gözətçi gəmiləri tam peşəkar heyətlə komplektləşdirilib" deyə komandan bildirib.
Bir neçə gün öncə Ali Baş Komandan İlham Əliyevin Bakı şəhərində inşa olunmuş "Sərhədçi" İdman Olimpiya Mərkəzinin açılış mərasimində iştirak etdiyini vurğulayan E.Quliyev qeyd edib ki, şəxsi heyət qarşısında çıxışı zamanı Prezident Azərbaycan Sərhəd Mühafizəsinin vəziyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Ali Baş Komandan tərəfindən verilmiş bu yüksək qiymət hər bir sərhədçi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb və Azərbaycan Sərhəd Mühafizəsini yeni nailiyyətlərin əldə olunmasına istiqamətləndirib.
Azərbaycanın dövlət sərhədlərində və sərhədlərimizin yaxınlığındakı əməliyyat şəraitinə toxunan xidmət rəisi bildirib ki, dövlət sərhədlərimizdə vəziyyət sabitdir və dövlət sərhədlərimizin yaxınlığında cərəyan edən hadisələr, onların inkişafı daim izlənilir və xidmətin təşkilində mütləq qaydada nəzərə alınır.
Komandan vurğulayıb ki, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində təhlükəsizliyin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun mühafizəsi sahəsində Dövlət Sərhəd Xidmətinə vəzifələr həvalə olunub.
"Qeyd edilən vəzifələrin icrasına tərəfimizdən xüsusi əhəmiyyət verilir. 2005-ci ildə dövlət başçısının qərarı ilə Dövlət Sərhəd Xidmətinin tərkibində Sahil Mühafizəsi yaradılıb. "Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin 2006-2010-cu illərdə texniki inkişafına dair" Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası inşa olunub.
Ötən il noyabrın 8-də Sahil Mühafizəsi bazasının açılış mərasimində iştirak edən Ali Baş Komandan burada xidməti şəraitlə tanış olub, Dövlət Sərhəd Xidmətinə əlavə üzmə vasitələrinin ayrılması, xüsusi tapşırıqların yerinə yetirilməsi üçün digər imkanların yaradılması, sərhəd gözətçi gəmilərinin və texniki müşahidə məntəqələrinin texniki təchizatının gücləndirilməsi, aşkaretmə imkanlarının artırılması üçün xüsusi tapşırıqlar qoyub"-deyə E.Quliyev bildirib.
O, əlavə edib ki, bu tapşırıqların icrası üzrə sərhəd gözətçi gəmiləri müasir radiolokasiya sistemləri və silahlarla təchiz olunub, onların manevr imkanları genişləndirilib. Yaxın günlərdə isə, Dövlət Sərhəd Xidmətinə tam texniki təminatlı, ağır hava şəraitində xüsusi tapşırıqları yerinə yetirə biləcək bir neçə gəminin verilməsi də nəzərdə tutulur.
DSX rəisi qeyd edib ki, dənizçi sərhədçilərin peşəkarlığının artırılması, həmçinin, sərhəd bölmələri arasında qarşılıqlı əlaqələrin işlənilməsi məqsədi ilə "Sahilə, adalara, neft-qaz ixrac boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda xidməti döyüş hərəkətləri və dənizdə xilasetmə işlərinin aparılması" mövzusunda hər il keçirilən taktiki təlimlər də mühüm əhəmiyyət kəsb edir.
"Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq sentyabr ayında DSX tərəfindən genişmiqyaslı təlimlərin keçirilməsi nəzərdə tutulur. Bütün bu nailiyyətlərimiz sərhəd mühafizəsi məsələlərinə dövləti qayğının nəticəsidir. Məhz bu qayğı sayəsində artıq bu gün DSX-nin Sahil Mühafizəsi dənizdə dövləti maraqlarımızın qorunması və təhlükəsizliyin təmin edilməsi üçün müasir və mükəmməl infrastruktura malikdir. Bu işlər sözsüz ki, gələcəkdə də davam etdiriləcək"-deyə o, qeyd edib.
Həmsərhəd ölkələrlə sərhəd əməkdaşlığı münasibətlərinin dinamik inkişafını xüsusi vurğulaya Sərhəd Qoşunları Komandanının sözlərinə görə, quru sərhədlərində Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə sərhəd nümayəndələri xəttində dəyərli qarşılıqlı əlaqələr yaradılıb və inkişaf etdirilib. Onun szölərinə görə, Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası sahəsində mühüm nailiyyətlər əldə olunub. Ümumi sərhəd xəttinin əhəmiyyətli hissəsinin razılaşdırılmasına nail olunub.
"Dəniz istiqamətində Rusiya, Qazaxıstan, Türkmənistan və İranın sərhəd xidmətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf edir. Son illər ərzində Rusiya və Qazaxıstanın sərhəd xidmətləri ilə dənizdə birgə təlimlər təşkil olunub. Bütün Xəzər hövzəsi dövlətlərinin sərhəd xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib"-deyə komandan bildirib.
E.Quliyev əlavə edib ki, Bakıda Azərbaycan-Rusiya-Qazaxıstan, Azərbaycan-Rusiya-İran formatında üçtərəfli işçi görüşləri təşkil olunub. Bu görüşlərdə Xəzər dənizində təhlükəsizliyin vəziyyəti və onun gələcək inkişaf tendensiyaları müzakirə edilib. Növbəti işçi görüşünə Qazaxıstan və Türkmənistan sərhəd xidmətləri rəhbərlərinin dəvət olunması və bu görüşlərin beştərəfli formatda təşkil edilməsi barədə razılıq əldə olunub.