PDF Oxu

Əsas

  • 11

Ərdoğan öz sözünün üstündə durmadı

Ərdoğan öz sözünün üstündə durmadı
Türkiyə - Ermənistan sərhədlərinin açılması artıq bir neçə gündür ki, Türkiyə və Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Bu məsələnin hər iki ictimaiyyət tərəfindən etiraz və narahatlıqla qarşılandığı da məlumdur. Belə ki, sərhədlərin açılması iki qardaş ölkə arasında məlum narazıçılıqlara gətirib çıxaracağı şübhə doğurmur. Çünki Türkiyə hər hansı bir ölkə ilə deyil, məhz Azərbaycan dövlətinin ərazilərini işğal etmiş bir dövlətlə illərdən bəri kəsdiyi əlaqələri yenidən qurmaq istəyir. Burada isə əsas günahkar kimi Türkiyənin hazırkı hakimiyyətini hesab etmək olar. Məhz onun yeritdiyi siyasət nəticəsində iki dost, qardaş ölkə arasında narazılıq və düşmənlik toxumu səpilməkdədir.
AKP hökumətinin işğalçı erməni dövlətilə münasibətləri normallaşdırmaq barədə bir müddət öncə gəstərdiyi səylər də Azərbaycan tərəfindən böyük narazılıqla qarşılandı. Bir neçə ay bundan öncə, ölkə rəhbərliyi səviyyəsində Türkiyənin bu addımına qarşı etiraz bildirildikdən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələrək Azərbaycan torpaqlarının işğaldan azad edilmədən, Dağlıq Qarabağ münaqişəsi öz düzgün həllini tapmadan münasibətlərin normallaşdırılmayacağını, sərhədlərin açılmayacağını açıq şəkildə bəyan etmişdi. O, bunu istər Prezident İlham Əliyevlə görüşündə, istərsə də, Milli Məclisdə çıxışı zamanı bildirmişdi. Lakin bu bəyanatların verilməsindən çox qısa bir müddət keçməsinə baxmayaraq, Türkiyə dövləti öz mövqeyində dəyişiklik etdi. Bir sözlə, R.T.Ərdoğan öz sözünün üstündə durmadı.
Onun belə bir addım atmasının isə nəinki öz imicinə, həm də Türkiyə hökumətinin dünya ölkələri arasındakı imicinə xələl gətirir desək, yanılmarıq. Əlbəttə, biz yaxşı başa düşürük ki, Türkiyə - Ermənistan sərhədlərinin açıqlamasını Türkiyə xalqı deyil, Ərdoğanın başçılıq etdiyi Türkiyə hökuməti istəyir. Bunun arxasında isə hansı məqsədələrin dayandığını güman etmək çətin deyil. Bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında gedən Türkiyənin hər hansı bir dövlətlə münaqişəli vəziyyətdə olması onun beynəlxalq imicinə xələl gətirir. Dünya dövlətləri tərəfindən ona edilən təzyiqlər də burada rol oynamaya bilməz. Türkiyəyə qarşı edilən təzyiqlərin öz bəhrəsini verməsi bu dövlətləri də sevindirib. Hətta onlar iki dövlət arasında İsveçrə vasitəsilə aparılacaq danışıqları da alqışladıqlarını dərhal bildiriblər. Əldə olunan razılaşma münasibətilə Fransa, ABŞ kimi dövlətlər Türkiyəni təbrik də ediblər.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından Ermənistanın əldə edəcəyi üstünlüklər məlumdur. Hazırda yaşamaq üçün heç bir şansı olmayan Ermənistan dövləti bununla yenidən dirçələ, öz iqtisadi durumunu xeyli yaxşılaşdıra bilər. Lakin Türkiyənin faktiki olaraq bu razılaşmadan əldə edəcəyi heç bir üstünlükdən danışmaq olmaz. Onun regionda sülh və təhlükəsizliyə nail olmaq cəhdləri heç bir nəticə verməyəcək. Əgər Ərdoğan Türkiyə - Ermənistan sərhədlərini açmaqla regionda sülh və qarşılıqlı əməkdaşlıq platformasını həyata keçirmək istəyirsə, çox yanılır. Çünki bu sərhədlər onun qoyduğu Dağlıq Qarabağın azad edilməsi şərtilə deyil, Sarkisyanın dediyi kimi heç bir ilkin şərt olmadan açılır. Yuxarıda qeyd etdiyimiz kimi, burada da Ərdoğanın öz sözünün üstündə durmadığının bir daha şahidi oluruq. Bundan başqa, Türkiyə hökuməti Azərbaycanla olan iqtisadi, siyasi, mədəni, elm və təhsil sahəsində əlaqələrin də zəifləyəcəyini göz önünə almalıdır.
Əlbəttə, Ərdoğan son çıxışları zamanı öz hərəkətlərinə haqq qazandırmaq üçün əldə olunan iki protokolun öncəliklə iki ölkə parlamentlərinin müzakirəsinə təqdim olunacağını və əgər təsdiq olunarsa, həyata keçiriləcəyini bildirir. Lakin burada protokolların təsdiq olunmaması ehtimalı da azdır. Çünki əldə olunan razılaşma hazırda hakimiyyətdə olan hökumət başçıları tərəfindən təsdiq olunub və onların başçılıq etdiyi hökumətin də bunu təsdiq etməyəcəyi gözlənilmir.
Ərdoğanın yeritdiyi siyasətdən danışarkən, bir məqama da diqqət yetirmək yerinə düşərdi. Son günlərdə Türkiyə baş nazirinə Nobel mükafatının təqdim olunacağı ilə bağlı məlumatlar da yayılmaqdadır. Onun bu mükafata layiq görülməsinin əsas səbəbi kimi isə Ermənistanla sərhədləri açması, iki ölkə arasında düşmənçiliyə son qoyması istiqamətində apardığı siyasət göstərilir. Bəlkə Ərdoğan Nobel eşqinə düşüb?

Digər xəbərlər